EN

Azərbaycan Diplomatiyasının Zəfər Çağırışı

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri Azərbaycan diplomatiyasının ən mühüm nailiyyətlərindən biri kimi tarixə düşdü. Bu səfər ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, Cənubi Qafqazda sülhün və stabilliyin bərqərar olması üçün əsas zəmnin qoyulması baxımından tarixi hadisə oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qalib dövlət kimi beynəlxalq siyasi arenada artan nüfuzu və mövqeyi bu səfər vasitəsilə daha da gücləndi.

Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən tarixi Sammitdə üç ölkənin dövlət başçıları sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair Birgə Bəyannaməni imzaladılar. Bu sənəd uzun illərdir davam edən münaqişənin bitməsinə və regionda davamlı sülhün qurulmasına yönəlmiş əhəmiyyətli addımdır. Birgə Bəyannamə Azərbaycan diplomatiyasının mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu və Azərbaycanın siyasi iradəsinin qalib gəldiyini nümayiş etdirir.

Sammitdə xüsusi diqqət çəkən məqamlardan biri "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması oldu. Bu sənədin tezliklə imzalanması və ratifikasiyası üçün zəruri tədbirlər görüləcək. Eyni zamanda, ATƏT-in Minsk Qrupu və əlaqəli strukturlarının bağlanması qərara alınaraq bu mexanizmin fəaliyyəti dayandırıldı. Bu addım uzun illər uğursuz nəticələrlə yadda qalan danışıqlar prosesinin sona çatdığını və yeni, daha effektiv mexanizmlərin tətbiqinə başlanmasını simvollaşdırır.

Regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası baxımından "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adlı layihə Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz, fasiləsiz əlaqə yaratmağı nəzərdə tutur. Bu dəhliz yalnız Azərbaycanın regional tranzit imkanlarını artırmaqla kifayətlənməyəcək, həm də Ermənistan üçün yeni iqtisadi və kommunikasiya imkanları açacaq. Zəngəzur dəhlizinin reallaşması isə Azərbaycanın beynəlxalq nəqliyyat siyasətində bərabərhüquqlu iştirakını təmin edən vacib addımdır.

Səfər zamanı Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi məqsədilə Strateji İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Bu qrup enerji, ticarət, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməyə, həmçinin uzunmüddətli strateji tərəfdaşlığı möhkəmləndirməyə yönəlmişdir. ABŞ tərəfindən 1992-ci ildən tətbiq edilən və Azərbaycan-ABŞ əlaqələrinə məhdudiyyətlər gətirən 907-ci düzəlişin ləğvi isə ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdı.

Enerji sektorunda da əməkdaşlıq genişləndi: SOCAR ilə ExxonMobil arasında imzalanan əməkdaşlıq memorandumu enerji mənbələrinin səmərəli istifadəsinə imkan yaradacaq və ölkənin enerji təhlükəsizliyini gücləndirəcək.

Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan diplomatiyasının və beynəlxalq siyasi strategiyasının qələbəsi kimi qeyd olunur. Bu səfər həm də Cənubi Qafqazın gələcək siyasi arxitekturasını formalaşdıraraq regionda uzunmüddətli sülhün təminatçısı oldu. Prezident İlham Əliyevin Ağ Evdə yüksək səviyyədə qəbul olunması və ABŞ Prezidentinin ona "böyük lider" kimi müraciəti, ölkəmizin dünya siyasətindəki yerini və təsirini bir daha təsdiqlədi.

Bu proseslər Azərbaycanın ərazi bütövlüyünün və dövlət müstəqilliyinin təminatında qətiyyətli mövqeyinin beynəlxalq səviyyədə tanınması ilə yanaşı, bölgədə yeni investisiya imkanlarının yaradılması və iqtisadi əlaqələrin genişlənməsi üçün də əsasdır. İlham Əliyevin uzaqgörən diplomatik strategiyası regionda sülhü, sabitliyi və iqtisadi inkişafı təmin etməkdə həlledici rol oynayır.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
63
50
yeniazerbaycan.com

10Sources