EN

Axtardığımız açarlar

Həyatımızda, güzaranımızda, hətta səyahətdə belə açarların rolu bizim üçün əvəzsiz olduğu qədər də qiymətlidir. Çünki açarsız heç bir işi yoluna qoymaq, bağlı qıfılları açmaq, qaranlıqlara, zülmətlərə işıq saçmaq olmur. O açarlarsız ki, boy-buxunundan, formasından asılı olmayaraq bir-birindən qiymətlidir, hələ yeri gələndə bir az da hikmətlidir. 

Ona görə də həmişə, haradasa çətinliklə üzləşəndə işlərimizin burulmuş, bir neçə yerdən bükülmüş düyününü görəndə nigaran qalırıq, onu açmaq üçün açar axtarırıq. Gecə-gündüz var gücümüzlə dünyaya hay-haray salırıq, dayanmadan hey soraqlayırıq, hər yerə göz qoyuruq, hər tərəfə baxırıq.

Əvvəllər bərkə düşəndə böyüklər deyirdilər ki, çarə axtarın, axtaran tapar. Biz də gecə-gündüz yorulmadan düyün düşmüş işlərimizə açar axtarırdıq. İndi  də bu sözün yerini bir az dəyişib deyirlər ki, tapan axtarandır. Belə götürəndə, sözlərdə elə də böyük bir fərq yoxdur. İkisinin də mayasında, qayəsində dərdə çarə olan açar var. Amma sonda onu tapmaq və yaxud tapmamaq məsələsi var. 

Açar tapmaq da elə tez başa gələn iş deyil. Çünki var tapılan, tapılmayan, tapılanda da qıfıla düz gəlib-gəlməyən açarlar. Tez tapılan, gec tapılan, heç tapılmayan açarlar da öz yerində. 

Nədənsə, asan tapılan açarlar həmişə bizdən qaçarlar. Belələrini tapanda da onu bizə çox baha qiymətə satarlar. Bəzən də yolumuza daş atarlar, qaya dığırlayarlar, şirin ovqatımıza acılar qatarlar.  

Gördüyümüz və bildiyimiz kimi bir-birindən fərqlidir, bənzərsizdir, çeşidlidir, bir sözlə, oxşar deyil açarlar. Baha, ucuz, qiymətli, qiymətsiz, dəmir, taxta, kağız, polad, daş, mərmər olur açarlar. İllərdən bəri açılmayan, paslanmış, kiplənmiş, mamır bağlamış  qıfıllara düşən açarlar, bəlkə də belələrini çox axtaranlar haradasa taparlar. Təəssüf ki, yaxşı açarlar imkan yaranan kimi baş götürüb qaçarlar.

Parıltılı, işıqlı, göz qamaşdıran, hərdən adamı çaşdıran, parıltısız, qaranlıq, səsli-səssiz, nəfəsli-nəfəssiz, kimsəli-kimsəsiz, xoşbəxt-bədbəxt, pullu-pulsuz, xallı-xalsız, ballı-balsız açarlar. İti-küt, uzun-qısa, paslı-passız, nazlı-nazsız, arlı-arsız, köhnə-təzə, enli-ensiz, bir az asan, bir az çətin, bir az qorxaq, bir az mətin, yalan-doğru açarlar, axtaranları dərdə-sərə, çöllərə, düzlərə, hətta dənizlərə salan açarlar. Kim bilir, bəlkə də belələri illərdən bəri bağlı qalmış bütün bağlı qapıları, paslı qıfılları açarlar. 

Gündüzlər onları o qədər fikirləşirik ki, bəzən yuxularımızda da açarları axtarırıq. Həyatda soraqladığımız açarları bəzən yuxularımızda tapırıq. Belə anlarda sevinc gölü içində itib-batırıq. Sanki onda xoş arzularımızdan divar hörürük. Bizi rahat qoynuna almış yuxularımıza həzinlik, şirinlik qatırıq, məqsədinə çatmış kimi arın-arxayın yatırıq. 

Bəzən işlərimiz çətinə düşəndə, yolumuz qıfıllananda ona açar yox, adam  axtarırıq. Oxuyanlara təəccüblü gəlməsin, yaşadığımız həyatda istədiyin qədər çoxdur açar adamlar - köməksiz, naçar qalmış adamlara kömək edən açar adamlar. Belə adamlar, bağlı, açılmayan, pas tutmuş "qıfıl"ları bir sözlə, bir zənglə vurub açarlar. 

Bəzən axtardığımız açarları ömrümüz boyu tapmırıq. Amma ruhdan, həvəsdən düşmürük, özümüzü oda-közə vurub axtarışlarımızı davam etdiririk, hərdən istəyimizə çatmaq üçün xeyli uzaqlara, lap dünyamızın o başınacan gedirik. Həyatımız boyu dayanmadan çətinliklərimizə, problemlərimizə açar axtarırıq. Bəzən elə olur ki, iş tərs gətirir, dünya insafını itirir. Axtardığımız açarı tapanda qıfılını itiririk. Onda yaz buludu kimi dolub boşalırıq. 

Kaş bağlı qalmış qıfıllarımıza, qapılarımıza açarları asan tapaydıq, arzularımıza, istəklərimizə tez çataydıq, heç vaxt çarəsiz qalmayaydıq. Əsəbdən, qəzəbdən odlanıb yanmayaydıq, kimsədən usanmayaydıq. Bizə lazım olan açarları çox axtarmayaydıq, yollarda dumana, çənə düşüb ləngiməyəydik. Bədbəxtliyin açarını həmişəlik itirib xoşbəxtlik açarını tapaydıq.

Qoy heç vaxt nə qapılarımız, nə də qıfıllarımız paslanmasın, bundan qəlbimiz kədərlənib dağlanmasın.  Ürəyimiz kimi qapılarımız da, onun qıfılları da həmişə açıq qalsın, heç vaxt bağlanmasın. Üzümüz gülsün, könlümüz açılsın, açıq qalmış qapılardan dünyaya sevinc işığı saçılsın. Üzümüzə xoşbəxtlik, qəlblərə sevinc işığı saçılsın. 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

1Sources