EN

Moskva hücumları davam etdirsə... - Bakı bu qərarı verə bilər

Dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Görüşdə Rusiyanın Ukraynanın qaz infrastrukturu və SOCAR-a məxsus neft bazasına endirdiyi hava zərbələri müzakirə edilib. Hər iki lider Rusiya Silahlı Qüvvələrinin fəaliyyətindən narahatlığını ifadə edib.

"Bakuinfo" xəbər verir ki, Caliber.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, əgər Rusiya Azərbaycanın maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə, rəsmi Bakı öz arsenalında olan silahların Ukraynaya tədarükünə qoyulan embarqonun götürülməsi məsələsini nəzərdən keçirməyə başlayacaq.

Politoloq Elxan Şahinoğlu “AzPolitika.info”ya deyib ki, Azərbaycanın Ukraynaya silah satışına embarqonu qaldıra biləcəyi anonsunun verilməsi tam yerindədir: "Rusiya ordusu Kremlin təlimatıyla Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini hədəf alıb. Əvvəlcə Azərbaycan qazını Ukraynaya nəql edən boru xəttinə, bir neçə gün sonra isə Dövlət Neft Şirkətinin Odessa şəhərindəki yanacaq mərkəzinə raket zərbələri endirdilər. Bununla Kreml Azərbaycanla onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirib. Dövlət Neft Şirkətinin xarici ölkədəki yanacaq mərkəzinə zərbə endirmək və orada çalışan insanlara zərər yetirmək faktiki Azərbaycanı hədəf almaq deməkdir. Buna görə də rəsmi Bakı adekvat addımlar barədə düşünmək məcburiyyətindədir. Belə vəziyyətdə Azərbaycanın Ukraynaya silah satışına embarqonu qaldıra biləcəyi anonsunun verilməsi tam yerindədir".

Xatırladaq ki, Rusiya ordusu son vaxtlar Ukrayna ərazisində Azərbaycana məxsus enerji obyektlərinə ardıcıl zərbələr endirir. Bu vəziyyət Bakını cavab addımları atmağa məcbur edir və iki ölkə arasındakı münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

Avqustun 7-dən 8-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Odessa vilayətində yerləşən SOCAR neft bazasına hücum edib. Hücum zamanı beş “Şahed” kamikadze dronu obyektə istiqamətləndirilib, nəticədə yanğın baş verib və dizel boru kəməri zədələnib. SOCAR-ın dörd əməkdaşı ağır yaralanıb. Bu, son həftələrdə Azərbaycana məxsus obyektlərə edilən ikinci hücumdur.

Bundan əvvəl Rusiya, 28 iyunda Azərbaycandan Ukraynaya qaz nəqlinin başladığı Trans-Balkan qaz kəmərinin mühüm hissəsi olan Orlovka yaxınlığındakı qazpaylayıcı stansiyanı hədəfə alıb.

Chosen
28
2
bakuinfo.net

10Sources