EN

İnsanların 10% -i solaxaydır: Onların beyni daha sürətli işləyir? - Mütəxəssislər açıqladı

BAKI, 13 avqust. TELEQRAF

Bu gün Beynəlxalq Solaxaylar Günüdür. Solaxayların unikallığının və fərqliliklərinin cəmiyyətə çatdırılması, təbliğ olunması məqsədilə bütün dünyada qeyd olunan bu günü ilk dəfə 1976-cı ildə “Lefthanders International” təşkilatının qurucusu Dean Kampbel gündəmə gətirib. 1992-ci ildə isə Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə Beynəlxalq Solaxaylar Günü təsis edilib.

Xarici mənbələrin 2024-cü ildə olan məlumatına görə, insanların təxminən 10% -i solaxaydır. Dünyanın ən məşhur şəxsləri arasında da solaxaylar var.

Bəs niyə bəzi insanlar solaxaydırlar? Solaxay olmağın psixologiya və ya sinir sistemi ilə əlaqəsi varmı? Yoxsa bu genetikdir?

Mövzu ilə bağlı Teleqraf-a danışan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Kliniki neyrofiziologiya kafedrasının assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mərziyyə Məmmədova bildirib ki, solaxaylıq beynin lateralizasiyası - funksiyaların yarımkürələr üzrə bölünməsi ilə bağlıdır.

Dominant əlin formalaşması

Onun sözlərinə görə, əksər hallarda bu, doğuşdan mövcuddur, yəni insanın genetik və prenatal inkişaf “proqramının” bir hissəsidir:

“Sonradan zədə, insult və ya digər nevroloji səbəblərlə dominant əlin dəyişməsi mümkündür, amma bu artıq “ikincili” solaxaylıq sayılır. Hamiləliyin 8–16-cı həftələrində beynin inkişafı zamanı dominant əl seçimi formalaşır. Bu prosesə genetik meyllilik (məsələn, LRRTM1, PCSK6 kimi genlərin təsiri), yarımkürələrin fərqli inkişafı (sağ yarımkürənin motor idarəetmədə üstünlüyü və ya hər iki yarımkürə arasında simmetrik paylanma), prenatal hormonal təsirlər (androgen və estrogen səviyyələri), həmçinin nadir hallarda erkən dövrdə beyin zədələri və ya hipoksiya kimi amillər təsir göstərə bilər”.

O, zamanla dominant əlin dəyişməsinin mümkün olduğunu, lakin bunun əsasən nevroloji zədələr və ya xüsusi adaptasiya nəticəsində baş verdiyini deyib:

“Keçmişdə məktəblərdə və ailələrdə solaxay uşaqları sağ əldən istifadə etməyə məcbur edirdilər. Bu, beyində artıq formalaşmış neyron əlaqələrə zidd təsirdir. Nəticədə uşaqda yazı və nitq sürətinin yavaşlaması, hərflərin və rəqəmlərin tərsinə yazılması (disqrafiya tipli hallar), yaddaş və diqqət problemləri, yüksək səviyyəli stress və özünə inamın azalması görülə bilər”.

Nevroloqun sözlərinə görə, beyin plastikdir, amma uşaqlıqda zorla əl üstünlüyünü dəyişmək nevroloji uyğunlaşmanı çətinləşdirir və bəzi hallarda nitq mərkəzləri ilə motor mərkəzlər arasında koordinasiya pozuntuları yaradır.

O qeyd edib ki, solaxay olmağın sinir sistemi ilə birbaşa əlaqəsi var.

“Dominant əl seçimi beynin yarımkürə ixtisaslaşması ilə müəyyən olunur. Solaxaylarda motor idarəetmənin böyük hissəsi sağ yarımkürədə yerləşir. Bu, həm də onların vizual-məkan qabiliyyətlərinə, yaradıcılıq meyllərinə və bəzən idrak strategiyalarına fərqli çalarlar verir.

Solaxay olmaq nevroloji xəstəlik deyil, beynin normal müxtəlifliyidir. Maraqlıdır ki, bəzi idman növlərində və incəsənətdə bu üstünlük taktiki və yaradıcı baxımdan faydalı ola bilər”, - nevroloq əlavə edib.

Uşaq neyropsixoloqu Gültəkin Həsənova solaxaylıq və ya sağaxaylığın insan beyninin fəaliyyəti ilə bağlı olduğunu deyib:

“İnsanın beyin yarımkürələrinin fəaliyyəti 2 əsas prinsipə arxalanır. Onlardan birincisi yarımkürələr arasında asimmetriya, ikincisi isə yarımkürələr arası əlaqədir. Yarımkürələr oxşardır, simmetrikdirlər. Onların funksional fəaliyyəti asimmetrikdir. Hər birinin özünəməxsus xüsusiyyətləri var. Beyin yarımkürələrinin fəaliyyəti bu prinsipə əsaslanır. Onlar arasında mütləq əlaqələr olmalıdır. İnsan beyni ilə bədəni arasında fəaliyyət çarpazlıq prinsipinə əsaslanır. Sol tərəfə sağ yarımkürə, sağ tərəfə isə sol yarımkürə cavabdeh olur. Buna görə də solaxayların funksionallığında sağ yarımkürə əsas olur”.

Bu, 7-8 yaşa qədər müəyyən olunmalıdır

G.Həsənovanın sözlərinə görə, neyropsixoloji baxımdan solaxaylıq həm sensor, həm də motor olaraq bədənin sol tərəfinin aparıcı olmasıdır, yəni sol əl, sol ayaq, sol göz və sol qulağın aparıcı olmasıdır:

“Əgər söhbət sadəcə sol əldən gedirsə, onda soləlli deyilir. Bəzi insanlar da var ki, həm sol, həm də sağ tərəfdən istifadə edə bilirlər. Onlar ambidekstrlər adlanırlar. Bu, 7-8 yaşa qədər artıq müəyyən olunmalıdır. İnsanın solaxay və ya sağaxay olması genetik faktora bağlıdır. Amma sadəcə bu faktora bağlı deyil, digər faktorlar da rol oynayır. Ümumiyyətlə, solaxaylıq normativ bir inkişaf hesab edilir, amma atipik normativ inkişaf növüdür”.

Neyropsixoloq deyib ki, solaxayların fəaliyyətində sağ yarımkürənin qatqısı daha çox olduğu ehtimal edilir.

“Solaxaylıq genetik olmaqdan başqa, həmçinin patoloji, qazanılmış, konpensator, məcburi, gizli və ya sosial ola bilər. Patoloji olduqda beynin sol yarımkürəsində patoloji bir proses varsa, bu solaxaylığa təsir göstərir. Yəni sol yarımkürədə patoloji bir proses olduğundan sağ tərəf geridə qalır. Buna görə də funksional baxımdan daha işlək olan sol tərəf çatışmayanı kompensasiya etməyə başlayır.

Məsələn, uşaq sağ əlindən travma aldıqda və bu təkrarlandıqda məcburi sol əlini işlədir. Bu da patoloji solaxaylığın inkişaf etməsinə yol açır. Qollarda əzələ gərginliyi fərqli olduqda da patoloji solaxaylıq inkişaf edə bilər”, - o əlavə edib.

Solaxay insanların dahi olması sadəcə mifdir

Onun sözlərinə görə, bu, beyin fəaliyyəti ilə bağlı olduğundan psixologiyaya da təsiri var:

“Ali psixi funksiyaların formalaşmasına təsiri var. Solaxay insanlarda demək olar ki, bütün psixi funksiyaların, davranışın, dinamikin genetik komponentlərinin yavaş formalaşması müşahidə olunur. Bu zaman məkan, zaman koordinasiya sisteminin formalaşmasında çətinliklər olur. Bacarıqları, fəaliyyət təşkili üzrə fərdi formalaşma tempi fərqlənir, daha asta olur. Solaxayların dahi olması ilə bağlı mif var. Bu çox populyar bir mifdir. Hətta valideynlər belə düşünürlər ki, solaxay uşaqda dahiyanə nə isə var. Bu çox yanlış düşüncədir, mifdir. Əslində dahi insanlar arasında asinxron inkişaf növü olduğundan onlarda solaxaylıq rast gəlinir. Amma hər solaxay dahidir deyə bilmərik, bu çox yanlış olar. Solaxay insanlarda yüksək emosionallıq, yüksək nevrotizm və özünü tənzimləmədə çətinlik müşahidə olunur. Bunları hamıya aid etmək olmaz, amma olması riski çox böyükdür. Müəyyən məqamlarda, xüsusilə, emosionallıqda sol yarımkürə sağ yarımkürənin köməyinə çata bilmir”.

Bütün uşaqlar neyropsixoloji diaqnostika keçməlidir

G.Həsənova solaxay olan məktəbəqədər və ya məktəbli yaşda uşaqları məcbur sağəlli etməyin düzgün olmadığını bildirib.

“Bu onların fitrətinə ziddir. Solaxay uşaqların yazı və motor bacarıqlarının formalaşmasında onlara fərqli yanaşmalar tələb olunur. Sağaxay insanlar üçün mədəni şərait daha əlverişli olduğundan solaxayları sağəlli etməyə çalışırlar. Solaxay insanların yazı fərqlilikləri var, müəyyən alətlərdən, məsələn, qayçıdan istifadədə çətinlik çəkirlər.

Bütün uşaqların, xüsusilə, solaxayların məktəbə getmədən əvvəl ən azından bir dəfə mütləq neyropsixoloji diaqnostika keçməsi məsləhətdir. Bu onların zəif və güclü tərəflərini ortaya çıxarır və zəif tərəfləri inkişaf etdirməyin yollarını göstərir”, - neyropsixoloq əlavə edib.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun psixoloqu Mirzeynəb Qurbanova isə deyib ki, solaxaylıq adətən doğuşdan mövcud olan xüsusiyyətdir və beynin yarımkürələrinin funksional üstünlüyü ilə bağlıdır.

Onun sözlərinə görə, əsas səbəblər genetik meyl, beyin quruluşu, hamiləlik faktorları, sonradan qazanılmış vərdişlərlə əlaqədardır:

“Məsələn, əlin zədələnməsi nəticəsində məcburi olaraq digər əl istifadə oluna bilər, lakin bu, “həqiqi” solaxaylıq deyil.

Birbaşa psixoloji səbəbdən solaxay olmaq mümkün deyil. Lakin yarımkürələrin fərqli aktivliyi yaradıcı düşüncə, məkan təsəvvürü və problem həll etmə qabiliyyətlərini gücləndirə bilər. Dünyanın sağ əllilər üçün qurulması səbəbindən solaxaylar erkən yaşdan adaptasiya bacarığını inkişaf etdirirlər.

Valideynlərdən biri solaxay olduqda uşaqda bu xüsusiyyətin yaranma ehtimalı artır, hər iki valideyn solaxay olduqda isə bu göstərici təxminən 25–30%-ə çata bilər. Bununla yanaşı, hamiləlik dövründə hormonal və inkişaf faktorları da təsir göstərə bilər”.

M.Qurbanova sağlamlıq baxımından patoloji fərqin olmadığını bildirib.

“Fərq yalnız motor bacarıqların üstünlük istiqamətindədir. Solaxay uşaqları məcburi şəkildə sağ əlli işlətməyə çalışmaq psixoloji gərginlik, danışıq və yazı pozuntuları riski yarada bilər. Müasir tibb bu müdaxiləni tövsiyə etmir.

Tibbi baxımdan solaxaylıq çətinlik yaratmır. Lakin gündəlik həyatda bəzi məişət və iş alətləri sağ əllilər üçün hazırlandığına görə adaptasiya çətinliyi ola bilər. Zamanla bu fərqlərə uyğunlaşmaq mümkündür”, - o əlavə edib.

Chosen
53
1
teleqraf.com

2Sources