EN

Qusar rayon Mərkəzi Xəstəxanasında qadın qeysəriyyə əməliyyatından sonra öldü – TƏBİB-in İZAHI

Qusar rayon Mərkəzi Xəstəxanasında qadın qeysəriyyə əməliyyatından sonra ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, doğum şöbəsinə gətirilən Piral kənd sakini, 31 yaşlı Yasəmən Ospatova qeysəriyyə əməliyyatı zamanı komaya düşüb. İki gün komada qalan qadın vəfat edib.

TƏBİB-dən bildirilib ki, avqustun 11-i 38-39 həftəlik hamilə qadın Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə müraciət edib.1994-cü il təvəllüdlü şəxsə zəruri laborator və instrumental xidmətlər göstərilib və qeysəriyyə kəsiyi əməliyyatına zərurət yarandığı bildirilib. Əməliyyatdan sonra pasiyentdə ağciyər arteriyasının tromboemboliyası, ağciyər, qara ciyər, böyrək və ürək çatışmazlığı, eyni zamanda tromboz (qan laxtalanması) müşahidə olunduğundan müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Qeyd olunub ki,  avqustun 12-i saat 08:30 radələrində vəziyyəti pisləşən pasiyentdə ürək döyüntüləri müşahidə edilməyib. Dərhal zəruri tibbi xidmətlər göstərilib və pasiyentin ürək fəaliyyəti bərpa edilib. Daha sonra ixtisaslı həkim-mütəxəssis baxışı həyata keçirilib və sağlamlıq vəziyyəti yenidən qiymətləndirilib.

Pasiyentin vəziyyəti gecə saatlarında təkrar pisləşib və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 12.08.2025-ci il tarixində, saat 23:40 radələrində şəxsin ölüm faktı qeydə alınıb.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, qadının qeysəriyyə kəsiyi əməliyyatı ilə boyu 49 sm., çəkisi 3 kq. 100 qram olan qız övladı dünyaya gəlib. Körpəyə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan körpənin müalicəsi Doğum şöbəsində davam etdirilir.

Chosen
71
19
heftelik.az

10Sources