EN

Ermənistan prosesi süni şəkildə uzatmamalıdır

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri və bu səfər çərçivəsində verdiyi strateji mesajlar bir daha sübut etdi ki, Azərbaycanın siyasi rəhbərliyi regional və qlobal miqyasda proseslərin gedişatını müəyyən edən başlıca aktora çevrilib. Tarixi səfərin nəticələri və dövlət başçımızın son açıqlamaları Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallığın formalaşdığını təsdiqləyən mühüm siyasi mərhələdir. Cənab Prezidentin sözügedən səfər zamanı və ondan sonra verdiyi bəyanatlar, xüsusilə Ermənistanla sülh gündəliyinə dair fikirləri Azərbaycanın bu prosesdə səmimi, ardıcıl və təşəbbüskar mövqeyini bir daha ortaya qoymuş oldu. Həmçinin dövlət başçımızın Ermənistan Konstitusiyasında dəyişikliklərin zəruriliyi ilə bağlı səsləndirdiyi fikirlər sülh müqaviləsinin imzalanması istiqamətində əsas maneəni aydın şəkildə ifadə etmiş oldu. Cənab Prezident açıq şəkildə bildirdi ki, Ermənistan bu prosesi süni şəkildə uzatmamalıdır. Bu yalnız Azərbaycanın deyil, eləcə də vasitəçilik missiyasını öz üzərinə götürmüş Amerika Birləşmiş Ştatlarının və şəxsən Prezident Donald Trampın təşəbbüsünə qarşı da hörmətsizlik kimi qiymətləndirilə bilər. Belə olan halda isə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Aytən Qurbanova bildirdi. 

Politoloq bildirdi ki, heç şübhəsiz ki, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri diplomatik və siyasi nöqteyi-nəzərində çox mühüm tarixi hadisə kimi qiymətləndirilməlidir. Bu səfərin başlıca nəticələrindən biri uzun müddətdir ki, Azərbaycanın suveren maraqlarına təzyiq göstərməyə çalışan Bayden-Blinken administrasiyası, eləcə də Avropa İttifaqı, Avropa Parlamenti və Fransa kimi dairələrin birtərəfli siyasətinin iflasa uğramasıdır. Beynəlxalq mediada ölkəmizə qarşı həyata keçirilən qaralama kampaniyalarına, siyasi-diplomatik təzyiqlərə və sanksiya ritorikasına baxmayaraq, Prezident İlham Əliyev milli maraqlardan bir addım belə geri çəkilmədi, əsl Lider qətiyyəti və prinsipiallığı nümayiş etdirdi. Bu həm siyasi cəsarətin, həm də uzaqgörən strateji baxışın bariz təzahürüdür.

Ekspert qeyd etdi ki, Vaşinqton səfəsinin mühüm nəticələrindən biri də Azərbaycanın sülh gündəliyində aparıcı mövqeyinin daha da möhkəmləndirilməsi oldu. Müharibədə qələbə qazanmış, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş bir dövlət kimi Azərbaycan bu gün bölgədə sülhün və sabitliyin əsas təminatçısıdır. Cənab Prezidentin vurğuladığı kimi regionda yeni müharibə risklərinin qarşısının alınması sülh prosesinin əsas mahiyyətini təşkil edir. Bu isə təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, regionda sabitliyi pozmağa və yeni süni münaqişə ocaqları yaratmağa çalışan bəzi xarici dairələrin səyləri də iflasa uğradı. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan qətiyyətli siyasəti bu cəhdlərin qarşısını alaraq regionda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşmasına real zəmin yaratmışdır. Bugünkü reallıq onu göstərir ki, Azərbaycan artıq təkcə regional deyil, qlobal miqyasda da söz və nüfuz sahibidir. Ermənistanla münasibətlərin normallaşdırılması, beynəlxalq təzyiqlərə qarşı nümayiş etdirilən möhkəm siyasi iradə və müstəqil qərarvermə qabiliyyəti Azərbaycanın siyasi çəkisini və liderlik statusunu daha da gücləndirən önəmli məqamlardır.

Heç şübhəsiz ki, bu proseslərin mərkəzində dayanan Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi və liderlik keyfiyyətləri ölkəmizin uğurları şərtləndirən əsas faktorlardandır. Bugün yüksələn güc olaraq Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, milli maraqlara əsaslanan siyasi kursun qətiyyətlə həyata keçirilməsi və sülh prosesinə töhfə verən aparıcı dövlət kimi çıxış etməsi bu uzaqgörən siyasətin məntiqi nəticəsidir.

Chosen
95
25
ikisahil.az

10Sources