EN

Prezidentin Vaşinqton zəfəri: İlham Əliyev fenomeni Azərbaycanı qalib etdi

II Dünya müharibəsindən sonra ötən 80 il ərzində bəşəriyyət müxtəlif müharibələrin və diplomatik mübarizənin şahidi olub. Və bu müharibələrdə/mübarizələrdə streotipləşmiş bir fraza var: müharibəni qazanan tərəf masada məğlub olur, yaxud qələbəni diplomatiya ilə rəsmiləşdirə bilmirlər;

Bu streotip Yaxın Şərqi bürüyən savaşların, Əfqanıstan “bataqlığının”, İraq, Ukrayna, Qəzza müharibələrinin və onlarla lokal/regional toqquşmaların nəticəsində yaranıb. Bəşəriyyət yalnız son 5 ildə - 2020-2025-ci illərdə müharibədə qalib olan Azərbaycanın sülh masasında da qazanması ilə bu streotipin qırılmasının şahidi oldu.

Və Prezident İlham Əliyev XXI əsrdə müharibədə və masada qazanan yeganə lider olaraq adını tarixə yazdırdı desək yanılmarıq. Əsrin fenomeni! İlham Əliyevin bəşəriyyət üçün yaratdığı presedenti belə adlandırmaq olar.

- Müharibə meydanında işğalçı ölkəni tam məğlubiyyətə uğratdı;
- Müharibənin qalib tərəfi olsa da, sülh danışıqlarını başlatdı, halbuki, dünya tarixi danışıqlarda adətən məğlub tərəflərin maraqlı olduğunu yazıb: Azərbaycan regionun sabitliyi və gələcəyi naminə sülh əlini uzadan tərəf kimi tarixə düşdü;

27 sentyabr 2020-ci il – 8 avqust 2025-ci il tarixlərindəki 5 illik müddətində İlham Əliyev cəbhədən masaya qədər uzanan qələbələrlə dünyanın hərb və siyasi tarixinə İMZA atdı.

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan kapitulyasiyaya məcbur edildi. Döyüş meydanında tam məğlubiyyətə uğrayan Ermənistan ümid edirdi ki, danışıqlar masasında müəyyən nəticələr əldə edə biləcək, yaxud Azərbaycanın müharibədəki qələbəsinin diplomatik müstəvidə rəsmiləşməsinə imkan verməyəcək. Bu prosesdə Ermənistanın həm regionda, həm regiondan kənarda kifayət qədər dəstəkçisi də vardı: Avropada Fransa başda olmaqla Azərbaycana qarşı çıxan cəbhə; ABŞ-da Ağ Ev və Kapitoli təpəsinin kulislərinə qədər sızan erməni diasporu/lobbisi; Ermənistanı “qırmızı xətti” elan edən İran; Qarabağda əsrlərdir davam edən separatizmi qorumağa çalışan Rusiya; Parisdən Dehliyə qədər uzanan marşrutda Ermənistana verilən silah yardımları və s;

Prezident İlham Əliyev strateji gedişləri ilə təkcə 44 günlük müharibədə məğlub olan Ermənistanı yox, onun havadarlarını da diplomatik masada darmadağın etdi. Vətən müharibəsindən sonra Azərbaycan liderinin həyata keçirdiyi diplomatiyanı beynəlxalq münasibətlər elminin yeni cərəyanı – müharibədə və masada qələbənin necə qazanıldığının tərifi hesab etmək olar.

Azərbaycan-Ermənistan sülh danışıqları iki istiqamətdə davam edirdi: Rusiya və Qərb masası; Və hər iki masadakı gündəlikdə Azərbaycanın maraqlarına cavab verməyən müəyyən fərqliliklər vardı.

- Rusiya masası: Moskva Zəngəzur dəhlizi və sərhədin delimitasiyasında Bakının istəklərinə adekvat davransa da, Qarabağda qalan erməni əhalisinin burada saxlanılmasına və əsrlərdir davam edən separatizm toxumlarının cücərdilməsinə çalışırdı;
- Qərb masası: Avropa İttifaqı və ABŞ-ın (Bayden-Blinken Administrasiyası) çətiri altında qurulan masanın gündəliyində Qarabağ məsələsi müəyyən qədər Azərbaycanın maraqlarına uyğun qəbul edilir, lakin Zəngəzur dəhlizinin – Naxçıvana maneəsiz keçidin açılmasına qeyri-adekvat mövqe sərgilənirdi, eyni zamanda, erməni diasporu\lobbisinin dəstəyi ilə erməni separatizminin müdafiəsi istiqamətində də addımlar atılırdı;

Azərbaycan üçün dilemmaya çevrilən bu mürəkkəb vəziyyətdən çıxmaq həqiqətən də çətin görünürdü. Və məhz burada İlham Əliyev fenomeni ön plana çıxır. Azərbaycan liderinin son 5 ildə həyata keçirdiyi strategiyanı Çörçilin II Dünya müharibəsindəki məşhur “Ağlasığımaz əməliyyatı”na bənzətmək olar: “Operation Unthinkable” əməliyyatının diplomatiyada tətbiq edilməsi;

Prezident İlham Əliyev 44 günlük müharibədən sonra “ağlasığımaz diplomatiyası” bir neçə istiqamətdə paralel şəkildə həyata keçirdi.

- Azərbaycan Rusiya və Qərb masasında təşkil olunan diplomatik danışıqlarda paralel şəkildə yer aldı və hər iki masada üstünlüyün Ermənistana keçməsinə imkan verilmədi;
- 2022-ci ilin əvvəlində Azərbaycan sülh sazişinin bazasını təşkil edən “5 əsas prinsip” təqdim etdi: suverenliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması; bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək; bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək; sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması; kommunikasiyaların açılması.
- Rəsmi Bakının bu gedişi nəticəsində Ermənistan Qərb masasındakı danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü tanıdı və Qarabağdan rəsmən imtina etdi;
- Ermənistanı Qarabağdan imtina etməyə məcbur edən Bakı bunu Moskva qarşısında fakt kimi irəli sürdü və Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması zərurətini yaratdı;

Artıq hər iki masada – Rusiya və Qərb masasındakı gündəlik böyük ölçüdə Azərbaycanın mövqeyinə uyğunlaşdırılmış, İlham Əliyev 44 günlük müharibədən sonra yaranmış dilemmativ vəziyyəti xeyrimizə çevirmişdi. Diplomatik masada mübarizənin getdiyi vaxt Əliyev danışıqlarda mövqeyimizi gücləndirmək məqsədilə hərbi müstəvidə də addımlar atır, sülhü qazanmaq yolunda addım-addım irəliləyirdi. Müxtəlif strateji yüksəkliklərə nəzarət bərpa olunur, “Qisas əməliyyatı” və Laçın sərhəd-keçid məntəqəsinin qurulması kimi tədbirlərlə Qarabağdakı separatçılara və onların havadarlarına “göz açmağa” imkan verilmirdi. Nəhayət, 2023-cü ilin 20 sentyabrında Azərbaycan bəşəriyyət tarixinin unikal əməliyyatlarından birinə imza atdı: 24 saat ərzində heç bir mülki insana və infrastruktura zərər vurmadan suverenliyimiz tam təmin olundu.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunandan sonra danışıqlar prosesinin gedişi də dəyişdi. Buna qədər sülh danışıqlarını imitasiya edən və havadarlarının dəstəyi ilə regiondakı yeni reallığı dəyişdirə biləcəyini düşünən Ermənistan Azərbaycanın diktə etdiyi gündəliyə uyğun dialoqa başlamağa məcbur oldu. Bu, Qarabağ üzərindən Azərbaycan-Ermənistan danışıqlarına müdaxilə etmək və rəsmi Bakıya təzyiq cəhdlərini də minumuma endirdi.

“Nəyi, necə, nə vaxt etmək lazım olduğunu” bilən Prezident İlham Əliyev ən mühüm strateji gedişlərindən birini məhz bu zaman etdi: Ermənistana sülh sazişinin mətni təqdim olundu, danışıqlar prosesinin gedişində sərhədin delimitasiyası və kommunikasiyanın açılması mətndən kənarlaşdırıldı. Hər şey dəqiqliklə hesablanmışdı.

- Sərhədin delimitasiyası uzunmüddətli proses olduğu üçün sülh sazişinin müzakirəsini çətinləşdirir və imzalanma perspektivini sual altına salırdı;
- Kommunikasiyanın açılması – Zəngəzur dəhlizi məsələsi geosiyasi maraq kəsb etdiyi üçün danışıqlara kənar müdaxilələrə zəmin yaradırdı.


Əliyev bu iki amili əlavə müzakirə mövzusuna çevirməklə həm danışıqları sürətləndirdi, həm də Ermənistanla münasibətlərin müzakirəsini ikitərəfli formata çevirdi. İkitərəfli formatda aparılan danışıqların konkret nəticələri oldu.

1. Delimitasiya prosesi nəticəsində işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi dövlət sərhədi böyük ölçüdə bərpa olundu, xüsusilə strateji yüksəkliklərə nəzarət sərhədboyu ərazidə ordumuza üstünlük qazandırdı;
2. Qazaxın işğal altında olan kəndlərindən 4-ü bir güllə belə atılmadan azad olundu, anklav olan kəndlərin qaytarılması isə delimitasiya prosesinə daxil edildi;
3. Azərbaycanın haqlı tələbləri – ATƏT-in de-fakto mövcud olmayan Minsk Qrupunun de-yure buraxılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi, üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması – aktuallaşdırıldı və rəsmi İrəvan tərəfindən qəbul olundu;
4. Və ən əsası masada sülh sazişinin müzakirəsi Azərbaycanın diktəsi ilə həyata keçirildi.

Bütün bunların fonunda Prezident İlham Əliyev regional və qlobal çağırışlara uyğun siyasət yürüdür, dünyanın dəyişən şərtlərini Azərbaycanın milli maraqlarına uyğunlaşdırırdı. Əliyevin ABŞ-da prezident seçkilərinə münasibəti bunun ən bariz nümunəsi idi. Bayden-Blinken administrasiyasının erməni diasporu/lobbisinin təsiri ilə Cənubi Qafqazda Ermənistan vektorlu siyasəti ABŞ-Azərbaycan münasibətlərində kəskin problemlər yaratmışdı. Bu, sülh danışıqlarında da rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyni körükləyir, regionda sabitlik perspektivlərinə risklər yaradırdı. ABŞ-dakı seçkilərdə Baydenin xələfi Harrisin qalib gəlməsinə Cənubi Qafqazdakı reallıqları dəyişdirə bilmək imkanı olaraq baxan Ermənistan, eləcə də erməni diasporu/lobbisi demokratları dəstəkləyəndə Prezident İlham Əliyev uzaqgörənliklə Trampın seçiləcəyini proqnozlaşdırır və ABŞ-ın gələcək administrasiyasında Azərbaycanın mövqelərini gücləndirirdi.

5 noyabr 2024-cü il: ABŞ-da keçirilən prezident seçkilərinə hələ 3 ay qalmışdı. Şuşada keçirilən Qlobal Media Forumunda jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev Donald Tramp haqqında müsbət fikirlər səsləndirdi və bununla onun namizədliyini dəstəkləmiş oldu. Əslində bu, mövcud şərtlərin – Vaşinqtonda Azərbaycanın bütün tələblərinin qəbul edildiyi danışıqların keçirilməsinə və sülh qazanmaq hədəfinə nail olmağa hesablanmış uzaqgörənlik idi. Hər şey Əliyevin dediyi kimi oldu:

- Tramp ABŞ prezidenti seçildi və Bayden-Blinken administrasiyasının Ermənistan vektorlu siyasətinə son qoyuldu;
- “Vaşinqton bataqlığı”nda marğa yatan timsahlara bənzər erməni diasporu/lobbisinin ABŞ siyasətinə təsiri minumuma endirildi;
- ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açıldı;


Trampın Oval kabinetə qayıdışından sonra Azərbaycan və ABŞ liderləri arasında məktublaşma, telefon söhbətləri, xüsusilə hər iki liderin həm regionumuz, həm dünya ilə bağlı ortaq mövqeyi Bakı-Vaşinqton xəttində bütün problemləri aradan qaldırdı. Prezident İlham Əliyevin Trampın dəvəti ilə baş tutan Vaşinqton səfəri bunun məntiqi sonluğu idi.

Azərbaycan liderinin ABŞ səfəri və Bakı-Vaşinqton, eləcə də Bakı-İrəvan-Vaşinqton formatında aparılan danışıqlar, imzalanan sənədlər və görüşün nəticələri İlham Əliyev fenomeninin bariz nümunəsi hesab oluna bilər. Mübaliğəsiz deyə bilərik ki, İlham Əliyev son 5 ildə həyata keçirdiyi “ağlasığımaz diplomatiyası”nın Vaşinqton zirvəsini fəth etdi.

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ

Oval kabinetdə Əliyevi yanlış siyasəti ilə ABŞ-ın milli maraqlarını təhlükəyə atan “qoca Bayden” və onu idarə edən “qlobal antaqonist” Blinken yox, praqmatik yanaşması ilə ölkəsinin maraq qruplarının “qurbanına” çevrilməsinə imkan verməyə Donald Tramp qarşıladı. Azərbaycan Prezidentinin Ağ Evdə qarşılanma mərasimi, ABŞ prezidenti ilə apardığı səmimi danışıqlar və ikitərəfli münasibətlərin müzakirəsi, eləcə də imzalanan ikitərəfli sənədlər hər iki ölkənin milli maraqları üçün Əliyev-Tramp tandeminin önəmini də ön plana çıxarırdı. Liderlər ABŞ-Azərbaycan əməkdaşlığını strateji tərəfdaşlığa yüksəldən imzalar atdı.

- “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”: bu sənəd münasibətləri strateji tərəfdaşlıq mərhələsinə keçidinin sübutudur;

İki ölkə arasındakı strateji tərəfdaşlığ üç istiqaməti əhatə edir:

1. Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;
2. Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə;
3. Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.


Yaradılacaq Strateji İşçi Qrupu bu istiqamətlərin praktiki müstəvidə icrasını təmin edəcək.

Ən önəmli və tarixi anlardan biri Donald Trampın Prezident İlham Əliyevlə görüşdə məlum və məlun 907-ci düzəlişin icrasını dayandıran sənədi imzalamasıdır. Prezident İlham Əliyevin də dediyi kimi, Tramp bunu başqa vaxt da edə bilərdi, lakin məhz görüşdə bu sənədi imzalamaqla Azərbaycan liderinə olan hörmətini nümayiş etdirdi. “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəliş Azərbaycan torpaqlarının işğalında rol oynayan sənədlərdəndir. 1992-ci ildə Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə ABŞ Konqresi Azərbaycanın guya Ermənistana “blokada” tətbiq etməsi” bəhanəsi ilə bu sənədi qəbul etmiş, beləliklə, ABŞ-ın Azərbaycana dövlət yardımı qadağan edilmişdi. Bu sənədin arxasında erməni diasporu/lobbisinin dayandığı sirr deyil, Bayden-Blinken administrasiyası da Əfqnıstan əməliyyatı başa çatan kimi 907 saylı düzəlişi canlandırmışdı, bu prosesdə lobbi qruplarının təsiri də aydın görünürdü. Lakin Tramp Əliyevin gözü qarşısında 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalamaqla Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələyə strat verdi.

Sülh danışıqları və Əliyevin Vaşinqton zirvəsi

Prezident İlham Əliyevin Vaşinqton səfərinin zirvə nöqtəsi Azərbaycan və Ermənistanın ABŞ-ın iştirakı ilə imzaladığı Birgə Bəyannamə oldu. Bu, əsrlərdir Azərbaycana qarşı davam edən və döyüş meydanında dəfn edilən erməni separatizmi və revanşizminin perspektivlərinin də məhv edilməsi, Cənubi Qafqazda gələcək sülhün inşası deməkdir. Və hər şey Azərbaycanın tələbləri/istəkləri çərçivəsində reallaşdı.

Birgə Bəyannamə rəsmi Bakının İrəvan qarşısında irəli sürdüyü son iki tələbi özündə əks etdirir.

Birincisi, ATƏT-in Minsk qrupu de-yure ləğv edilir;

Azərbaycan və Ermənistan de-fakto mövcud olmayan Minsk qrupunun de-yure ləğv edilməsi ilə bağlı ATƏT-in baş katibinə müraciət etdi. Bəyannamədə ATƏT-in bütün üzvləri bu müraciəti dəstəkləməyə dəvət edilir. Ağ Evdən edilən bu çağırışın qəbul ediləcəyinə şübhə yoxdur. Beləliklə, artıq mövcud olmayan “Dağlıq Qarabağ” münaqişəsi rəsmi şəkildə bağlanır və Ermənistandakı, eləcə də müxtəlif ölkələrdəki erməni revanşistlərin, erməni diasporu və lobbisinin sonuncu “istinad mənbəyi” də qurudulur.

İkincisi, Ermənistan konstitusiyasının dəyişdirilir;

Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi qaçılmzdır, əks təqdirdə, yekun sülh müqaviləsi imzalanmayacaq və bu dəfə prosesə birbaşa Donald Tramp qoşulmalı olacaq. Birgə Bəyannamədə qeyd olunur ki, “biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik”. Burada “əlavə tədbirlər” Ermənistan konstitusiyasının dəyişdirilməsini özündə ehtiva edir.

Üçüncüsü, Zəngəzur dəhlizinin açılması rəsmiləşdi;

Bəyannamədə Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsi – Zəngəzur dəhlizi ilə bağlı iki qeyd yer alır.

a) “Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı” dəstəklənir;
b) “Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ-la və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlı əməkdaşlıq edəcəkdir”: burada “üçüncü tərəf” Azərbaycandır;

Beləliklə, Zəngəzur dəhlizi açılır. Burada yeganə fərq ritorika ilə bağlı ola bilər. Ermənistan və ABŞ Azərbaycanı Naxçıvana birləşdirəcək yolu TRİPP adlandırsa da, bunun məhz Zəngəzur dəhlizi olduğu aydındır. Bu, Azərbaycanı ən böyük hədəflərindən birinə nail olması deməkdir.

Azərbaycanın Naxçıvana maneəsiz çıxış əldə etməsinin strateji və siyasi nəticələri var.

- Naxçıvanın illərdir davan edən blokadasına son qoyulur;
- Türk dünyasının coğrafi parçalanması aradan qaldırılır;
- Azərbaycan Avrasiyanın nəqliyyat şəbəkəsində əhəmiyyətini daha da artırır;


Zəngəzur dəhlizinin açılması Prezident İlham Əliyevin bir əsr öncə - XX əsrin əvvəlində baş verən ədalətsizliyi – torpaqlarımızın ermənilərə “bağışlanması” – aradan qaldırmaq istiqamətində tarixi nailiyyətlərindən biridir.

Dördüncüsü, sülh sazişinin paraflanmandı;

Bəyannamədə tərəflərin saziş mətninin parafladığı əksini tapır. Sazişin paraflanması yekun müqavilənin bağlanması demək olmasa da, irəliyə doğru ciddi addım kimi qəbul edilə bilər. Artıq sülh müqaviləsinin önündə ciddi maneə qalmayıb: Minsk qrupunun de-yure buraxılması ilə bağlı müraciət edildi; Zəngəzur dəhlizinin açılması rəsmiləşdi; Ermənistan konstitusiyasının gələn il dəyişdirilməsi gözlənilir və bundan sonra yekun saziş imzalanacaq;

Prezident İlham Əliyevin fenomen strategiyası nəticəsində Azərbaycan Vaşinqton zirvəsindən zəfərlə ayrıldı.

Asif Nərimanlı

Chosen
23
50
publika.az

10Sources