EN

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası Qərar

№ 3-27/3-7-7/2025

 Bakı şəhəri                                            28 iyul 2025-ci il

 Telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında

 “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 sentyabr tarixli 767s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

qərara alır:

1. Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarının telefon (məftilli və simsiz) çəkilişi xidməti ilə bağlı tarif ƏDV daxil olmaqla 30,0 manat təsdiq edilsin. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə 100 metr məsafəyədək telekommunikasiya şəbəkəsinə qoşulma (yenidən qoşulma) ilə bağlı bütün xərclər daxildir.

2. Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) istifadəyə dair aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla əhali üçün 3,5 manat, qeyri-əhali üçün 7,0 manat təsdiq edilsin.

3. Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan hər bir faks aparatından ölkə daxilində istifadəyə görə aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla 0,50 manat təsdiq edilsin.

4. Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) həyata keçirilən şəhərlərarası (rayonlararası) telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0,03 manat təsdiq edilsin. Şənbə, bazar və bayram günləri bütün gün ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək bu tarifə 0,8 əmsalı tətbiq edilsin.

5. Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan taksofonlardan həyata keçirilən telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün şəhərdaxili (rayondaxili) istiqamətdə 0,02 manat, şəhərlərarası (rayonlararası) istiqamətdə 0,05 manat təsdiq edilsin.

6. Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sellülar (mobil) və sabit telefonlardan (məftilli, simsiz və taksofonlar) həyata keçirilən beynəlxalq telefon danışıqları ilə bağlı tarif bütün istiqamətlər üzrə ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0,50 manat təsdiq edilsin.

7. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nömrə daşınması üzrə mərkəzi baza sisteminin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sellülar (mobil) telefon telekommunikasiya operatorlarının telekommunikasiya şəbəkələrində istifadə etdikləri hər bir nömrəyə görə həyata keçirdikləri illik ödəniş ilə bağlı tarif ƏDV xaric 0,65 manat təsdiq edilsin.

8. Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit və sellülar (mobil) telefon telekommunikasiya operatorlarının telekommunikasiya şəbəkələrində telefon nömrələrinin aktivləşdirilməsi, sabit və sellülar (mobil) telefon nömrəsinin abunəçilərin adından üçüncü şəxslərin adına rəsmiləşdirilməsi, sellülar (mobil) telefon nömrəsinin dublikatının verilməsi, abunəçilərin müraciəti əsasında sabit və sellülar (mobil) telefon nömrəsinin ləğv edilməsi üzrə hər bir əməliyyat ilə bağlı tarif ƏDV xaric 0,30 manat təsdiq edilsin.

9. Bu Qərarın 1-8-ci hissələri ilə təsdiq edilən tariflər “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sellülar (mobil) və sabit telefon telekommunikasiya operatorlarına şamil olunur.

10. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

11. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Kollegiyanın sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

 

Chosen
69
11
xalqqazeti.az

10Sources