Bu rayonda turizm sektorunun bütün istiqamətləri üçün əlverişli imkanlar və potensial var. Bu səbəbdəndir ki, hazırda Qaxda “iynə atsan yerə düşməyəcək” qədər qonaq var.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yerli və xarici turistlərin istirahətə üz tutduqları məkanlar sırasında Qax rayonu özünəməxsusluğu ilə seçilir.
Builki turizm mövsümündə havaların isti keçməsi səbəbindən rayona gələnlərin sayında xeyli artım müşahidə edilir. Bu da ilk növbədə istər kənd evlərinin, istərsə də otel və hostellərdə qiymətlərin artmasına səbəb olur.
Rayonda həyatın canlandığını, qaynadığını elə onun yollarından hiss etmək, görmək olur. Elə Qax-İlisu yolunda hərəkətin dayanmadığını, avtomobillərin bəzən sıraya düzüldüyünü müşahidə edə bilərik. Yol boyu da müxtəlif yerlərdə asılmış kirayə ev elanlarını görə bilərik. Bu da o deməkdir ki, bu ərazilərdə turizm getdikcə canlanır. Qeyd etdiyimiz ərazilərdə həmçinin yetərincə otel və hostellərdə fəaliyyət göstərir.
Bəs icarədarlar evlərini yaxud otel və hostellərini neçəyə verirlər?
Bu haqda məlumatı onların öz dilində eşitmək istədik.
Yolumuz üstündə bir neçə yerdə dayanıb evini kirayə verənlərdən müsahibə almaq cəhdimiz boşa çıxır. Səbəb sadədir, görünmək istəmirlər. Biz də kirayə ev qiymətlərini telefon vasitəsi ilə dəqiqləşdirməyə çalışırıq.
İlk zəng etdiyimiz nömrədən cavab verilir ki, üç otaqlı hər cür şəraiti olan şəxsi mənzildə bir gecəlik qiymət 90 manatadır. Onu da qeyd edək ki, bizə təklif edilən mənzil İlisu və Ağçay kəndlərində deyil şəhərə yaxın Qaxbaş kəndində yerləşirdi.
Burada hər büdcəyə uyğun ev tapılır. Sadəcə gərəkdir ki, əksər nömrələri yığıb maraqlanasan. Daha bir telefon nömrəsini yığırıq.
Bu dəfə iki otaqlı mənzil təklif olunur. Burada isə qiymət 40 manatdır. Aşağı büdcəli qonaqlar üçün nəzərdə tutulan bu mənzildə ailə də qalır və hamam və sanitar qovşaq ümumidir.
Yeri gəlmişkən müraciət etdiyimiz daha iki telefon nömrəsindən bildirildi ki, qarşıdakı günlər üçün onlarda yerlər bron edilib və növbəti həftəyə ancaq boşalacaq. Daha bir maraqlı məqam budur ki, Qax şəhəri və Qaxbaş kəndlərindən üzü İlisu və Ağçaya qalxdıqca qiymətlərin də artdığını müşahidə etmək mümkündür.
Beləcə, növbəti ünvanımız Ağçaya dönən yolun üzərində mənzil kirayəsi ilə məşğul olan “makler”lərin bir yerə cəm olduğu ünvana çatırıq. Ev axtaranların əksəri buradan yolunu salır və ümumi qiymətlərlə maraqlanırlar. Ümumi söhbətdən sonra Ağçayda bir gecəlik qalmanın 70-90, İlisuda isə şəraitindən aslı olmayaraq 80-100 manat arasında dəyişdiyini bildirirlər. Əlbəttə ki, təkliflər sırasında yuxarı büdcəli qonaqlar üçün yerlər daha çoxdur və bu qiymətlər 150 manatdan başlayır ta 250, 300 manata kimi dəyişir.
- Bəs belə evləri də kirayələyənlər varmı? deyə, soruşduqda - “Əlbəttə, olmasa təklif etmərik. İndi belə evlərin əksəri qonaqlı-qaralıdır. Hətta növbəti həftələr üçün bron edilən evlər var” deyə bildirirlər.
Elə bu məqamda Bakıdan gəlib ev axtaran bir nəfərlə tanış oluruq.
Adı Müşfiqdir. Müşfiq müəllim bildirir ki, müvəqqəti otelə yerləşsələr də, həyət evi tapıb qohum-dostlarını da dəvət etməyi planlayırlar. Dediyinə görə hardasa səhər tezdən 5-6 km yol gəziblər lakin hələ münasib yer tapa bilmirlər. Digər tərəfdən əksər evlər yaxın həftələr üçün bəri başdan danışılıb.
Qeyd etdiyimiz kimi turistlərin ən çox üz tutduğu məkanlar sırasında Ağçay kəndi üstünlük təşkil edir. Bu kənddə demək olar elə ev olmasın ki, orada mənzillər icarəyə verilməsin. Kəndi dolaşdığımız məqamda şəhid ailəsinin üzvləri ilə qarşılaşırıq. Məlum olur ki, qiymətlərin baha və gecələməyə yerin olmadığı bu günlərdə xeyirxahlıq nümunəsi göstərənlər də var. Belə ki, xeyirxah insanlardan biri 10-a (on-red) yaxın şəhid ailə üzvünü evində iki həftəlik təmənnasız istirahətini təşkil edib.
Cəbrayıldan olan şəhid ailəsinin üzvü Səkinə Həmidova bildirir ki, müxtəlif bölgədən olan analar üçün burada hər cür şərait yaradılıb və bu xeyirxahlıq missiyasını həyata keçirən insan yəni evini onların üzünə açan şəxs bütün qayğıları ilə də mütəmadi maraqlanır.
Və yollanırıq İlisuya...
Burada bir çox istirahət məkanları- otel, hostel həmçinin şəxsi mənzillər icarəyə verilir. İlisunun dar küçələrində isə nəqliyyatın intensivliyi əməlli başlı tıxaclar yaradıb. Gələnlər də əsasən dağ havası və təbiət qoynunda istirahətə üstünlük verir. Buradakı istirahət mərkəzlərindən birinin meneceri Ceyhun Məmmədli bildirir ki, hazırda 1 otaqlı kottecdə gecələmə 120 manat , 2 otaqlı da 150-170 manat, 3 otaqlılarda isə 200 manatdan başlayan qiymətlər var. Menecer Kürmük çayın sahilində yerləşən bu istirahət mərkəzinin hər zaman qonaql-qaralı olduğunu və əksər evlərin də əvvəldən icarəyə başlandığını diqqətimizə çatdırır.
Gün ərzində müraciət etdiyimiz otel və hostel və digər istirahət mərkəzlərində yerlərin dolu olduğunu, qiymətlərin ötən ilə nisbətən bir qədər də artdığını qeyd etdilər.
Bu da onunla əsaslandırılır ki, enerjinin, eləcə də kənd təsərrüfatı məhsullarının qiymətində artım olub. Bu səbəbdən də onlarda bu addımı atmağa məcburdurlar. Digər tərəfdən o da vurğulandı ki, əksər otel və yaxud kənd evləri daimi müştərilərinə hər zaman olduğu kimi endirimli qiymətlərlə güzəştlər edirlər. Turizm sektorunda çalışanların sözlərinə görə havalar belə isti keçərsə, bu il sentyabr ayında da qonaqların gəlməsi gözlənilir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu