"15 avqustda Alyaskada baş tutan Donald Tramp və Vladimir Putin görüşü dünya tərəfindən, böyük gözləntilərlə izlənilirdi. Gözləntilər əsasən Ukrayna məsələsində atəşkəsin gündəmə gələcəyi istiqamətində idi. Lakin görüşün yekun açıqlamaları göstərdi ki, nə atəşkəs, nə də hər hansı konkret siyasi razılaşma əldə olunmadı. Əslində, Alyaska görüşünü nəticədən çox piar hadisəsi kimi qiymətləndirmək olar. Diplomatik masada razılaşma əldə olunmasa da, simvolik qalib və məğlub tərəflər müəyyənləşdi”
Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Elçin Abullayev deyib.
Politoloqun sözlərinə görə, Putinin baxış bucağından yanaşsaq, onun ABŞ-da yüksək səviyyədə qəbul edilməsi və beynəlxalq medianın diqqət mərkəzində olması müəyyən mənada Kreml üçün simvolik qələbə sayıla bilər:
“Görüşdən əvvəl Donald Tramp “əgər Putin mənimlə razılaşmasa, onu daha pis vəziyyət gözləyəcək” deyirdi. Amma yekun nəticə göstərdi ki, Tramp Putini öz orbitinə sala bilmədi. Əksinə, atəşkəsin gündəmə belə gətirilməməsi Kremlin sərt mövqeyini daha da möhkəmləndirdi. Ümumiyyətlə, bu prosesdə ABŞ Rusiyadan fərqli olaraq diplomatik passivlik nümayiş etdirdi. Nəticədə, görüş diplomatik müstəvidə Putinin Tramp üzərində üstünlük qazanması kimi qiymətləndirilə bilər”.
Politoloq qeyd edib ki, Putinin Alyaskaya səfəri Avropa Birliyi tərəfindən ona qarşı tətbiq olunan həbs sanksiyalarına da mesaj mahiyyəti daşıyırdı:
“ABŞ baxımından isə bu görüş gözləntiləri doğrultmadı. Alyaska görüşünün yekununda heç bir sənəd imzalanmadı və xüsusilə Ukrayna məsələsində konkret nəticə əldə olunmadı. Bu isə ABŞ prezidenti Donald Trampın “dünyaya sülh gətirən lider” imicinə zərbə vurdu.
Düşünürəm ki, dünənki görüşdən heç bir nəticənin çıxmaması Trampın daxildəki siyasi opponentləri və xüsusilə Demokrat Partiya tərəfindən tənqid hədəfinə çevrilməsinə səbəb olacaq.
Ukrayna baxımından isə görüşdən konkret bir qazanc və ya itki yoxdur. Bağlı qapılar arxasında Tramp və Putin arasında hər hansı razılaşma əldə olunub-olunmadığı barədə məlumat verilmədi, beləliklə Kiyev üçün status-kvo qorunub saxlanılır.
Bu baxımdan, dünənki görüşün nəticəsi Putini simvolik qalib, Trampı isə arzusu suya düşən lider obrazında təqdim edir”.
Mehin Mehmanqızı