EN

"Əliyev hər şey əldə etdi", “Rusiya Qafqazdan getdi" - sazişi pozmaq üçün nə etməli?..


Avropa İttifaqı Vaşinqtonda Ermənistan və Azərbaycanın əldə etdiyi razılaşmaların və regional əlaqələrin möhkəmləndirilməsinə dəstək verməyə hazırdır. Bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta bəyanatında bildirib.

O, bu həftə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb. Avropa rəsmisi vurğulayıb: “Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və dövlətlərarası münasibətlərin qurulması hər iki ölkə və region üçün mühüm addımdır”.

Koşta Azərbaycan prezidentinə zəngində Vaşinqtonda əldə edilmiş razılaşmaların həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. Bir daha xatırladaq ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ prezidentinin şahidliyi ilə bəyannamə imzalanıb, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb və regional nəqliyyat dəhlizi ilə bağlı razılıq əldə olunub. Avqustun 11-də İrəvan və Bakı eyni vaxtda 17 bənddən ibarət, Vaşinqtonda paraflanmış sülh sazişi sənədini açıqlayıblar. Bütün bunlardan isə Ermənistanda narahat olan qüvvələr var. Erməni ekspert Qağik Ağacanyan bu fonda qeyd edir: “Düşünürəm ki, beynəlxalq hər hansı bir razılaşmada, müqavilədə, bəyannamədə kommunikasiya və yollar məsələsi qoyulmamalıdır. Mən, həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış Putin-Paşinyan-İlham Əliyev üçtərəfli bəyanatının 9-cu bəndinə də etiraz etmişdim. Həmin bəndə görə, Zəngəzur dəhlizinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi. Məsələ Rusiya deyildi, məsələ ondadır ki, əgər sənin yolun müqavilə maddəsinə çevrilirsə, artıq sənin nəzarətindən çıxır. Söhbət bu ərazinin kimə aid olmasından getmir, torpaq “ermənilərə məxsusdur”, amma bizim nəzarətimizdən kənarda qalır”. O bildirib ki, əldə edilən razılaşmada, mətndən göründüyü kimi, üstünlük yalnız Zəngəzur dəhlizinin açılmasına deyil, ümumilikdə kommunikasiya xətlərinin açılmasına verilir: “Əgər söhbət yalnız dəhlizin açılmasından gedirsə, bu, Ermənistan üçün heç bir fayda daşımır. Amma əgər söhbət ümumilikdə bütün kommunikasiya xətlərinin açılmasından gedirsə, bu, tamamilə başqa məsələdir. Yollar açılmalıdır, amma birtərəfli şəkildə yox. Əgər söhbət yalnız Zəngəzur dəhlizindən getmirsə, Vaşinqton Bəyannaməsinin 3-cü bəndi bu ümidləri verir”. Ağacanyan deyib ki, Zəngəzur dəhlizi açılsa, Ermənistan sadəcə müşahidəçi olacaq, səbrli olmaq lazımdır: “İran prezidentinin 3 günlük səfəri bir çox suala cavab verəcək, bu mərhələdə ABŞ qazandı, İlham Əliyev hər şeyi əldə etdi, Rusiya isə Cənubi Qafqazdan çıxdı”. Amma belə vəziyyətdə Ermənistanda Rusiyanın prosesə müdaxilə etməsinə dair çağırışlar da artır. Məsələn, “armenianreport” portalı bu xüsusda yazır: “Məşhur rus nağıl qəhrəmanının belə bir ifadəsi var: “Kiçik qazan qaynat!". Moskva və Bakının məqsədyönlü şəkildə bir-biri ilə müharibəyə doğru getdiyini oxuyanda hər dəfə eyni şeyi demək olar. Artıq hər iki tərəf o qədər danışıb ki, hadisələrin hər hansı başqa inkişafı sadəcə olaraq ağlasığmazdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyevin brifinqdə dediyi sözlər təsdiqləyib. O, Ukraynanı silah və ikili təyinatlı yüklərlə təmin etmək məsələsində Moskvanın mövqeyini bir daha Bakıya xatırladıb. "Azərbaycanlı tərəfdaşlar Kiyev rejiminə silah və ya ikili təyinatlı humanitar yardımın verilməsi məsələsində Rusiya Federasiyasının mövqeyini yaxşı bilirlər. Bu cür hərəkətlər sülh yolu ilə nizamlanmaya kömək etmir və yalnız yerlərdə vəziyyəti daha da pisləşdirir", - diplomat bildirib. Ancaq Rusiyanın özü çətin ki, baş verənlərdən ciddi təəccüblənsin. Rusiya-Ukrayna müharibəsinin ilk aylarından Azərbaycanın Ukraynaya insanların həyatını xilas etmək üçün təkcə ərzaq, dərman və avadanlıqlar deyil, həm də ikili təyinatlı yüklər göndərdiyi barədə məlumatlar yayılır.

Bu günlərdə Bakıdan Ukraynaya daha bir humanitar yardım karvanı gəlib. Əvvəlki kimi, söhbət Ukraynanın hərbi infrastrukturunu birbaşa və ya dolayısı ilə gücləndirə biləcək yüklərdən getmir. Rusiya hərbi kəşfiyyatı bütün bunlar haqqında dəqiq məlumat əldə edəcək qədər güclüdür. Və onun Kiyevdə kifayət qədər öz adamları var. Burada məsələ təkcə Azərbaycanın Kiyevin tərəfində oynamasında deyil. Moskvanın təxminən üç ildir ki, diplomatik bəyanatlar və “narahatlıq ifadələri” ilə məhdudlaşması da diqqətdən yayınmır. Amma bu gün hətta rusiyalı ekspertlər bütün Cənubi Qafqazın itirilmə təhlükəsi altında olduğunu etiraf edəndə bu yanaşma fəlakətə çevrilmək təhdidi yaradır. Əgər Rusiya sözdən əmələ keçməsə və cənubdan Ukraynaya tədarük kanallarını bağlayacaq sistem qurmasa, bunun nəticələri göz qabağında olacaq: Qafqazdan tranzitlə Kiyevin güclənməsi, dünyada anti-Rusiya ittifaqlarının möhkəmlənməsi və strateji əhəmiyyətli zonada təsir rıçaqlarının son olaraq itirilməsi. Bədəl, gördüyümüz kimi, çox yüksəkdir. Ermənistan üçün Rusiya tərəfindən real addımların olmaması daha ciddi təhlükə deməkdir. Güclənmiş Azərbaycan Moskvanın Ukrayna istiqaməti ilə məşğul olmasından və xarici təhdidlərə cavab vermək məcburiyyətində qalmasından istifadə edərək, daha sərbəst hərəkət edəcək. Yəni Bakı dövlətimizə qarşı sərtliyini artıracaq. Biz də regiondakı bir çoxları kimi Ukraynadakı müharibənin tez bir zamanda bitməsini istəyirik. Və siyasi müddəti başa çatmış prezident Volodimir Zelenski Odessa, Nikolayev, Xarkov və Dnepri itirməmək üçün Vladimir Putinin şərtləri ilə nə qədər tez razılaşarsa, Şərqi Avropa sabitliyə bir o qədər tez qayıdacaq. Hər kəs üçün, o cümlədən Ukrayna xalqı üçün daha yaxşı olacaq. Ukraynada müharibənin tezliklə başa çatması təkcə Rusiyanın deyil, həm də Ermənistanı indiki hakimiyyətin gətirdiyi biabırçılıqdan hələ də xilas etməyə qadir olan bütün ağıllı qüvvələrin marağındadır. Bu gün ləngliyin bədəli çox yüksəkdir: söhbət bütöv dövlətlərin taleyindən və regional güc balansının gələcəyindən gedir. Ermənistanın Rusiyaya həmişəkindən çox ehtiyacı var. Çünki ölkəmiz Azərbaycanla biabırçı “sülh müqaviləsi”ni imzalamağın bir addımlığındadır”.

Samirə SƏFƏROVA

Chosen
15
baki-xeber.com

1Sources