EN

Azərbaycan və Ermənistan sülh sazişinin mətnini yayıb – Nələr var?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycan və Ermənistan avqustun 11-də sülh sazişinin mətnini yayımlayıb.

Bəs müqavilədə nələr var və sülhə necə nail olmaq istəyirlər?

Rəsmi Bakı və Yerevan 17 maddədən ibarət müqavilə ilə bölgədə davamlı, ədalətli və hərtərəfli sülh yaratmağa söz veriblər.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, Youtube kanalımızda izləyin.

Beynəlxalq təcrübədə sülh quruculuğunda əsasən vətəndaş cəmiyyətindən, kütləvi informasiya vasitələrindən istifadə etmək praktikası daha geniş istifadə edilir.

Lakin müqavilədə qeyd olunub ki, Azərbaycan və Ermənistan sülh quruculuğuna iki ölkə arasında siyasi münasibətlərin yaradılmasından başlamaq istəyirlər.

Burada isə BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı və Almatı Bəyannaməsi əsas götürülür.

Bu beynəlxalq sənədlər iki ölkənin bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət etməsi, sərhəd toxunulmazlığı, daxili işlərə qarışmamaq, gücdən istifadədən çəkinmək kimi öhdəlikləri əhatə edir.

Müqavilənin ilk müddəası dövlət sərhədləri barədədir. Qeyd olunub ki, tərəflər bir-birilərinin sərhədlərini keçmiş SSRİ-də mövcud olmuş sərhədlərlə tanıdıqlarını qəbul edirlər.

Sazişdə həmçinin tərəflərin gələcəkdə də bir-birilərinə qarşı ərazi iddiası qaldırmayacaqları qeyd olunub.

Bundan əlavə, müqavilə çərçivəsində Azərbaycan və Ermənistan bildirirlər ki, bir-birinə qarşı güc tətbiq etməyəcəklər, bir-birini hədələməyəcəklər və daxili işlərinə qarışmayacaqlar.

Sülh razılaşmasında diplomatik əlaqələrin qurulması, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlər də yer alıb.

Müqavilədə diqqət çəkən əsas məqamlardan biri də ölkələrin bir-birilərinə qarşı dözümsüzlük, irqi nifrət və ayrıseçkilik etməyəcəkləri ilə bağlı öhdəliyidir.

Bəlkə gözləmək olar ki, müqavilə imzalanandan sonra daha Azərbaycanda "sən ermənisən" və Ermənistanda "sən türksən" sözləri təhqir kimi istifadə edilməsin, "düşmən" ifadəsi də ədəbiyyatdan, mediadan və siyasi ritorikadan çıxarılsın.

Hərbi münaqişə zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərin həlli də müqaviləyə daxil edilib.

Tranzit-nəqliyyat əlaqələri, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın qurulması da sazişin müddəaları arasındadır.

Digər əsas məqam isə ondan ibarətdir ki, müqavilədə Bakı və Yerevan sərhədlərinə üçüncü tərəfin qüvvələrini yerləşdirməmək öhdəliyi götürürlər.

Azərbaycan hazırda Ermənistan sərhədində yerləşdirilən Avropa İttifaqının mülki missiyasının varlığından narahatdır.

Mühüm amillərdən biri də Azərbaycan və Ermənistanın bir-birinə qarşı hüquqi müstəvidə qaldırdıqları şikayət, etiraz və iddialarla bağlıdır. Bu müqaviləni imzalamaqla, tərəflər bir-birinə qarşı başlatdıqları əvvəlki şikayətlərdən, məhkəmə müraciətlərindən və digər hüquqi iddialardan bir ay ərzində imtina edəcəklər.

Sülh sazişində bütün müddəaların yerinə yetirilməsinə nərazət etmək üçün ikitərəfli komissiyanın yaradılması nəzərdə tutulub. Yəni müqavilənin bəndlərinə əməl edilməsinə ikitərəfli komissiya baxacaq. Əgər burada hər hansı nöqsan olarsa, tərəflər birbaşa məsləhətləşmələr yolu ilə ziddiyyətləri həll edəcəklər.

Azərbaycan və Ermənistan avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə sülh müqaviləsindəki bütün müddəaları parafladıqlarını – yəni sazişin hər bir bəndi barədə razılığa gəldiklərini elan ediblər.

Lakin yekun müqavilənin imzalanması üçün Azərbaycan hələ də Ermənistan Konstitusiyasının dəyişdirilməsini israrla tələb edir.

Prezident İlham Əliyev Vaşinqtonda keçirilən görüşdən dərhal sonra bildirmişdi ki, müqavilənin imzalanmasına Ermənistan qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarının olması əngər yaradır.

Ermənistan tərəfi hələlik İlham Əliyevin bu bəyanatına mövqe bildirməyib. Lakin Yerevan daha əvvəl dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur.

Video açılmırsa, YouTube kanalımızda baxın.

Chosen
136
21
bbc.com

10Sources