EN

Deputat: “İranın verdiyi bəyanatların nəticəsi bu oldu ki, Azəraycan və Ermənistan gedib Amerikada razılığa gəldilər”

“Təəssüflə qeyd etmək lazımdır ki, İran tərəfinin, İran daxilindəki mühafizəkarların Azərbaycan əleyhinə bəyanatlar, açıqlamalar vermələri ilk dəfə deyil. İranda iki yaşama var – birincisi, Azərbaycanla münasibətlərin normallaşmasında, inkişafında maraqlı olan, təmkinli, soyuqqanlı açıqlamalar verən Pezeşkianın yanaşması, ikincisi, mühafizəkar kəsimin yanaşması. Onların açıqlamaları isə davamlı münasibətlərin korlanmasına yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Bu cəhdlər də ilk dəfə deyil. Dəfələrlə belə təbliğatların şahidi olmuşuq və Azərbaycan-Ermənistan arasında sülhə yönəlik addımlar fonunda İran tərəfinin verdiyi açıqlamalar  həmin təbliğatın bir hissəsi kimi qiymətləndirilməlidir. İran bu cür açıqlamalara son qoymalıdır. Bura İran ərazisi deyil ki, istədiyini edə. Birincisi, ərazi Ermənistan ərazisidir, Azərbaycan və Ermənistan razılaşıblar. ABŞ də prosesdə təminatçı rolunu oynayır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov deyib.

 

“İran vaxtında prosesə maneə olmasaydı, təxribatlar törətməsəydi və Zəngəzur dəhlizi vaxtında açılsaydı, bəlkə də, məsələ bu qədər böyüməzdi. Əslində razılaşmanın ABŞ-də imzalanması həm İranın, həm də Rusiyanın xarici siyasətinin iflasa uğraması anlamına gəlir. Vaxtında Azərbaycanın təkliflərini nəzərə alsaydılar, proses bu qədər uzanmazdı. Söhbət tarixi yolun bərpasından gedir və İran bu prosesin qarşısını ala bilməz, ala da bilməyəcək. On iki günlük müharibə İranın hansı gücə, imkana malik olduğunu göstərdi. Həm İsrailin, həm də Amerikanın hərbi təyyarələri İranın bir çox obyektlərini sıradan çıxardılar. Ortada Amerika faktoru var. Dəhlizin qarşısını almaq sıradan məsələ deyil. Yaxşı olar, münasibətləri gərginləşdirməsinlər. Bu cür absurd, öz imkanları xaricində olan məsələlərə müdaxilə etməsinlər. İranın verdiyi bəyanatların nəticəsi bu oldu ki, Azəraycan və Ermənistan gedib Amerikada razılığa gəldilər, sənəd imzaladılar. Yenidən eyni bəyanatların verilməsi yalnız və yalnız münasibətlərin zədələnməsinə aparıb çıxaracaq. Bu prosesin qarşısını heç kim ala bilməz”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 14 Avqust 2025, 13:47   
Chosen
86
50
pravda.az

10Sources