EN

ABŞ mərkəzi Vaşinqton razılaşması barədə: Qazanan Bakı və Ankara oldu

BAKI, 12 avqust. TELEQRAF

Avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı tarixi görüş üçün qəbul edib. görüş çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı uzun müddətdir davam edən mübahisənin həlli istiqamətində mühüm addım olan saziş imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Soufan Center”in (ABŞ) təhlilində deyilir.

Analizdə bildirilir ki, Trampın vasitəçiliyi ilə imzalanmış saziş ABŞ-a 99 il müddətinə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu”na (TRIPP) eksklüziv nəzarət hüquqları verir. Bu təşəbbüsə əsasən, Birləşmiş Ştatlar Ermənistanın cənubunda (Qərbi Zəngəzur) dəmir yolları, enerji nəqliyyatı infrastrukturu və fiber-optik kommunikasiya xətləri inşa edəcək.

Analitik mərkəz vurğulayır ki, Zəngəzur dəhlizi konsepsiyasını əvəz edən TRIPP Azərbaycanın əsas hissəsini onun eksklavı ilə - Naxçıvanla birləşdirəcək:

“Yol Ermənistan ərazisi vasitəsilə Azərbaycandan Türkiyəyə dəhliz yaradaraq, Cənubi Qafqazda regional əlaqəni yaxşılaşdıracaq, Avropa və Qərbə birbaşa çıxışı təmin edəcək. Marşrut həm İrandan, həm də Rusiyadan yan keçəcək. Bu, Vaşinqton və müttəfiqləri üçün strateji qələbə olacaq”.

Təhlil müəlliflərinə görə, ABŞ TRIPP vasitəsilə İran və Ermənistan arasındakı yeganə quru sərhədini də nəzarətə götürəcək və Tehranın Ermənistana yeganə giriş nöqtəsini kəsəcək.

Mərkəz əlavə edir ki, TRIPP bir çox cəhətdən Zəngəzur dəhlizinin orijinal ideyasına bənzəyir və bu, Azərbaycana bir hissəsi olan Naxçıvana və əks istiqamətdə maneəsiz keçid təmin edəcək:

“TRIPP Ermənistandan çox Türkiyə və Azərbaycana sərf edir. Azərbaycan üçün layihə Naxçıvanla və Türkiyə ilə birbaşa quru əlaqəsini təmin etmək kimi çoxdankı strateji hədəfi yerinə yetirir. Ankara üçün bu, türk dünyası ilə fiziki əlaqə yaradır, regional nəqliyyat qovşağı rolunu gücləndirir və Cənubi Qafqazda geosiyasi təsirini artırır”.

Təhlildə o da bildirilir ki, marşrut üzərində məhdud nəzarət, kiçik ixrac potensialı və tranzit ticarətindən faydalanmaq imkanları az olan Ermənistan Türkiyə və Azərbaycanın strateji üstünlüyünü tanımaqla, TRIPP-dən tərəfdaşlarına nisbətən daha az qazanc əldə edəcək:

“Ermənistan qonşusu (Azərbaycan) ilə danışıqlar baxımından əlverişsiz vəziyyətdədir. 1991-ci ildə SSRİ-dən müstəqillik əldə etdikdən sonra özünün ən zəif mövqeyindədir.

Danışıqlar başlayandan Azərbaycan üstün mövqedədir. Bakı Türkiyə və İsraillə dərin strateji əlaqələrdən, Avropa İttifaqı ilə güclü enerji və ticarət əlaqələrindən faydalanır, Böyük Britaniyadan 80 milyard dollardan çox sərmayə cəlb edib. Bundan əlavə, Vaşinqton Ermənistanla müqavilə imzalamaq müqabilində 1992-ci ildən Azərbaycana yardımı məhdudlaşdıran “907-ci düzəliş”in icrasını dayandırıb.

Ağ Evdə keçirilən sammitdə Türkiyə iştirak etməyib, amma Prezident Rəcəb Tayyib Ərdoğan indiyə qədər danışıqlarda əsas rollardan birini oynayıb. TRIPP təkcə Türkiyənin bölgədəki maraqları üçün strateji uğur deyil, həm də Ankaranın regional hegemon kimi artan rolunu gücləndirir və onun bu statusu bölgəni uzun müddət təsir dairəsində saxlayan Rusiyanı kənara itələyir”.

Chosen
57
50
teleqraf.com

10Sources