EN

Azərbaycan–Amerika dostluğunun yeni mərhələsi və Qafqazda sülhün başlanğıcı

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin tarixə düşən Vaşinqton görüşləri yalnız diplomatik protokol çərçivəsində qalmadı, həm də regionun gələcək siyasi-iqtisadi arxitekturasına yön verəcək strateji xəttin başlanğıcı oldu. Bu səfər, illərdir formalaşan Azərbaycan–Amerika dostluğunun daha yüksək zirvəyə qalxması, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın yeni səhifəsinin açılması ilə yadda qaldı.

Donald Trampın seçkilərə hazırlaşdığı bir dönəmdə Cənab Prezident İlham Əliyev onun siyasi iradəsinə açıq şəkildə dəstək verərək, proqnozla onun qələbə qazanacağını bəyan etdi. Bu dostluq yeni yaranmayıb – Trampın ilk prezidentlik dövründə də iki lider arasında səmimi telefon danışıqları, iqtisadi və təhlükəsizlik sahələrindəki əməkdaşlıq danılmaz fakt idi.

Bu səfərin gündəliyində təkcə ikitərəfli münasibətlər yox, həm də tarixi bir mövzu – Azərbaycan–Ermənistan sülh müqaviləsi dayanırdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanat, ardınca aparılan anti-terror əməliyyatları, işğal faktının tam aradan qaldırılması və bu gün artıq yekun sülhün imzalanması mərhələsinə gəlməsi – bütün bunlar illərlə xalqımızın arzusunda olduğu bir mənzərədir.

Bu prosesdə Azərbaycan diplomatiyası təkcə müharibədə qazandığı zəfəri deyil, həm də sülh masasında əldə etdiyi üstünlüyü qoruyub saxladı. Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə imzalanan ilkin bəyannamə, faktiki olaraq Minsk Qrupu kimi ölü mexanizmin tarixə gömülməsini, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqini göstərdi.

Bu yol asan olmadı. ABŞ Prezidenti Co Baydenin vaxtilə 907-ci düzəlişi yenidən xatırladaraq Azərbaycana təhdidvari mövqe tutması, Fransa Prezidenti Emmanuel Makronun ardıcıl şəkildə ermənipərəst bəyanatları, Azərbaycanı hədəf alan siyasəti, İranın açıq şəkildə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxışı və Rusiyanın bu məsələdə öz geosiyasi maraqlarını qorumağa çalışması – bütün bunlar diplomatik masada çətin balans tələb edirdi.

Vaşinqton səfəri zamanı Azərbaycan yalnız ABŞ-la deyil, həm də bütün Qərb bloku ilə münasibətlərində yeni bir etimad körpüsü saldı. İmzalanan sənədlər, iqtisadi əməkdaşlıq üçün 99 illik xüsusi inkişaf hüquqları, strateji nəqliyyat və enerji marşrutlarında ABŞ-a verilən nəzarət imkanı, regionun gələcək iqtisadi xəritəsini dəyişəcək.

Paraflanma – yekun sülh müqaviləsinin imzalanması demək olmasa da, bu, tariximizdə mühüm bir mərhələdir. Bu addım, ilk dəfə olaraq sülh prosesinin Azərbaycanın milli maraqları və ədalətli mövqeyi əsasında irəlilədiyini təsdiqlədi.

Paraflanmış sənəd – sülhün başlanğıc nöqtəsidir, gələcək nəsillər üçün təhlükəsiz, sabit və güclü bir Qafqazın təməlidir.

Bu başlanğıc, qalib Azərbaycanın iradəsi ilə yazılır.

Bu gün biz artıq sülhün başlanğıcındayıq. O sülh ki, şəhidlərimizin qanı ilə yazıldı, xalqımızın birliyi ilə qorundu, liderimizin iradəsi ilə qazanıldı. Vaşinqtonda imzalanan sənədlər təkcə kağız üzərində anlaşma deyil – bu, yeni bir əsrin, qalib Azərbaycan əsrinin başlanğıcıdır.

Azərbaycan diplomatiyası, döyüş meydanında qazandığı qələbəni siyasi masada da möhkəmləndirdi. Vətən – artıq yalnız sərhədləri ilə deyil, səsi, nüfuzu və sözü ilə dünyada tanınır.

Chosen
43
50
qht.az

10Sources