BAKI. 16 avqust. TELEQRAF
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq "Ferentsvaroş" komandası Macarıstan çempionatında IV tur matçına çıxıb.
Teleqraf xəbər verir ki, rəqib "Puşkaş Akademiyası" olub.
Budapeşt şəhərindəki "Groupama Arena"da keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 20-ci dəqiqədə "Puşkaş Akademiyası"nın futbolçusu Daniel Lukaç açıb. Bundan 4 dəqiqə sonra "Ferentsvaroş"un oyunçusu Kadu bərabərlik qolunu vurub. Oyunda son nöqtəni 71-ci dəqiqədə yenə Lukaç qoyub.
Bu məğlubiyyətdən sonra "Ferentsvaroş" 7 xalla 3-cü yerdə gedir. "Puşkaş Akademiyası" isə 9 xalla liderliyə yüksəlib.
Qeyd edək ki, "Ferentsvaroş" "Qarabağ"la ilk oyununu avqustun 19-da Budapeştdə, cavab görüşünü avqustun 27-də Bakıda keçirəcək.