EN

“İran istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq” – Deputat

Cənubi Qafqazda yeni nəqliyyat xətləri üzərində gedən müzakirələr təkcə region ölkələrinin deyil, qlobal güclərin də diqqət mərkəzindədir. Son illərdə gündəmə gələn layihələrdən biri isə strateji əhəmiyyəti ilə seçilən və beynəlxalq maraqlar kəsişməsində yerləşən Zəngəzur dəhlizidir. Bu marşrutun gerçəkləşməsi həm iqtisadi, həm də geosiyasi balansı dəyişdirə biləcək potensiala malikdir. Layihənin həyata keçirilməsi istiqamətində irəliləyişlər fonunda bəzi tərəflərin narahatlığı artsa da, dəhlizin reallaşmasının qarşısının alınıb-alınmayacağı məsələsi hələ də gündəmin əsas suallarından biridir.

Mövzu ilə bağlı Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Zəngəzur dəhlizinin (Tramp yolu) açılması ABŞ-ın keçmiş prezidenti Donald Trampın nəzarətindədir və bu məsələ Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin 4-cü bəndində öz əksini tapıb.

Deputat vurğulayıb ki, İranın razılığı və ya etirazından asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq:

“Çünki bu yol İran ərazisindən keçmir və buna görə də Tehran məsələyə təsir göstərə bilməz. İran yalnız narahatlığını ifadə edə və bunu Ermənistana çatdıra bilər, lakin bu, prosesin qarşısını almayacaq”.

Azər Badamov qeyd edib ki, yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə başlanacaq.

“Bu məsələ sülh müqaviləsinin imzalanması ilə birbaşa əlaqəli deyil. Narahat olan tərəflər sadəcə danışacaq və reallığı qəbul edəcəklər. Çünki layihə böyük bir regionun maraqlarına xidmət edir. Zəngəzur dəhlizinin açılması həm bu gün narahatlıq keçirən İrana, həm də bütün tərəfdaşlara fayda gətirəcək. Bu yolun fəaliyyəti bütün region dövlətlərinə yeni imkanlar qazandıracaq. İnanıram ki, dəhliz işə düşəndən sonra bütün tərəflər məmnun qalacaq,” – deputat bildirib”.

//Gülnarə Abasova, Editor.az

 

Chosen
96
50
editor.az

10Sources