EN

“Vaşinqton prosesindən sonra Minsk qrupu tarix olur”-ŞƏRH

Son günlər Vaşinqtonda baş verən diplomatik hadisələr Cənubi Qafqazdakı güc balansını dəyişə biləcək yeni mərhələnin işarəsi kimi qiymətləndirilir. Azərbaycan və Ermənistan arasında birbaşa təmasların intensivləşməsi fonunda uzun illər münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun taleyi gündəmə gəlib. Ekspertlər bu qurumun artıq öz funksiyasını itirdiyini və ləğvinin qaçılmaz olduğunu düşünür.

Beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, avqustun 8-dən etibarən Vaşinqtonda yeni bir proses başladı:

“Bu mərhələnin şəriksiz lideri Azərbaycanın Dövlət Başçısıdır. Doğrudur, bu rolda ABŞ prezidenti Donald Tramp da təqdim olunur, amma o sadəcə vasitəçi rolunda çıxış edir. Qalib Azərbaycan lideri məğlub ölkənin baş nazirinə diktələr edirdi və bütün dünya buna şahidlik edirdi. Artıq Azərbaycan-Ermənistan münasibətlərində tamamilə yeni bir dövr başlayıb. Proses ayın 8-də Ağ Evdə başladı və 3 gün sonra Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin telefon danışığı ilə davam etdi. Bundan sonra proses inkişaf xətti ilə irəliləyəcək.

Minsk qrupuna belə vəziyyətdə nə ehtiyac var? Həmsədr ölkələri — Ermənistanda ən böyük ikinci səfirliyi olan ABŞ, “böyük bacısı” adlandırılan Fransa və 102-ci hərbi bazası Gümrüdə yerləşən Rusiya olan bu qurum Azərbaycanın nəyinə yaraya bilər? 30 ildən artıq müddətdə Minsk qrupu nə iş gördü? Həmsədrlərin işi-gücü o vaxt hələ erməni işğalı altında olan Qarabağda erməni çaxırı içmək, donuz əti yemək idi”.

Politoloq bildirib ki, Minsk qrupunun ləğvi prosesi sürətləndirilməlidir”.

“Bu, artıq tərəflərin ortaq qərarıdır. Uzatmağın mənası yoxdur. Minsk qrupunun əsas 3 həmsədr ölkəsindən biri ABŞ-dır və bu qərar onun prezidentinin yanında verilib. İndi qurum buraxılsa belə, heç bir təhlükə olmaz. Onun fəaliyyəti sadəcə proseslərə maneçilik yaratmaqdan ibarət idi. 30 ildən çox fəaliyyət dövründə böyük pullar xərcləndi, amma nəticə olmadı. Əgər tərəflər rəsmi şəkildə müraciət edirlərsə, qurumun buraxılması qaçılmazdır. Sadəcə rəsmi bəyanat qalır ki, bu da onun hüquqi və siyasi yolla “dəfn olunması” deməkdir.

Rusiya və Fransanın çaba göstərməsinə gəlincə, heç nə edə bilməzlər. Amerika “okey” verdikdən sonra və tərəflər “Minsk qrupunu istəmirik” dedikdən sonra Moskva və Parisin edə biləcəyi bir şey yoxdur. Artıq əminliklə demək olar ki, Minsk qrupu tarix olur”.

//Gülnarə Abasova, Editor.az

Chosen
19
editor.az

1Sources