EN

Zəngəzur dəhlizində rus əsgərləri, İranın müdaxiləsi və Amerika qüvvələri - çox mürəkkəb gözləntilər...


Mübariz Göyüşlü: "ABŞ-ın birbaşa hərbi müdaxiləsi yalnız çox geniş beynəlxalq mandat və ya NATO-Türkiyə xətti..."

Zəngızurda Ermənistan-İran sərhədini 1992-ci ildən bəri Rusiya FSB-nin Sərhəd Qoşunlarının əsgərləri qoruyur. Onlar hələ də oradadır. Əgər Zəngəzur dəhlizi (Tramp yolu) açılarsa, Rusiyanın oradakı sərhədçiləri nə kimi əks tədbirlər görə bilər və yaxud rus hərbçiləri dəhlizin açılmasına mane olmaq fikrinə düşsələr, o zaman Amerikanın hərbi strukturları da müdaxilə edə bilərmi?

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com saytına açıqlamasında bildirib ki, Zəngəzur dəhlizində (Tramp yolu) real siyasi mənzərə həqiqətən mürəkkəb geopolitik zəncir yaradır: "Bu, Ermənistanın uğursuz xarici siyasəti və diletant davranışlarının nəticəsidir. Faktiki olaraq, rus əsgərlərinin sərhəddə mövcud olması, Zəngəzur dəhlizinin isə ABŞ-ın nəzarətinə verilməsi məsələni olduqca mürkkəbləşdirir. Yəqin ki, dəhlizə Amerika hərbiçiləri nəzarət edəcək. İndi təsəvvür edin ki, dünyanın iki qarşı-qarşıya dayanan gücü Zəngəzurda bir arada olacaq. Məsələni sadələşdirmək üçün Ermənistan, Zvartnos hava limanından çıxardığı kimi, rus sərhədçilərini İran-Ermənıstan sərhədindən də çıxarmalıdır. Amma ABŞ-dan gələn kimi Moskvaya və Tehrana hesabat verən Paşinyan bunu bacaracaqmı?

Hazırda Ermənistanın bir tərəfində rus sərhədçiləri, Gümrüdə Rusiyanın hərbi bazası, Metsamor AES-də Rusiyanın yarımhərbi qüvvələri, Azərbaycanla sərhəddə Aİ-nin müşahidə missiyası adı altında casus dəstəsi yerləşdirilib, üstəgəl, Ermənistan sülhməramlıları ABŞ hərbiçiləri ilə hərbi təlim keçir. Bütün bunlar Ermənistanın xaotik xarici siyasətinin nəticəsidir. Məsələ burasındadır ki, bu xaotik siyasət və davranışlar, Ermənistan bir yana, bütün Cənubi Qafqazı təhlükə altına atır. Ona görə də düşünürəm ki, bölgəyə ABŞ ordusu gəlirsə, rus sərhədçiləri çıxarılmalıdır, onların ikisinin bir arada olması real təhlükədir".

Göyüşlü onu da əlavə etdi ki, 1992-ci ildən bəri Ermənistan-İran sərhədini Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd qoşunları qoruyur: “Bu, Rusiya ilə Ermənistan arasındakı ikitərəfli müqavilələrə əsaslanır və həm İranla təhlükəsizlik əlaqələrinə, həm də Rusiyanın Cənubi Qafqazdakı strateji mövqeyinə xidmət edir.

Əgər Zəngəzur dəhlizi (Tramp yolu) açılarsa, Moskva onu potensial olaraq öz mövqelərinin zəifləməsi kimi qəbul edə bilər, çünki nəzarət Azərbaycan, Türkiyə və dolayısı ilə Qərbə doğru hərəkət edə bilər.

Ona görə də Rusiyanın buna qarşı əks-tədbirlər görməyə cəhd edəcəyi gözləniləndir. Bu baxımdan Rusiya dəhlizin təhlükəsizlik mexanizminə qoşulmaq üçün israr edə bilər (sərhədçilərin qalması kimi).

Bununla yanaşı, Moskva logistik, inzibati və texniki bəhanələrlə prosesi ləngidə bilər. Məsələn, yerli erməni siyasi qüvvələri vasitəsilə ictimai narazılıq yarada bilər.

Ən sərt variant ondan ibarət ola bilər ki, dəhlizin fiziki açılışına mane olmaq üçün sərhəd-keçid məntəqələrində blokada yaradar.

İranın mövqeyi və müdaxilə ehtimalına gəldikdə, İran üçün Zəngəzur dəhlizi, xüsusilə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa əlaqənin bərpası öz tranzit üstünlüyünün azalması deməkdir. Tehran, həmçinin, Ermənistanla birbaşa sərhədinin geopolitik əhəmiyyətini itirəcəyindən narahatdır.

İranın müdaxiləsi birbaşa hərbi əməliyyat formasında deyil, diplomatik və iqtisadi təzyiq, habelə sərhəd yaxınlığında hərbi təlimlər, sərhəd qoşunlarının gücləndirilməsi və Ermənistanla strateji əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ola bilər.

Buna qarşi ABŞ və Qərbin hərbi reaksiyası ehtimal olunandır. ABŞ-ın regiona birbaşa hərbi qüvvə göndərməsi yalnız iki halda real görünür - dəhliz beynəlxalq hüquqa əsaslanan çoxmillətli missiya kimi tanınsa və Vaşinqton bu missiyanın iştirakçısı olsa.

Rusiyanın və ya İranın müdaxiləsi NATO və ya ABŞ maraqlarına qarşı birbaşa təhdid kimi qəbul edilsə adekvat cavab qaçılmazdır.

ABŞ hazırda Cənubi Qafqazda sabitliyi dəstəkləyən, əsasən diplomatik və iqtisadi təsir mexanizmlərinə üstünlük verir. Amma dəhliz layihəsi Vaşinqton tərəfindən strateji enerji və ticarət marşrutu kimi qəbul edilərsə, o zaman NATO üzvü olan Türkiyə vasitəsilə dolayı hərbi dəstək vermək ehtimalı mövcuddur.

Əgər Rusiya sərhədçiləri dəhlizin açılmasına qarşı çıxsa, proses, böyük ehtimalla, diplomatik gərginlik və “təhlükəsizlik mexanizmi” mübahisələri ilə davam edəcək.

ABŞ-ın birbaşa hərbi müdaxiləsi yalnız çox geniş beynəlxalq mandat və ya NATO-Türkiyə xətti üzərindən ola bilər.

İran isə əsasən sərt bəyanatlar, hərbi təlimlər və Ermənistanla yaxınlaşma yolu ilə reaksiyasını göstərəcək".

Dəniz NƏSİRLİ

Chosen
15
baki-xeber.com

1Sources