EN

Gürcüstanda mer vəzifəsinə azərbaycanlının namizədliyi irəli sürüldü

TBİLİSİ, 11 avqust. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Marneuli meri vəzifəsinə Daur İsmayılovun namizədliyini irəli sürüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə D.İsmayılovun özü feysbuk səhifəsində məlumat verib.

“Göstərilən etimada görə partiyaya səmimi təşəkkürümü bildirirəm”, - o yazıb.

Soydaşımız Marneuli meri postu uğrunda mübarizəni “Gürcüstanda sülh! Marneulidə daha çox inkişaf!” şüarı ilə aparacaq.

Qeyd edək ki, 31 yaşlı D.İsmayılov Marneuli bələdiyyə məclisinin əməkdaşıdır. 2021-ci ildən Marneuli meri vəzifəsini Kənan Ömərov tutub.

Xatırladaq ki, Gürcüstanda yerli seçkilər bu ilin oktyabrın 4-də keçiriləcək. Seçicilər 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.

“Gürcü Arzusu” bu vaxta qədər Tbilisi meri vəzifəsinə Kaxa Kaladzenin namizədliyini irəli sürüb. Hakim partiya Tbilisi bələdiyyəsinin majoritar deputatları vəzifələrinə də namizədlərini təqdim edib.

Chosen
13
9
teleqraf.com

10Sources