EN

Sülh prosesi: Ermənistan məsələni yubatmamalıdır

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Pərvanə SULTANOVA[email protected]

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ştatlara tarixi səfəri həm iki ölkənin münasibətlərində, həm də Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, əmin-amanlığın bərqərar olmasında mühüm hadisəyə çevrildi. Səfər zamanı verilən bəyanatlar, imzalanan sənədlər, əldə edilən razılaşmalar Azərbaycanın təkcə müharibədə deyil, həm də diplomatiyada böyük zəfərə imza atdığını nümayiş etdirdi.

Prezidentin səfərinin gündəliyi həm Azərbaycan-ABŞ ikitərəfli əlaqələrini, həm də Azərbaycan-Ermənistan sülh gündəliyini əhatə edirdi. 

Məlumdur ki, Bayden-Blinken administrasiya dövründə Azərbaycana qarşı qərəzli siyasət aparılırdı. Səbəb isə ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi idi. Hətta Azərbaycana qarşı sanksiyaların tətbiqi də gündəmə gətirilirdi. Bütün siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyalarına baxmayaraq, Prezident İlham Əliyev öz prinsipal mövqeyindən, milli maraqlarımızdan geriyə bir addım belə atmadı, əsl liderə xas olan qətiyyət və prinsipiallıq nümayiş etdirərək siyasi strategiyasını tam həcmdə və uğurla reallaşdırdı. 

Beləliklə, dövlət başçısının ABŞ-a tarixi səfəri, əldə olunmuş nailiyyətlər həm də Bayden-Blinken administrasiyasının, Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və digər qüvvələrin Azərbaycanı güzəştlərə məcbur etmək siyasətinin tam iflası oldu. Ağ Evdəki görüşdən sonra həmin dairələrdən verilən dəstək bəyanatları onu göstərir ki, dünən ölkəmizlə təzyiq dilində danışmağa çalışanlar, bu gün artıq reallığı qəbul etmək məcburiyyətindədirlər. Bu, qalib Prezident, regiona sülh gətirən İlham Əliyevin, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.

Sabiq administrasiyadan fərqli olaraq Donald Tramp həm birinci prezidentliyi dönəmində, həm də hazırkı fəaliyyətində bütün dünyada sülhün olmasına çalışır, müharibələrə yol vermir, öz siyasətini obyektivlik üzərində qurur.  

Azərbaycan lideri hər zaman Trampın siyasətini, yanaşmasını təqdir edib. Yada salmaq lazımdır ki, ABŞ-da ötən ilin 5 noyabrında keçirilən prezident seçkilərindən 3 ay əvvəl Şuşadakı Qlobal Media Forumunda Prezident İlham Əliyev Tramp haqqında müsbət fikirlər söyləyərək diplomatik dillə desək, onun namizədliyini dəstəkləmişdir. Dövlət başçısı bir neçə dəfə açıqlamalarında Trampın prezidentliyi dövründə ABŞ-ın heç bir müharibəni başlatmadığını, onun ailə dəyərlərinə, ənənəvi dəyərlərə xüsusi önəm verdiyini bildirib.

Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı. Hər iki lider arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi baş tutdu. Ağ Evdəki görüşdə də Trampın Azərbaycan liderinə xüsusi hörməti, səmimi münasibəti diqqət çəkdi. 

İndi əminliklə deyə bilərik ki, ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olub, əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. 

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı

Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur. 

Qeyd edək ki, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı 3 istiqaməti əhatə edəcək. Birincisi, enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, ikincisi, süni intelekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə, üçüncüsü, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq. Bu məqsədlə yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir. 

907-ci maneə artıq olmayacaq 

Azərbaycan Prezidentinin tarixi səfəri zamanı qəbul edilən mühüm qərarlardan biri də 907-ci düzəlişin ləğvi oldu. Prezident Tramp "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı. Xatırladaq ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdir.

Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına 907 saylı düzəlişi yenidən canlandırıb, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. Bu ədalətsiz düzəlişin məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi son dərəcə tarixi və rəmzi xarakter daşıyır. 

Dövlət başçısı öz müsahibəsində bununla bağlı deyib: “Prezident Trampın bu rəmzi jestinin bizim üçün çox dərin mənası var. Təbii ki, bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik. Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin aradan qalxdığını göstərir”. 

Azərbaycan-Ermənistan: Birgə Bəyannamə

ABŞ Prezidenti Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq imzalanan Birgə Bəyannamə əldə olunan ən mühüm razılaşmalardan biridir. Bu, nəhayət ki, Cənubi Qafqaza sülh gətirəcək. Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürüb: Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi və Ermənistan konstitusiyasına dəyişikliklər edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması. Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsi üçün iki ölkənin ATƏT-in Baş katibinə birgə müraciət edəcəyi təsdiqləndi. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır. 

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçısının bu tələbi də Ermənistan tərəfindən qəbul edilib. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur dəhlizi reallaşır. 

Vaşinqtonda, həmçinin Zəngəzur dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanıb. Prezident Tramp Zəngəzur dəhlizinin qarantı rolunu oynayacaq.

Sülh müqaviləsi mətninin paraflanması

Vaşinqtonda baş vermiş daha bir tarixi hadisə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanmasıdır. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Paraflanma yekun sülhün bir addımlığında olmaq deməkdir. Amma sülh müqaviləsinin imzalanması 2026-cı ildə Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra mümkündür. 

Beləliklə, 8 avqust mühüm bir tarix olmaqla, Cənubi Qafqazda nəhayət sülh üçün dönüş nöqtəsi oldu. Bu mərhələyə çatılmasında isə Azərbaycan liderinin müstəsna rolu var. 

Prezident İlham ƏIiyev müharibənin qalibi olmaqla yanaşı, sülh gündəliyinin də banisidir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əsasını təşkil edən “5 əsas prinsip” 2022-ci ildə məhz Azərbaycan tərəfindən irəli sürülüb. Sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanıb. Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi, Zəngəzur dəhlizi ilə bağlı da məqsədə nail olundu. Birgə Bəyannamə ilə regionda Azərbaycanın yaratdığı status-kvo bir daha təsbit olunur, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ yeni reallığı qəbul edir.

İndi Ermənistan üzərinə düşən məsuliyyəti dərk edərək, gecikmədən tələb olunan addımları atmalıdır. Prezident müsahibəsində bu məqama toxunaraq deyib: “Mən şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”.

Vaşinqton səfərinin nəticələri, regionda davamlı sülhün təmin olunması üçün görülən işlər, Prezident İlham Əliyevin sülh prosesində liderliyi regionu, insanların həyatını yeni müharibələrdən, qarşıdurmalardan xilas etdi. Çünki müharibə Azərbaycanın zəfəri ilə başa çatsa da, yeni eskalasiyanın, yeni müharibənin baş verməyəcəyinə qarantiya yox idi. Üstəgəl, həm Ermənistanın daxilindəki təxribatçı qüvvələr, həm də bəzi xarici dairələr buna təhrik edirdilər. Beləliklə, Azərbaycan həm müharibədə tam və mütləq qələbə qazanıb, həm onun nəticələrini beynəlxalq ictimaiyyətə qəbul etdirib, həm də Vaşinqton zəfəri ilə sülhü qazanıb. Dünya tarixində həm müharibəni udan, həm sülhü qazanan az sayda dövlətlər var. Azərbaycan öz liderinin rəhbərliyi ilə həm müharibəni, həm sülhü qazandı, həm də onun nəticələrini bütün dünyaya qəbul etdirdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
50
525.az

10Sources