AZ

Deputat: Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur

Bakı, 11 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Birləşmiş Ştatlara işgüzar səfəri, Vaşinqtonda keçirdiyi görüşlər, həmçinin imzalanan sənədlər tarixi xarakter daşıyır. Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın regionda dünya dövləti səviyyəsində yaratdığı status-kvonu bir daha təsdiqlədi. İndi Cənubi Qafqazın yeni reallığının beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunması heç kimdə şübhə doğurmur. Dünya Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh və dövlətlərarası münasibətlərin təsis olunmasına dair sülh sazişinin paraflanmasına şahidlik etdi. Ağ Evdə baş tutan görüş və orada imzalanan sənəd regionda uzun müddətdir gözlənilən sabitlik və əməkdaşlıq dövrünün başlanğıcını simvollaşdıracaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib.

Deputat bildirib ki, Birgə Bəyannamə Azərbaycanın maraqlarına uyğundur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatiyasının növbəti qələbəsidir. Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdi ki, sülh sazişinin imzalanması üçün ATƏT-in Minsk qrupu ləğv olunmalı və Ermənistan bu məsələdə mövqeyini ortaya qoymalıdır. Əvvəllər rəsmi İrəvan bundan imtina etsə də, Prezident İlham Əliyevin qətiyyəti qarşısında bu şərti qəbul etmək məcburiyyətində qaldı. Artıq hər iki lider ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı ortaq mövqe sərgilədi. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən ATƏT-ə birgə müraciət də imzalandı.

“Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin olunmalıdır. Prezident İlham Əliyevin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu. Birgə Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruriliyi vurğulanıb. Zəngəzur dəhlizi (TRIPP) layihəsi üzrə bu mühüm məqam nəzərə alınır, Zəngəzur dəhlizi reallaşır. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gediş-gəlişə nail olur”, - deyə A.Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin (Tramp yolu) açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları, uzunmüddətli sabitlik perspektivləri yaradır. Beləliklə, Vaşinqton razılaşması məhz Azərbaycanın irəli sürdüyü şərtlər əsasında formalaşıb. Yəni, bütün proseslərdə Azərbaycanın liderliyi öz sözünü deyir. Bu baxımdan Azərbaycanın mövqeyi bölgədə dayanıqlı sülhün əldə olunması üçün ciddi zəmin yaradır.

Prezident İlham Əliyevin Vaşinqtona səfərinin, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığını qeyd edən deputat bildirib ki, Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Memorandumun imzalanması ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin yeni pilləyə qalxdığını və Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni səhifənin açıldığını göstərdi. Bu sənəd iki ölkə arasında enerji, enerji-tranzit, neft sənayesi, süni intellekt və rəqəmsal iqtisadiyyat kimi sahələr üzrə strateji inkişaf üçün geniş perspektivlər açır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu strategiya Azərbaycanın iqtisadiyyatının müasirləşdirilməsi, innovativ texnologiyaların ölkəyə gətirilməsi və dayanıqlı inkişafının təmin edilməsi üçün zəmin yaradır.

Deputatın fikrincə, sənədin imzalanması regionda güclü iqtisadi dinamikanın formalaşdırılmasına və Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəlməsinə səbəb olacaq. Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupun yaradılması da bu istiqamətdə atılmış çox mühüm addımdır. Əlbəttə ki, ölkələrimiz arasında münasibətlərin bundan sonra səmimi əsaslar üzərində inkişaf edəcəyini göstərən mühüm məqamlardan biri də ədalətsizlik simvolu olan 907-ci düzəlişin ləğvidir. Mediaya müsahibəsində bu məsələyə toxunan dövlətimizin başçısı bildirdi ki, 1992-ci ilin oktyabr ayında Azərbaycanın ədalətsiz şəkildə ABŞ Konqresi tərəfindən məruz qoyulduğu bu sanksiyanın bu gün birbaşa Azərbaycan Prezidentinin iştirakı ilə ləğv edilməsi tarixi hadisədir və çox rəmzi xarakter daşıyır.

“Ağ evdə keçirdiyi görüşlər, etdiyi çıxışlar və verdiyi bəyanatlar Prezident İlham Əliyevin yüksək siyasi-diplomatik təcrübəyə malik siyasi lider olduğunu bir daha nümayiş etdirdi. Bu baxımdan Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri həm iki ölkə arasında mövcud münasibətlərin bundan sonra yeni müstəvidə inkişaf edəcəyini, həm də Cənubi Qafqazda uzun zamandır gözlənilən sülhün bərqərar olunacağını, habelə bir sıra dövlətlər üçün yeni investisiya imkanlarının açılacağını deməyə əminlik verir”, - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.

Seçilən
26
2
azertag.az

10Mənbələr