EN

Rusiyanın Azərbaycana hərbi müdaxilə təhdidləri dünya mediasında yer aldı...


Abutalıb Səmədov: “Ekstremist bəyanatlar verənlərdən biri də general Qurulyovdur və Rusiyada onu ciddiyə alanlar çox azdır”

Rəsmi Kremlin Azərbaycana qarşı yürütdüyü çirkin siyasət məlumdur. Uzun müddətdir Rusiya hakimiyyəti bizə qarşı təhdid mesajlarını deputatların, medianın dili ilə səsləndirir. Bu çirkin kampaniya o həddə çatıb ki, xarici medianın da diqqətini çəkib.

Türkiyə mediasında yayımlanan “Kreml Azərbaycanı hədələyib: Hərbi əməliyyata başlaya bilərik” başlıqlı yazıdan aşkar görünür ki, Rusiyanın Azərbaycana qarşı təhdidləri get-gedə artır. Türkiyə mediası yazır ki, Rusiya ilə Azərbaycan arasında gərginlik SOCAR-ın obyektlərinə hücum və sərt bəyanatların mübadiləsi ilə daha da artıb. Belə ki, Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov və Kremlə yaxınlığı ilə seçilən antiazərbaycan mövqeli Solovyov Azərbaycanı “xüsusi hərbi əməliyyat”la hədələyib.

Türkiyə mediasında qeyd olunana görə, Rusiya parlamentinin deputatı general Andrey Qurulyov açıq şəkildə Azərbaycanı “xüsusi hərbi əməliyyat”la hədələyib, Vladimir Solovyov da isə oxşar bəyanatlar verib.

Rusiya parlamentinin müdafiə komitəsinin üzvü, general Andrey Qurulyov sosial şəbəkədə yaydığı videoda Azərbaycana birbaşa müharibə mesajı verib. Qurulyov bildirib ki, Rusiyanın Azərbaycan idxalını dayandırması onun öz iqtisadiyyatına məhdud təsir göstərsə də, Azərbaycan üçün ciddi nəticələrə gətirib çıxaracaq. O, həmçinin Rusiyada azərbaycanlı sahibkarlara təzyiq ola biləcəyinə eyham vuraraq, Ukraynada “xüsusi hərbi əməliyyat”ın sərhədləri aşaraq genişləndirilə biləcəyini bəyan edib.

Kremlin aparıcı təbliğatçısı Vladimir Solovyov Xəzər dənizində NATO bazasının yaradılması ehtimalını “təhlükəli” kimi qiymətləndirib. Belə bir ssenaridə Rusiyanın Azərbaycana qarşı yeni "xüsusi hərbi əməliyyata" başlaya biləcəyini bildirən Solovyov əlavə edib: "Cənubi Qafqazda baş verənlər ciddi problemdir. İndiki xüsusi əməliyyat bizim nəslin sonuncusu olmaya bilər".

Qurulyov və Solovyov tərəfindən Azərbaycana qarşı səsləndirilən bəyanatlar xarici mediada yer aldıqdan sonra Qurulyov açıqlama verib ki,Azərbaycan hakimiyyətini təhdid etməyib: “Azərbaycan hakimiyyətini təhdid etməmişəm, sadəcə Azərbaycan məhsullarının idxalının dayandırılması və “xüsusi hərbi əməliyyat’ anlayışının sərhəd boyunca müxtəlif formalarda tətbiq oluna biləcəyini demişəm”.

“Biz belə bir qonşu ilə münasibətdə özümüzə qarşı hər cür aqressiv davranışa hazır olmalıyıq...”

“Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycan-Rusiya münasibətləri pisləşməkdə davam edir. O vurğuladı ki, həmişə olduğu kimi, belə məqamlarda Rusiyada müəyyən deputatlar, televizya aparıcıları ortaya çıxır və Azərbaycan əleyhinə kəskin bəyanatlar səsləndirirlər. Azərbaycan və Rusiya arasında münasibətlərin 1992-1993-cü illərdə də kifayət qədər gərgin olduğunu deyən A.Səmədovun sözlərinə görə, o dövrdə Rusiyanın 3 divizyası Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşurdu, torpaqlarımızın işğalında mühüm rol oynadılar. A.Səmədovun dediyinə görə, Moskva sonrakı dövrlərdə də Azərbaycanın müəyyən addımlarını qəbul etmədi, ancaq kəskin addımlar atmaqdan da çəkindi. “Demək olar ki, bu gün Azərbaycan-Rusiya münasibətləri özünün ən kəskin dövrünü yaşayır. Səbəb də aydındır. Rusiya Azərbaycanın mülki təyyarəsini vuran şəxsləri cəzalandırmadı, Azərbaycandan üzr istəmədi və təzminat ödəmədi. Azərbaycan tərəfi də, təbiidir ki, bu davranışı qəbul edə bilməzdi və etmədi. Çox təəssüf ki, Rusiya keçmiş ittifaq respublikalarına bu cür yanaşır. 2022-ci ilin iyununda sahibkarlarla görüşdə Rusiya prezidenti açıq şəkildə dedi ki, bizim missiyamız Rusiya torpaqlarını toplamaqdan və möhkəmləndirməkdən ibarətdir. Yəni yeni dövlət qurmaq planını elan etdi. İlk addım kimi Ukraynadan başlamışdılar. Qazaxıstan əleyhinə də tez-tez bəyanatlar verirlər, Ermənistanla da münasibətləri kifayət qədər gərgindir, Gürcüstana qarşı işğalçılıq addımları da yaxın tariximizdə baş verib. İndi də hədəfdə Azərbaycandır. Azərbaycanın müstəqil dövlət kimi apardığı siyasət Rusiyanı qane etmir və son Vaşinqton görüşü Rusiya üçün şok effekti yaradıb. Düzdür, sülh sazişinin paraflanmasını müsbət qiymətləndirdiklərini deyirlər, ancaq Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı ortaya mövqe qoymayıblar, “öyrənirik” deyirlər. Görünür, Alyaska görüşünün nəticələrini gözləyirlər. Bu cür ekstremist bəyanatlar verənlərdən biri də general Qurulyovdur və Rusiyada onu ciddiyə alanlar çox azdır. Ancaq hər halda, keçmiş general kimi onun söylədiklərini mötəbər qəbul edənlər də, çox təəssüf ki, var. Həm Qurulyov, həm Solovyov kimiləri “Ukraynada müharibə bitdikdən sonra Azərbaycana qarşı eyni addımların atılmasının zəruriliyindən” danışırlar. Yəni çox təəssüf ki, Ukraynada Rusiya layiq olduğu cavabı ala bilmədi, Qərb Ukraynaya tələb olunan dəstəyi göstərmədi və bu gün də göstərmir. Bundan da həvəslənən Rusiyadakı müəyyən şəxslər hesab edirlər ki, Ukraynada məsələni bitirdikdən sonra Azərbaycana qarşı da eyni addımı atmaq olar. Bunu da bəzi mətbuat orqanlarında Azərbaycanın Ukraynaya silah göndərəcəyi barədə səslənən bəyanatlarla əlaqələndirirlər. Hətta Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoydu və “Azərbaycanın Ukraynaya silah verməsi münasibətlərimizi kifayət qədər pisləşdirəcək” dedilər. Güman etmirəm ki, Azərbaycan belə bir addım atmaq fikrindədir”.

Azərbaycanın Rusiya ilə münasibətləri ən azı normal qonşuluq səviyyəsində saxlamaq üçün əlindən gələni etdiyini deyən A.Səmədov təəssüflə qeyd etdi ki, biz eyni davranışı Rusiya tərəfindən görmürük. “Rusiya Ukraynada ciddi məğlubiyyətə uğradıla bilərdi, Qərbin buna imkanı vardı, ancaq çox təəssüf ki, bu imkandan istifadə olunmadı. 2022-ci ilin sentyabr-noyabr aylarında Ukrayna əks hücuna keçib təqribən 78 kvadrat kilometr ərazini azad etdi. Bu, müharibənin tarixində ən böyük əks-hücum əməliyyatı oldu. Ancaq dərhal Rusiya nüvə silahı ilə hədələmələrə başladı və Qərb də Ukraynanın əks hücumunu dayandırmaq üçün əlindən gələni etdi. Həmin dövrdən sonra Ukrayna, demək olar ki, bir addım da irəli gedə bilmədi. Yardımlar da azadıldı, tələb olunan silahlar verilmədi. Bax bu gün də eyni vəziyyətdir. Və artıq ABŞ-ın prezidenti Putinlə, demək olar ki, eyni mövqedən çıxış edir. Onun Putinlə Alyaskada keçiriləcək görüşündə ərazi mübadiləsi müzakirə olunacaq. Söhbət Rusiyanın öz konstitusiyasına daxil etdiyi və öz ərazisi kimi elan etdiyi torpaqların Ukrayna tərəfindən tamamilə boşaldılmasından və bunun qarşılığında Sumı, Xarkov və Dnepropetrovsk vilayətləri ərazisindən Rusiyanın işğal etdiyi 5-6 min kvadrat kilometr ərazinin Ukraynaya verilməsindən gedir. Yəni 5-6 kvadrat kilometr ərazi qarşılığında Ukrayna onun üç-dörd qatını Rusiyaya verməlidir. Trampın təklif etdiyi və Putinin də sevincək qəbul etdiyi ərazi mübadiləsi layihəsinin mahiyyəti bundan ibarətdir. Təbiidir ki, bu təkcə Ukraynanın deyil, bizim də maraqlarımıza cavab vermir. Belə bir addımın atılması gələcəkdə təkcə Azərbaycana deyil, digər keçmiş ittifaq respublikalarına da ciddi problemlər yarada bilər.

Hər halda, Rusiya tərəfindən artan təhlükə göz qabağındadır. İqtisadi məqamları da unutmamalıyıq. Burada da Rusiyanın bizə yaradacağı kifayət qədər problemlər var. Bu barədə də biz indidən düşünməliyik. Azərbaycan Rusiyaya 1 milyard dollardan artıq məhsul ixrac edir, Azərbaycan Rusiya bazarını itirsə onu hansı ölkə ilə əvəz etmək olar? Biz bu suala cavab axtarmalıyıq. Əmək miqrantları ötən il Rusiyadan Azərbaycana banklar vasitəsilə 500 milyon dollar pul köçürüblər. Yəqin müəyyən qədər nağd vəsaitlər də göndərilib. Əvvəlki illərdə bundan artıq vəsait köçürülüb. Bu da Azərbaycan üçün kifayət qədər ciddi bir məsələdir. Çünki insanların bir hissəsi orda işləyir və öz ailələrinə pul vəsaiti göndəriblər. Onların Rusiyadan çıxarılması, təbiidir ki, bizə müəyyən problemlər yarada bilər. Qurulyov kimiləri bu amillərdən də istifadə etməyi təklif edirlər. Demək olar ki, artıq bu istiqamətdə iş başlayıb. Rusiya-Azərbaycan münasibətlərinin yaxın zamanlarda düzələcəyi ehtimalı çox azdır və biz özümüzü hər cür antiazərbaycan addımına hazırlamalıyıq. Elə etməliyik ki, Rusiyanın yaxın zamanlarda atacağı addımlar bizim üçün gözlənilməz olmasın. Rusiya Azərbaycanın müstəqil siyasətini, müstəqil addımlarını qəbul etmir, həm Azərbaycanı, həm digər keçmiş Sovet respublikalarını müstəqil dövlət saymaqda çətinlik çəkir. Çox təəssüf ki, reallıq bundan ibarətdir və bunun nəticəsidir ki, Rusiyanın ətrafında dostu qalmayıb. Yalnız İran və Şimali Koreya ona kömək edir. Hətta Belarus da Rusiya tərəfindən aktiv addım atmaqdan imtina edir. Bütün bu reallıqları, təəssüf ki, Rusiya bugünə qədər nəzərə almayıb, bundan sonra da nəzərə alacağını güman etmək çox çətindir. Biz belə bir qonşu ilə münasibətdə özümüzə qarşı hər cür aqressiv davranışa hazır olmalıyıq, özümüzü belə qonşunun atacağı addımlardan qorumağa çalışmalıyıq”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA

Chosen
36
50
baki-xeber.com

10Sources