Qadın sünnəti nəticəsində körpənin ölümü etirazlara səbəb olub
Ajans.az BBC-ə istinadən xəbər verir ki,körpə şiddətli qanaxma ilə paytaxt Banjiuldakı xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Bir çoxları hadisəni Qərbi Afrika ölkəsində qanunla qadağan olunmuş qadın sünnəti ilə əlaqələndirir. “Mədəniyyət bəhanə deyil, ənənə qalxan deyil. Bu, zorakılıqdır, saf və sadə,” – deyə “Liderlikdə və Azadlıqda Qadınlar” (WILL) təşkilatı bəyan edib. Polis hadisə ilə bağlı iki qadının həbs olunduğunu açıqlayıb. Kombo Şimal bölgəsinin deputatı Abdoulie Ceesay uşaqların zərərli ənənələrdən qorunmasının vacibliyini vurğulayaraq, “Bu günahsız uşağın itkisi unudulmamalıdır” deyib. Qambiyada qadın sünnəti 2015-ci ildən qadağan edilsə də, statistikaya görə, 15–49 yaş arası qadın və qızların 73%-i bu prosedura məruz qalıb. Qanun pozuntusuna görə üç ilə qədər həbs, ölüm halında isə ömürlük cəza nəzərdə tutulur. Lakin 2023-cü ildə cəmi iki iş üzrə ittiham irəli sürülüb, bir nəfər məhkum edilib. WILL təşkilatının qurucusu Fatou Baldeh BBC-yə bildirib ki, son illərdə körpələrə qadın sünnəti halları artıb. Onun sözlərinə görə, bəzi valideynlər bunu erkən yaşda etməyin həm sağalma müddətini qısaltdığını, həm də qanuna qarşı aşkarlanma riskini azaltdığını düşünür. Qadın sünnəti dünyada 70-dən çox ölkədə qadağandır, lakin xüsusən Qambiya kimi müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkələrdə hələ də davam edir.