Son günlərdə Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) infrastruktur obyektlərinin hədəf alınması Rusiya–Azərbaycan münasibətlərində ciddi narahatlıqlar doğurur. Bu hücumlar təkcə texniki və iqtisadi itkilərlə məhdudlaşmır, həm də regionda geosiyasi balanslara təsir edə biləcək strateji siqnal kimi qiymətləndirilir.
Politoloq Arzuman Muradlı hesab edir ki, bu, təsadüfi hücum deyil – Kremlin əvvəlcədən planlaşdırılmış və məqsədli addımıdır.
“Hərbi-strateji müstəvidə bu hücumlar Ukrayna ordusunun yanacaq təchizatına zərbə vurmaq məqsədi daşıya bilər. Ancaq burada Azərbaycanın enerji maraqlarına qarşı yönəlmiş siyasi və iqtisadi mesaj da aydın şəkildə hiss olunur. Xarici ölkədə yerləşən Azərbaycan şirkətinə məxsus obyektin vurulması faktiki olaraq Azərbaycanın beynəlxalq biznes fəaliyyətinə qarşı təhdid və suveren maraqlarına birbaşa müdaxilədir. Azərbaycanla Rusiya arasında münasibətlərin son illərdə müxtəlif sahələrdə gərginləşdiyi məlumdur. Moskva Azərbaycanın müstəqil və Qərb yönümlü enerji siyasətindən, xüsusilə də Avropaya qaz ixracı və Ukrayna ilə əməkdaşlıqdan narahatdır. Bu kontekstdə SOCAR-ın Ukraynada hədəfə alınması yalnız texniki deyil, siyasi və geosiyasi çalarlar daşıyan bir akt kimi qiymətləndirilir. Belə bir vəziyyətdə Azərbaycanın cavab addımları zəruri və təbii görünür. İndiki məqamda ən real və praktik variantlardan biri Ukraynaya qarşı tətbiq olunan qeyri-rəsmi silah embarqosunun aradan qaldırılması ola bilər. Bu addım Azərbaycanın həm öz maraqlarını qorumaq, həm də Rusiya təzyiqinə qarşı siyasi balans yaratmaq baxımından məntiqli yanaşmadır.” -deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, SOCAR-ın obyektlərinə qarşı yönəlmiş bu hücumlar Azərbaycan üçün yeni geosiyasi reallıqlar yaradıb.
“Rəsmi Bakı bu reallıqları düzgün qiymətləndirərək öz xarici siyasətində daha çevik, prinsipial və qətiyyətli xətt yürütməlidir. Azərbaycanın beynəlxalq arenadakı maraqları qorunmalı və ölkənin xaricdəki strateji obyektlərinə qarşı hər hansı təhlükə ciddi nəticələrə gətirib çıxarmalıdır. Bu məsələdə diplomatik təmkin və strateji cavab paralel şəkildə işlənməli, Azərbaycanın sülhə sadiqliyi qorunmaqla yanaşı, təhlükəsizlik maraqları da qəti şəkildə müdafiə olunmalıdır.” -deyə Arzuman Muradlı bildirib.