EN

Zəngəzur dəhlizi ilə bağlı ABŞ-ın layihəsi Rusiya XİN-də təhlil olunur...


Akif Nağı: “Hesab edirəm ki, bu cür açıqlamalar məsələnin Rusiya üçün açıq qaldığını, Rusiyanın bu prosesi birmənalı şəkildə dəstəkləmədiyini göstərir”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında danışıqlarla bağlı şərh verib.

“Xatırlatmaq yerinə düşər ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın birbaşa yardımı, mərkəzi rolu ilə 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi hərəkətlərə dair ən yüksək səviyyədə üçtərəfli bəyanatın qəbulu ilə başlayıb”-deyə Zaxarova bildirib.

XİN sözçüsü qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh regional kontekstdə və maraqlar balansına əsaslanmalıdır. O əlavə edib ki, ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda keçirilən görüşü müsbət qiymətə layiqdir: “Regiondankənar oyunçuların Cənubi Qafqazda həll yollarının axtarışına cəlb edilməsi yeni ayırıcı xətlər yaratmamalıdır. Rusiya Federasiyası əlavə olaraq Vaşinqtonun Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı bəyanatlarını təhlil edəcək”.

Zaxarova deyib ki, Rusiya Qafqazda kommunikasiyaların açılması ilə bağlı Qərbin bəyanatlarını təhlil edəcək.

Bu necə başa düşülə bilər?

“Rusiya bu prosesdən tam şəkildə narazıdır, onların istəkləri nəzərə alınmadı, Vaşinqton razılaşması Rusiyanın Cənubi Qafqazdan çıxarılması deməkdir”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya XİN-in bu cür mövqedən çıxış etməsi, bəyanatların təhlil ediləcəyi ilə bağlı fikirləri, bu məsələyə XİN tərəfindən reaksiya verilməsi, hələ Rusiya prezidenti V.Putinin reaksiyasının olmaması Rusiyanın gözləmə mövqeyində olduğunu düşünməyə əsas verir: “Gördünüz ki, əvvəlcə İran sərt mövqedən çıxış etdi, o da geriyə çəkildi. Özlərinin artıq guya “tələblərinin yerinə yetirilməsi” mövqeyindən çıxış edirlər. Rusiya da bu məsələyə susqunluqla cavab verdi. Zaxarova açıqlama verdi ki, regionda sabitliyə, sülhə dair bu cür sənədin imzalanmasını müsbət dəyərləndirirlər. Amma sonradan da özlərinin mövqeyini ortaya qoyurlar ki, bu prosesi guya Rusiya başladıb, bunun əsas təməlini Rusiya qoyub, onun üzərində bu cür nəticəyə nail olunub, guya ruslar olmasaydı heç bir nəticə olmayacaqdı. Özlərini bu prosesin iştirakçısı kimi göstərməyə çalışırlar. Amma digər açıqlamalarda da göstərirlər ki, Rusiyanın regionda maraqları arxa plana keçməməlidir. Təxminən belə bir mövqedən çıxış edirlər. Zaxarovanın açıqlaması da o məqsədə, o xəttə xidmət edir ki, bu məsələləri təhlil edəcəklər və özləri üçün guya nəticə çıxaracaqlar. Hesab edirəm ki, bu cür açıqlamalar məsələnin Rusiya üçün açıq qaldığını, Rusiyanın bu prosesi birmənalı şəkildə dəstəkləmədiyini göstərir. Özünün hansısa iddialarını ortaya qoymaq üçün ilkin bir şərt olaraq bu məsələni ortaya qoyurlar. Ola bilər ki, ruslar müəyyən bir vaxtdan sonra yenidən 2020-ci ilin 10 noyabr bəyannaməsini ortaya gətirsinlər, ordakı Rusiya sərhəd xidmətinin xüsusi qüvvələrinin Zəngəzur dəhlizinə nəzarət etməsi ilə bağlı razılaşmanı meydana çıxarsınlar. Amma onların hamısının üzərindən artıq xətt çəkilib. Bir açıqlama da onlar tərəfindən verilib ki, həmin razılaşmadan Azərbaycan və Ermənistanın rəsmi qaydada geri çəkildiyi ilə bağlı fakt yoxdur. Belə bir şey də oldu. Əslində Azərbaycan və Ermənistan bu sənədləri, müqavilələri imzalamaqla qərarlarını verdilər, Zəngəzur dəhlizindən istifadə ilə bağlı mövqe ortadadır, ABŞ-a üstünlük verildi. ABŞ da birinci növbədə Azərbaycanın, müəyyən qədər də Ermənistanın maraqlarını nəzərə aldı və artıq hesab etmək olar ki, 10 noyabr razılaşması Vaşinqton razılaşmaları ilə qüvvədən düşüb. 10 noyabr razılaşmasının Vaşinqton razılaşması ilə qüvvədən düşdüyünü Rusiya başa düşür. Amma ola bilər ki, hansısa təxribat törətmək, proseslərə mane olmaq üçün Rusiya 10 noyabr bəyannaməsindən istifadə etsin. Fikrimcə, Rusiya məğlub durumda olduğunu başa düşür və vəziyyətdən çıxış yollarını axtarır. Rusiya bu prosesdən tam şəkildə narazıdır, onların istəkləri nəzərə alınmadı, Vaşinqton razılaşması Rusiyanın Cənubi Qafqazdan çıxarılması deməkdir”.

A.Nağının sözlərinə görə, Rusiya bunu başa düşərsə region dövlətləri ilə münasibətlərini saxlayacaq. Region dövlətlərinin, ilk növbədə də Azərbaycanın maraqlarının nəzərə alınmalı olduğunu deyən A.Nağı hesab edir ki, Rusiya Azərbaycanla münasibətləri normallaşdırmalıdır, bunun üçün də Azərbaycanın irəli sürdüyü tələblər yerinə yetirilməlidir. A.Nağı qeyd etdi ki, istər vurulan təyyatəmizlə, istər Rusiyadakı günahsız azərbaycanlılara qarşı törədilən cinayətlətlə bağlı Azərbaycanın tələblərinə əməl edilməlidir.

A.Nağının sözlərinə görə, Rusiya mediasının, Rusiya rəsmiləri, deputatları Azərbaycana qarşı qərəzli mövqedən çıxış etmələrinə, yalan-böhtan kampaniyasına son qoymalıdır ki, Azərbaycanla münasibətlərini düzəltsinlər. “Əgər bunu etsələr, regionda ən azından xoş münasibətlər vasitəsilə qalacaqlar. Müasir dünyanın ən böyük layihəsi olan Orta Dəhliz layihəsindən Rusiya kənarda qalır. Orta Dəhliz-Şərq-Qərb, eyni zamanda Rusiyanın müdafiə etdiyi Şimal-Cənub layihəsi var, əgər Rusiya özünü normal aparsa, belə bir ideya da var ki, Şərq-Qərb, Şimal-Cənub xətləri, dəhlizləri, marşurstları birləşdirilsin. Yəni onlar bir-biri ilə kəsişsin ki, hər iki xətdən dünyanın əksər ölkələri, o cümlədən Rusiya istifadə edə bilsin. Əgər normal siyasət yürütsə bu olacaq, yürütməsə, yenə də Şimal-Cənub layihəsi, ola bilsin, istənilən effekti verməsin. Rusiya da tam kənarda qalsın. Məsələnin bir tərəfi budur. İkinci tərəfi ondan ibarətdir ki, Rusiya ilə ABŞ arasında hələ Ukrayna bazarlığı gedir...”-deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA

Chosen
106
50
baki-xeber.com

10Sources