EN

“Tramp və Putin Ukraynanın taleyi ilə bağlı müzakirələri Cənubi Qafqaz məsələsi ilə paralel aparıb..."

“Rusiya-Ukrayna məsələsini Azərbaycan-Ermənistan sülhündən ayırmaq düzgün deyil...”
 
Siyasi şərhçi Heydər Oğuz Moderator.az-a verdiyi açıqlamasında "Sosial mediadakı paylaşımlarınızdan da bəlli olur ki, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanan sülh sazişinə dair niyyət protokolunun ABŞ-la Rusiyanın birgə razılaşdırması kimi qəbul edirsiniz. Maraqlıdır, niyə belə düşünürsünüz?” sualına cavabında  ABŞ ilə Rusiyanın birgə razılaşdırdığı sülh sazişinin Azərbaycanla Ermənistan arasında imzalanan niyyət protokolu ilə sıx bağlı olduğunu vurğulayıb. Oğuz bildirib ki, sülh danışıqları başladığı ilk gündən, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvaya səfər etməsi və burada müzakirə olunan məsələlər iki ölkənin müttəfiqlik əlaqələrinin necə inkişaf edəcəyinə işarə edir.
 
“Bir çoxları Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanan sülh sazişinə dair niyyət protokolu ilə Rusiya-Ukrayna məsələsini ayırmağa çalışırlar. Halbuki, biz danışıqların başladığı ilk gündən Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskva ilə təmasda hazırlandığının şahidi olmuşuq”, – deyə siyasi şərhçi açıqlamasında bildirib.
 
Vitkoffun Moskva səfəri və sülh prosesinin başlanması...”
 
Heydər Oğuz Vitkoffun mart ayında Moskva səfəri ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanma prosesinin paralel inkişaf etdiyini vurğulayıb: 
 
"Tərəflərin qarşılıqlı şəkildə sülh sazişi bağlamağa hazır olduqları barədə açıqlamaları Vitkoffun mart ayında Moskvaya səfəri ilə eyni vaxtda başladı. Martın 13-də Vitkoff Moskvaya endi. O, Rusiya prezidenti Vladimir Putinlə danışıqlara başladığı dəqiqələrdə Azərbaycan XİN bəyanat yayaraq ermənilərlə bütün parametrlərdə razılığa gəldiklərini bildirdilər."
 
“Planlaşdırılmış bir görüş...”
 
Həmsöhbətimiz görüşün zamanlamasının və Azərbaycanın müvafiq açıqlamasının planlı olduğuna diqqət çəkib: 
"Həmin günün son saatlarında Vitkoffun təyyarəyə minib Moskvadan Bakıya uçduğu bildirildi. Beləcə, Azərbaycanla Ermənistan arasında sülh danışıqları intensivləşdi. Günün əvvəlində Azərbaycan XİN-in məlum açıqlamasının zamanlaması əslində çox şeyi deyirdi."
 
“Ukrayna ilə bağlı təkliflər və Trampın təsdiqi...”
 
Siyasi şərhçi ABŞ prezidentinin açıqlamalarına da diqqət çəkib və Qərb media vasitələrinin iddia etdiklərini xatırladıb: 
 
"Vitkoff Moskva səfəri zamanı Krımın, Luqanskın və Donetskin Rusiyaya verilməsini və Xersonun, Zaporejyenin işğal olunmuş ərazilərinin də Moskvanın əlində qalmasını təklif etmişdi. Maraqlıdır ki, tərəflərdən heç biri indiyədək bu iddianı inkar etməyiblər. Əksinə, Ukrayna prezidenti və digər rəsmiləri onların yer almadığı görüşlərdə ölkələrinin taleyinə heç kimin qərar verməyəcəyini bildiriblər."
 
Heydər Oğuz həmçinin ABŞ prezidenti Donald Trampın bu təklifləri dolayısıyla təsdiqlədiyini bildirib. "Tramp, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı səsləndirdiyi bəzi fikirlərlə əslində bu iddiaları sanki təsdiqləyib. O, jurnalistlərin suallarına cavab verərkən deyib ki, Moskva və Kiyev arasında potensial sülh sazişi çox güman ki, “müəyyən ərazilərin dəyişdirilməsini” əhatə edəcək."
 
“Cənubi Qafqaz və Ukrayna məsələsi paralel müzakirə olunur...”
 
Həmsöhbətimiz bütün bu faktların onu göstərdiyini bildirib ki, ABŞ və Rusiya, Ukraynanın taleyi ilə bağlı müzakirələri Cənubi Qafqaz məsələsi ilə paralel aparıblar: 
 
"Görünən budur ki, Rusiya da Ukraynada torpaq qazanımı qarşılığında Cənubi Qafqazı güzəştə getməklə razılaşıb..."
 
“Alyaska görüşündə aydın olacaq...”
 
Nəhayət, Heydər Oğuz Rusiya və ABŞ liderlərinin Alyaskada keçirilməsi planlaşdırılan görüşün nəticələrinə diqqət çəkib: 
 
"Yekun mənzərə ABŞ prezidenti Donald Trampla Rusiya həmkarı Vladimir Putinin gələn həftə Alyaskada keçirilməsi planlaşdırılan görüşündə aydın olacaq. Odur ki, gəlin, bu barədə söhbətimizin davamını Alyaska görüşündən sonraya saxlayaq..."
 
Beləliklə, siyasi şərhçi ABŞ və Rusiyanın Cənubi Qafqaz və Ukrayna məsələlərini paralel şəkildə müzakirə etdiyini və bu prosesin nəticələrinin Alyaskadakı görüşdən sonra tam aydınlaşacağını vurğulayıb.
 
Yaxın müddətdə dəyərli oxuculara Heydər Oğuzun Vaşinqtondakı Azərbaycan-Ermənistan sülh sazişinə dair niyyət protokolu, Zəngəzur dəhlizi, Trampın Putinlə planlaşdırılan görüşü, Ukraynanın taleyi, ABŞ-Rusiya, ABŞ-Çin münasibətlərinin gələcəyi və s. haqda geniş müsahibəsini tqədim edəcəyik.
 
Sultan Laçın 
 
Chosen
118
50
moderator.az

10Sources