EN

İsrailin “Dror 1” rabitə peyki orbitdə fəaliyyətə başlayıb

İsrailin milli rabitə peyki “Dror 1” təyin olunmuş 36000 km hündürlüyə çatıb və dövlətə xidmət missiyasına başlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Israel Aerospace Industries” (IAI) şirkəti məlumat yayıb.

Bildirilib ki, planlaşdırılmış trayektoriyaya çatdıqdan sonra peyk telemetriya məlumatları ötürərək günəş panellərinin, rabitə antenalarının açıldığını və əsas mühərrikinin işə salındığını təsdiqləyib. Bu mühərrik peyki dəqiq şəkildə nəzərdə tutulmuş orbitə yerləşdirib.

“İsrailin milli rabitə peyki “Dror 1”dən alınan telemetriya məlumatları onun tam funksionallığını və orbitə uğurla daxil olduğunu təsdiqləyir ki, bu da İsrailin kosmik müstəqillik yolundakı növbəti böyük nailiyyətini ifadə edir. İsrail dövlətinin strateji qərarına qarşı böyük məsuliyyət hissi ilə hərəkət edən IAI ölkənin kosmik təşəbbüslərinə rəhbərlik etməkdən və ona kosmosda suveren imkanlar təqdim etməkdən qürur duyur. “Dror 1” nümunəsində öz əksini tapan bu növbəti nəsil rabitə peykləri mühəndislik mükəmməlliyini və uzaqgörənliyi təcəssüm etdirərək, İsrailin müxtəlif və dəyişən ehtiyaclarını qarşılamaq üçün qabaqcıl həllər təqdim edir”, – deyə IAI prezidenti və baş direktoru Boaz Levi qeyd edib.

Xatırladaq ki, IAI-nin hazırladığı “Dror 1” peyki 2025-ci il iyulun 13-də ABŞ-ın Keyp Kanaveralda yerləşən “SpaceX” buraxılış meydançasından “Falcon 9” raketi ilə orbitə göndərilib. Uçuşdan dərhal sonra peykdən ilkin telemetriya məlumatları qəbul edilib və onun düzgün işlədiyi təsdiqlənib. IAI mühəndisləri tərəfindən aparılan bir sıra sınaqlardan sonra alınan telemetriya yeniləmələri peykin orbitə uğurla daxil olduğunu göstərib. Peykin sonuncu təyinat nöqtəsinə çatması üçün IAI-nin idarəetmə mərkəzindən verilən dəqiq komanda və istiqamətləndirmələrlə bir sıra yoxlamalar həyata keçirilib. Nəticədə peyk nəzərdə tutulmuş hündürlük və orbital mövqeyə çatdırılıb.

IAI İsrailin milli “Kosmik Evi”dir və 1980-ci illərdən bəri ölkənin kosmik proqramlarında iştirak edir. Şirkət İsraildə və dünya üzrə elmi, mülki və milli missiyalara xidmət edən qabaqcıl rabitə və müşahidə peyklərinin hazırlanması, istehsalı və buraxılışını həyata keçirib.

İsrailin milli rabitə peyki olan “Dror 1”, IAI tərəfindən hazırlanıb və istehsal olunub. O, dünyada öz sinfində ən qabaqcıl peyklərdən biri hesab edilir. Uzun illər ərzində İsrailin rabitə ehtiyaclarını ödəyəcək bu peyk, innovativ və unikal rabitə imkanlarına malikdir və fəaliyyət müddəti boyunca yüksək rabitə çevikliyi təmin edəcək.

Chosen
27
poliqon.az

1Sources