EN

Rəsmi Bakı 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaratdığı yeni reallıqları möhkəmləndirməyə davam edəcək

ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında Alyaskanın Ankoriç şəhərində keçirilən görüş bütün dünyada olduğu kimi postsovet ölkələrində və Azərbaycanda da diqqətlə izlənilirdi. Ukraynalıların isə bu görüşün nəticələrindən elə də böyük gözləntiləri olmasa da, lakin hər halda onlar da Trampın Putini atəşkəsə sövq edə biləcəyinə müəyyən qədər ümid bəsləyirdilər. Çünki Tramp-Putin görüşündə Ukrayna ilə bağlı məsələ müzakirə edilən yeganə məsələ olmasa da, amma əsas məsələ idi. Ona görə də bu görüşün nəticəsi olaraq ilk növbədə Rusiya-Ukrayna müharibəsində atəşkəs barədə razılıq əldə ediləcəyi güman olunurdu.

Ancaq ukraynalıların və onlara sıx dəstək verən kollektiv Avropanın bu görüşün nəticələri ilə bağlı gözləntiləri, ümidləri özünü doğrultmadı. 3 saata yaxın davam edən görüş barədə Rusiya prezidenti Vladimir Putin “danışıqlarımız qarşılıqlı hörmət və konstruktiv atmosferdə keçdi, onlar çox əsaslı və faydalı oldu”, deyə bəhs etsə də və eyni zamanda, Donald Tramp da görüşü yüksək qiymətləndirsə də, lakin həlledici nəticələr əldə olunmadı. Yəni ki, baxmayaraq ki, hər iki ölkənin liderləri Alyaska sammitini yüksək qiymətləndirirlər, ancaq əsl həqiqətdə isə görüş nəticəsiz başa çatmış sayılır. Atəşkəs elan edilmədi və Putin Ukraynada müharibənin dayandırılacağı barədə konkret olaraq heç bir vəd vermədi.

Görünən budur ki, Ukrayna məsələsi bundan sonra da ABŞ-Rusiya təmaslarının əsas gündəmi olaraq qalmağa davam edəcək. Çünki Putin Ukraynada eskalasiyanı davam etdirmək üçün manevr imkanlarını qoruyub saxlayır. İşğalçı Rusiya lideri “Xüsusi Hərbi Əməliyyat” (SVO) adlandırdığı bu müharibəni “qələbə” kimi təqdim edə biləcək nəticə əldə etmədən geri çəkilmək istəmir. Ona görə də Putin tam atəşkəs üçün olduqca sərt, ağlasığmaz şərtlər irəli sürür. Ukrayna tərəfi isə haqlı olaraq bu tələbləri, şərtləri təslimçilik aktı hesab edir və rədd edir. Bu isə o deməkdir ki, Rusiya-Ukrayna müharibəsinin qızğın fazası hələ bundan sonra da eyni templə davam edəcək.

Alyaska görüşü nə sülhün, nə də təhlükəsizliyin bərqərar olmasına heç bir zəmin yarada bilmədi. Rusiya Ukrayna üçün də, digər postsovet ölkələri üçün də potensial təhdid və təhlükə mənbəyi olaraq qalmağa davam edəcək. Rusiyanın Dövlət Dumasının deputatlarının və Kremlə bağlı ekspertlərin, təbliğatçıların son günlər Azərbaycanı da müharibə ilə hədələməsi şimal qonşumuzun get-gedə daha da azğınlaşmasının göstəricisidir. Lakin Azərbaycan Rusiyanın istənilən təhdidlərinə adekvat cavab vermək gücünə, potensialına malikdir. Azərbaycanla hərbi qarşıdurmanın Rusiyaya baha başa gələcəyini Kremldə yaxşı başa düşürlər. Rəsmi Bakı ölkəmizin hərbi qüdrətinin daha da artırılması xəttinə üstünlük verməklə 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaratdığı yeni reallıqları möhkəmləndirməyə davam edəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Chosen
73
50
ictimairey.az

10Sources