EN

Ölkə başçısının ABŞ səfəri Azərbaycan üçün hansı imkanlar açır? - MÜSAHİBƏ

 Prezident İlham Əliyevin ABŞ-a səfəri, Azərbaycan diplomatiyasında yeni mərhələnin başlanğıcı kimi yaddaşlara həkk olundu. Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşlər qarşılıqlı etimadın möhkəmlənməsinə, strateji əməkdaşlığın yeni formatda inkişafına və ölkəmizin beynəlxalq arenadakı mövqeyinin daha da güclənməsinə xidmət edir. Bu səfər, həm ikitərəfli münasibətlərin dərinləşməsi, həm də regional sabitlik proseslərində Azərbaycanın oynadığı mühüm rolun beynəlxalq miqyasda tanınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanın dünya siyasətində söz sahibi kimi çıxış etməsi təsadüfi deyil. Bu, illərlə aparılan ardıcıl və uzaqgörən siyasətin məntiqi nəticəsidir. ABŞ səfəri də məhz həmin siyasi iradənin növbəti parlaq təzahürüdür.
 
Moderator.az mövzunun əhəmiyyətini, səfərin diplomatik müstəvidə doğurduğu nəticələri və regional proseslərə təsirini daha dərindən təhlil etmək üçün Milli Məclisin deputatı Zaur Şükürovla həmsöhbət oldu.
 
 
– Zaur müəllim, Prezident İlham Əliyevin ABŞ-a səfərinin Azərbaycan–ABŞ münasibətlərində strateji əhəmiyyəti və region üçün verdiyi mesaj nədən ibarətdir?
 
– İlk növbədə qeyd edim ki, ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutan bu səfər həm Azərbaycan–Ermənistan normallaşma prosesinin irəliləməsi, həm də Azərbaycan–ABŞ əlaqələrinin gələcək inkişaf gündəliyinin müəyyənləşdirilməsi baxımından tarixi hadisədir.
 
Azərbaycan regionun əsas açar ölkələrindən biridir. Qlobal əhəmiyyətli Orta Dəhlizin üzərində əlverişli coğrafi mövqedə yerləşməyimiz, torpaqlarımızın işğaldan azad olunması ilə yaranan yeni geosiyasi reallıqlar və Prezident İlham Əliyevin sülh gündəliyi regionun inkişafında yeni mərhələnin başlanacağını göstərir.
 
Son 30 ildə Azərbaycan–ABŞ münasibətləri əsasən enerji və təhlükəsizlik sahələrində inkişaf edib. Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Əsrin müqaviləsi” bu əməkdaşlığın təməlini qoydu. Təhlükəsizlik sahəsində əməkdaşlıq isə 1992-ci ildə ABŞ Konqresinin qəbul etdiyi “Azadlığa Yardım Aktı”na əlavə edilmiş, erməni lobbisinin təsiri ilə qəbul olunmuş ədalətsiz “907-ci düzəliş” səbəbindən uzun müddət məhdud idi. 2001-ci ildən etibarən ABŞ prezidenti bu düzəlişin tətbiqini hər il dayandıraraq əməkdaşlığın inkişafına imkan verirdi. Təəssüf ki, Bayden Administrasiyası bu düzəlişi yenidən qüvvəyə mindirdi və münasibətlərdə gərginlik yaratdı.
 
Vaşinqton səfərinin nəticəsində enerji, nəqliyyat, ticarət, investisiya, texnologiya və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq imkanlarının açılması gözlənilir. SOCAR ilə ExxonMobil arasında imzalanan əməkdaşlıq memorandumu və strateji tərəfdaşlıq məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə razılığın əldə olunması səfərin uğur göstəricisidir. Bu addımlar Azərbaycanın ABŞ üçün mühüm enerji və nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da möhkəmləndirəcək.
 
– Vaşinqton danışıqlarından sonra Azərbaycanın xarici siyasət gündəliyi və regional liderlik mövqeyində hansı dəyişikliklər gözlənilir?
 
– Azərbaycan milli maraqları əsas götürən, müstəqil və prinsipial xarici siyasət yürüdür. Bu səfərdən sonra Azərbaycan–ABŞ əməkdaşlığının enerji, təhlükəsizlik, süni intellekt, texnologiya və logistika layihələri üzrə genişlənməsi ehtimal olunur. Bu, ölkəmizə siyasi və iqtisadi dividendlər qazandırmaqla yanaşı, regional liderliyimizi və beynəlxalq nüfuzumuzu artıracaq, qərb diplomatiyası istiqamətində mövqelərimizi gücləndirəcək.
 
– İqtisadi, enerji və texnoloji əməkdaşlıq baxımından hansı yeni platformalar formalaşa bilər?
 
– Bərpa olunan enerji, o cümlədən yaşıl enerji və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, ötürücülük qabiliyyətinin artırılması, minatəmizləmə, aqrotexnologiyalar, “Smart City/Smart Region” layihələri, rəqəmsal infrastruktur və süni intellekt sahələrində ABŞ-ın texnoloji şirkətləri ilə əməkdaşlıq mümkündür. 
 
– Səfərin Qarabağ sonrası regional təhlükəsizlik arxitekturasına təsirini necə qiymətləndirirsiniz?
 
– Azərbaycan yaratdığı yeni geosiyasi reallıqlar və beynəlxalq hüquqa əsaslanan fəaliyyəti ilə nüfuzlu dövlətə çevrilib. Azərbaycan və ABŞ liderlərinin praqmatik və prinsipial mövqeləri münasibətlərin yüksələn xətlə inkişafını təmin edə bilər.
 
Ermənistan uzun müddətdir öhdəliklərinə əməl etməyərək Zəngəzur dəhlizinin açılmasına mane olur. Vaşinqton görüşü bu istiqamətdə irəliləyişə ümid yaradır ki, bu da regional inkişaf, etimad quruculuğu, sülh və sabitlik üçün mühüm addım olacaq.
 
– Əliyev–Paşinyan görüşünün Vaşinqtonda, üstəlik, Trampın Putinə ultimatum verdiyi tarixlə üst-üstə düşməsi Sizcə sadəcə təsadüf, yoxsa məqsədli şəkildə seçilmiş diplomatik tarixdir?
 
– Nəzərə alsaq ki, ABŞ prezidentinin səlahiyyətli nümayəndəsinin Moskvaya səfəri və Rusiya Prezidenti ilə görüşündən sonra ABŞ və Rusiya liderlərinin mümkün görüşü barədə fikirlər səsləndirilir, mən Vaşinqton görüşü ilə Rusiya–ABŞ danışıqları arasında əlaqə olduğunu düşünmürəm. Eyni zamanda, unutmayaq ki, beynəlxalq əhəmiyyətli tədbirlərin planlaşdırılması və hazırlıq işləri müəyyən zaman tələb edir. Bu baxımdan, tarixlərin məqsədli şəkildə uzlaşdırılması texniki cəhətdən mümkün görünmür.
 
PƏRVİN ŞAKİRQIZI
Chosen
22
38
moderator.az

10Sources