EN

ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilən sammiti dünya mediasının diqqət mərkəzindədir

Son günlər dünya mediasının diqqəti Vaşinqtona yönəlib. Burada Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində tarixi sənədlər imzalanıb. ABŞ, Azərbaycan və Ermənistan liderlərinin sammiti mühüm geosiyasi hadisə kimi qiymətləndirilir.

Aznews.az "Report"-a istinadən xəbər verir ki, münasibətlərin normallaşmasına atılan bu kimi addımlar xarici KİV-lər tərəfindən bütün regionu dəyişdirə biləcək qlobal hadisə kimi dəyərləndirilir. Belə ki, “The Jerusalem Post” qəzeti qeyd edir: “Sülh sazişi, enerji resursları istehsal edən, Rusiya, Avropa, Türkiyə və İranla həmsərhəd, neft və qaz kəmərlərinin keçdiyi, lakin qapalı sərhədlər və köhnə etnik münaqişələrdən əziyyət çəkən Cənubi Qafqazı dəyişdirə bilər”.

Öz növbəsində “Reuters” agentliyinin dərc etdiyi geniş məqalədə qeyd olunur ki, Azərbaycan və Ermənistan cümə günü ABŞ Prezidenti Donald Trampla görüş zamanı ABŞ-ın vasitəçiliyi ilə onilliklər davam edən münaqişədən sonra ikitərəfli iqtisadi əlaqələri gücləndirəcək və münasibətlərin tam normallaşmasına doğru hərəkət edəcək sülh sazişinin layihəsini imzalayıblar.

Cənubi Qafqazdakı rəqiblər arasında razılaşmanın Tramp administrasiyası üçün mühüm nailiyyət olduğunu qeyd edən agentlik yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ evdə keçirilən imzalanma mərasimində salamlayan Tramp deyib: “Uzun müddətdir, 35 ildir ki, onlar döyüşüblər, indi də dostdurlar və onlar uzun müddət dost olacaqlar”.

Euronews” telekanalının saytında dərc olunan “İnanılmaz sülh: Ermənistan və Azərbaycan onilliklər ərzində davam edən münaqişədən sonra sülhə gəlir” sərlövhəli məqalədə qeyd olunur ki, təxminən dörd onillik davam edən və son vaxtlara qədər sonu görünməyən qanlı münaqişədən sonra bu iki ölkə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi imzaladılar. İndi Cənubi Qafqazda mərkəzi rol oynamayan Rusiya bu tarixi məqamda nəzərə çarpmır.Məqalədə deyilir: “Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev 40 ildir davam edən qanlı Qarabağ münaqişəsindən sonra cümə günü ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda sülh sazişi imzalayıblar. “Biz bu gün Cənubi Qafqazda sülh bərqərar edirik”, - deyən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, “bu gün biz böyük bir yeni tarix yazırıq”. Ermənistanın Baş naziri Paşinyan əlavə edib ki, bu razılaşma “sülh fəslinin açılmasını” təmsil edir. Tramp isə bildirib: “Ermənistan və Azərbaycan bütün döyüşləri əbədi olaraq bitirmək öhdəliyi götürür”.

“The Guardian” yazır ki, saziş 1990-cı illərin əvvəlindən bağlı olan nəqliyyat dəhlizlərini aça, region iqtisadiyyatını stimullaşdıra və ABŞ-yə hər iki ölkə ilə ikitərəfli sazişlər bağlamağa imkan verə bilər.

“France 24” qeyd edir ki, Vaşinqtondakı razılaşma Rusiya, Çin və İranın maraqlarına zərbə vurur və regionda davamlı sülhün yolunu açır. Kanal bildirib ki, Ermənistan üzərindən keçəcək nəqliyyat dəhlizi Bakının uzunmüddətli tələbi olaraq qalacaq və iqtisadi əlaqələri möhkəmləndirəcək.

“POLITICO” isə razılaşmanı Zəngəzur dəhlizinin inkişafında irəliləyiş kimi dəyərləndirir və bildirir ki, ABŞ buradakı dəmir yolları, neft və qaz kəmərləri də daxil olmaqla 99 illik eksklüziv operatorluq hüququ əldə edəcək. “Biz bunu belə formalaşdırdıq ki, əgər bir elementi açsaq, digər elementlər də yerinə oturacaq”, – qəzet amerikalı rəsmidən sitat gətirərək yazır ki, bu, Azərbaycanın regional sabitlikdə mövqeyini möhkəmləndirəcək.

“The Washington Post” qəzetinin dərc etdiyi məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan rəsmilərinin Ağ evdə ABŞ-a strateji tranzit dəhlizinə müstəsna inkişaf hüququ verən sülh sazişi imzalaması mühüm qlobal hadisədir. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan pakt Azərbaycanı Ermənistan vasitəsilə Azərbaycanın eksklavı olan Naxçıvanla birləşdirəcək və ABŞ-a inkişaf hüququ verən sənəd olacaq. Eyni zamanda, Asiyadan Avropaya quru marşrutunu qısaldan dəhlizdə ABŞ həmin torpaqları infrastruktur və idarəetmə üçün konsorsiuma subicarəyə verəcək. Ümid edilir ki, bu tranzit dəhlizi gələcəkdə döyüşləri dayandıracaq və regionda kommunikasiyaları açacaq.

“The Independent” diqqəti “Tramp” adını daşıyan böyük ticarət və tranzit dəhlizinin yaradılmasına yönəldib və bunun Azərbaycanın danışıqlardakı əsas hədəflərinə uyğun olduğunu yazıb. “Bu, yalnız Ermənistanla və yalnız Azərbaycanla bağlı deyil. Bu, bütün regionla bağlıdır və onlar bilirlər ki, prezident Tramp ilə region daha təhlükəsiz və firavan olacaq”, – qəzet ABŞ administrasiyasının nümayəndəsinin sözlərini sitat gətirir.

“Global News” nəşrində dərc olunan “Azərbaycan-Ermənistan sülh sazişi ABŞ-a nəqliyyat dəhlizi hüququ verir” sərlövhəli məqalədə qeyd olunur ki, Cənubi Qafqazın iki ölkəsinin liderləri Ağ evdə keçirilən sülh sammitində onilliklərlə davam edən münaqişəyə son qoymağa yönəlmiş saziş imzalamazdan əvvəl əl sıxıblar. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı bir araya gətirən ABŞ Prezidenti Donald Tramp, öz növbəsində, onların əllərini sıxıb.Məqalədə diqqətə çatdırılır ki, Cənubi Qafqazın iki ölkəsi bir-biri ilə və ABŞ ilə əsas nəqliyyat marşrutlarını açacaq sənədlər imzalayıb. Razılaşmaya “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılacaq böyük tranzit dəhlizi yaradacaq saziş də daxildir. Tramp cümə günü Ağ evdə deyib ki, marşruta onun adının verilməsi onun üçün böyük şərəfdir, lakin bunu onun özü istəməyib. Administrasiyanın yüksəkrütbəli rəsmisi tədbirdən əvvəl jurnalistlərə zəng edərək deyib ki, bu adı ermənilər təklif ediblər.

Avropa Şurasının rəsmi xəbər saytında isə “Ermənistan-Azərbaycan: Möhkəm sülhə zəmin yaradan təməl daşı” sərlövhəli material dərc olunub. Diqqətə çatdırılıb ki, Avropa Şurasının Baş katibi Alen Berse aşağıdakı bəyanatla çıxış edib: “Mən 2001-ci ildən Şuranın hər iki üzvü olan ölkələr arasında uzun müddətdir davam edən münaqişənin yekun həllinə yol açan Ermənistan-Azərbaycan sülh sazişinin Vaşinqtonda bu gün paraflanmasını səmimiyyətlə alqışlayıram. Bu inkişaf Cənubi Qafqazda - bütün xalqların rifahı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən regionda davamlı sülh yolunda tarixi bir mərhələdir. Avropa Şurası Ermənistan və Azərbaycan öz ortaq tarixlərinin bu səhifəsini açarkən, onları dəstəkləməyə hazırdır.

Chosen
41
9
aznews.az

10Sources