Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın Bakı ilə İrəvan arasında sülh sazişi ilə bağlı Vaşinqtonda keçirilən görüş, liderlərin imzaladığı Birgə Bəyannamə və onların bəyanatları dünyanın nüfuzlu media orqanlarının diqqət mərkəzindədir.
“Reuters” agentliyinin dərc etdiyi geniş məqalədə qeyd olunur ki, Azərbaycan və Ermənistan cümə günü ABŞ Prezidenti Donald Trampla görüş zamanı ABŞ-ın vasitəçiliyi ilə onilliklər davam edən münaqişədən sonra ikitərəfli iqtisadi əlaqələri gücləndirəcək və münasibətlərin tam normallaşmasına doğru hərəkət edəcək sülh sazişinin layihəsini imzalayıblar.
Cənubi Qafqazdakı rəqiblər arasında razılaşmanın Tramp administrasiyası üçün mühüm nailiyyət olduğunu qeyd edən agentlik yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ evdə keçirilən imzalanma mərasimində salamlayan Tramp deyib: “Uzun müddətdir, 35 ildir ki, onlar döyüşüblər, indi də dostdurlar və onlar uzun müddət dost olacaqlar”.
“Reuters” qeyd edir ki, razılaşmaya ABŞ-ın Cənubi Qafqazdan keçən strateji tranzit dəhlizinə eksklüziv inkişaf hüquqları daxildir ki, bu da Ağ evin qənaətinə görə, enerji və digər resursların ixracını asanlaşdıracaq. Tramp bildirib ki, ABŞ enerji, ticarət və texnologiya, o cümlədən süni intellekt sahələrində əməkdaşlığı genişləndirmək üçün hər bir ölkə ilə ayrı-ayrı müqavilələr imzalayıb. O, Azərbaycan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığa qoyulan məhdudiyyətlərin də aradan qaldırıldığını deyib. Hər iki lider Trampı münaqişənin sona çatmasına kömək etdiyinə görə tərifləyib və onu Nobel Sülh Mükafatına namizəd göstərəcəklərini bildirib.
“New York Post” qəzetinin dərc etdiyi “Ermənistan və Azərbaycan çoxdan gözlənilən sülhə imza atdı və Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürdülər” sərlövhəli məqaləsində qeyd olunur ki, Prezident Tramp regionda yeni dəmir yolu ətrafında tikilən sülh sazişini imzalamaq üçün cümə günü Ağ evdə çoxdandır ki, münaqişə vəziyyətində olan Ermənistan və Azərbaycanın liderlərini qəbul etdi, Görüş zamanı liderlər ABŞ Prezidentini Nobel Sülh Mükafatına birgə tövsiyə etməyə söz verdilər.
“Euronews” telekanalının saytında dərc olunan “İnanılmaz sülh: Ermənistan və Azərbaycan onilliklər ərzində davam edən münaqişədən sonra sülhə gəlir” sərlövhəli məqalədə qeyd olunur ki, təxminən dörd onillik davam edən və son vaxtlara qədər sonu görünməyən qanlı münaqişədən sonra bu iki ölkə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi imzaladılar. İndi Cənubi Qafqazda mərkəzi rol oynamayan Rusiya bu tarixi məqamda nəzərə çarpmır.
Yazıda diqqətə çatdırılıb ki, Ermənistan və Azərbaycan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan böyük tranzit dəhlizinin yaradılması barədə razılığa gəliblər. O, materik Azərbaycanı və onun müttəfiqi Türkiyə ilə həmsərhəd olan Naxçıvan bölgəsini Ermənistan ərazisi ilə birləşdirəcək. Ağ evin sözçüsü bildirib ki, yeni tranzit dəhlizi “Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və xalqına hörmət etməklə iki ölkə arasında maneəsiz əlaqə yaratmağa imkan verəcək”.
“USA Today” qəzetinin “Tramp Ermənistan və Azərbaycan liderləri ilə sülh yolunda mühüm addım atdı” sərlövhəli məqaləsində bildirilir ki, Prezident Donald Tramp Ermənistan və Azərbaycan liderləri ilə Ağ evdə iki keçmiş sovet respublikası arasında onilliklərlə davam edən müharibəyə son qoyan və regionda kritik nəqliyyat vasitələrini yenidən açan Birgə Bəyannamə imzalayıb.
Avropa Şurasının rəsmi xəbər saytında isə “Ermənistan-Azərbaycan: Möhkəm sülhə zəmin yaradan təməl daşı” sərlövhəli material dərc olunub. Diqqətə çatdırılıb ki, Avropa Şurasının Baş katibi Alen Berse aşağıdakı bəyanatla çıxış edib: “Mən 2001-ci ildən Şuranın hər iki üzvü olan ölkələr arasında uzun müddətdir davam edən münaqişənin yekun həllinə yol açan Ermənistan-Azərbaycan sülh sazişinin Vaşinqtonda bu gün paraflanmasını səmimiyyətlə alqışlayıram. Bu inkişaf Cənubi Qafqazda - bütün xalqların rifahı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən regionda davamlı sülh yolunda tarixi bir mərhələdir. Avropa Şurası Ermənistan və Azərbaycan öz ortaq tarixlərinin bu səhifəsini açarkən, onları dəstəkləməyə hazırdır. Mart ayında iki ölkə Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşdığını elan edəndə, bu, məni xüsusilə ruhlandırdı. Sülh səyləri hər iki lider üçün daimi müzakirə mövzusu olaraq qalırdı. Mən bu məsələni ilk dəfə keçən il ÇOP münasibətilə Bakıda Prezident Əliyevə ünvanlamışdım və aprel ayında Antalyada keçirilən ikitərəfli görüşdə də davam etdirdim. Hər iki xalqın liderlərini və vətəndaşlarını ədalətli və davamlı sülh yolunda göstərdikləri siyasi iradə, əzm və cəsarətə görə alqışlayıram. Onilliklər boyu davam edən etimadsızlıq, ərazi mübahisələri və humanitar problemlərin aradan qaldırılması hər tərəfdən çətin, lakin zəruri kompromislər tələb edir. Biz hər iki ölkəni təkcə sülhə deyil, həm də etimadın bərpası istiqamətində əllərindən gələni etməyə çağırırıq”.
“Global News” nəşrində dərc olunan “Azərbaycan–Ermənistan sülh sazişi ABŞ-a nəqliyyat dəhlizi hüququ verir” sərlövhəli məqalədə qeyd olunur ki, Cənubi Qafqazın iki ölkəsinin liderləri Ağ evdə keçirilən sülh sammitində onilliklərlə davam edən münaqişəyə son qoymağa yönəlmiş saziş imzalamazdan əvvəl əl sıxıblar. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı bir araya gətirən ABŞ Prezidenti Donald Tramp, öz növbəsində, onların əllərini sıxıb.
“ABC News” telekanalının saytında dərc olunan məqalədə qeyd edilir ki, Ağ evdə Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin sülh barədə razılığa gəlməsi tarixi və böyük əhəmiyyət daşıyan hadisədir. ABŞ Prezidenti bildirib ki, liderlər Oval Ofisdə döyüşləri dayandırmaq, ticarəti açmaq və bir-birlərinin suverenliyinə hörmət etmək öhdəliyi götürən sənədlər imzalayıblar. O əlavə edib ki, ABŞ hər iki ölkə ilə enerji, ticarət və texnologiya, o cümlədən süni intellekt sahələrində əməkdaşlığı genişləndirmək üçün ikitərəfli saziş imzalayır.
“The Washington Post” qəzetinin dərc etdiyi məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan rəsmilərinin Ağ evdə ABŞ-a strateji tranzit dəhlizinə müstəsna inkişaf hüququ verən sülh sazişi imzalaması mühüm qlobal hadisədir. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan pakt Azərbaycanı Ermənistan vasitəsilə Azərbaycanın eksklavı olan Naxçıvanla birləşdirəcək və ABŞ-a inkişaf hüququ verən sənəd olacaq.