EN

Mehmet Seyfettin Erol: Tramp Rusiyanın daha da zəiflədilməsini istəmir

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada baş tutmuş görüşü simvolik mesajlar və hadisələr başda olmaqla, forma və məzmun baxımından iki müstəvidə qiymətləndirmək olar"

Bunu Oxu.Az-a açıqlamasında Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Mehmet Seyfettin Erol Tramp və Putin arasında avqustun 15-də Alyaskada baş tutan görüşə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Alyaska sammiti Ər-Riyad və İstanbulda aparılan danışıqların nəticəsidir:

"Bu kontekstdə görüşü ABŞ və Rusiya arasında davam edən normallaşma səylərind finala doğru atılmış mühüm addım hesab etmək olar. Ər-Riyad və İstanbulda keçirilən texniki görüşlərdən sonra deyə bilərik ki, danışıqların liderlər mərhələsinə artıq keçilib. Liderlər sonda görüşdülər və gözlənildiyi kimi dərhal nəticə əldə etmədilər.

Birgə mətbuat konfransında sualların olmaması onu göstərir ki, tərəflər prosesi böyük həssaslıqla aparmaq üçün ümumi iradə ilə hərəkət edirlər. Bu, prosesə verilən önəmin göstəricisi sayıla bilər. Bu məqamda ləğv edilən nahar əslində tərəflərin tələsmədiyinin və yanlış siqnal vermək istəmədiyinin göstəricisi kimi qəbul edilə bilər", - deyə alim bildirib.

O, Alyaska sammitinin nəticələrinin beynəlxalq ictimaiyyətin gözləntilərini doğrultmasa da, görüşün ABŞ və Rusiya arasında yeni prosesin başlanğıcı olduğunu bildirib:

"Danışıqların dərhal nəticə verməyəcəyi olduqca normaldır. Bu, çətin prosesdir. Çətinlik bu müzakirələrin təkcə Ukrayna müharibəsi ilə bağlı olmamasından qaynaqlanır. İki aktorun yeni qlobal geosiyasi nizamın və beynəlxalq sistemin qurulmasında tutacaqları mövqe də müzakirə mövzusudur. Nəticə etibarilə Rusiya nə qədər zəifləsə də, onu hesabdan silmək olmaz. ABŞ-nin Asiya-Sakit okean siyasətinin gələcəyində əhəmiyyətli oyunçu olması səbəbindən hadisələrin inkişafı buna uyğun olaraq davam edir.

Bu kontekstdə vacib olan odur ki, heç nəyə baxmayaraq, tərəflər arasında dialoq üçün zəmin yaranıb və onun davam etdirilməsi istəyi var. Həqiqətən də Putinin növbəti görüş kimi Moskvanı göstərməsi bunun göstəricisidir. Digər tərəfdən, Moskva danışıqlarına qədər ABŞ-Rusiya prosesini sabotaj etmək cəhdləri ola bilər. Bu məqamda ən azı Avropanın Trampa təzyiqini və onun Ukrayna cəbhəsindəki təzahürlərini görə bilərik. Amma düşünürəm ki, Tramp və Putin belə bir təxribat cəhdinə yol verməyəcəklər.

Hər iki lider bilir ki, mövcud vəziyyətlərini nəzərə alaraq, bu müharibəni davam etdirmək onların regional və qlobal maraqlarına xidmət etmir. Xüsusilə Putin üçün Rusiyanın bu müharibəni davam etdirməsi həm daxildə, həm də xarici siyasəti baxımından getdikcə çətinləşir və o, Moskvanı, xüsusən də başda yaxın çevrəsi olmaqla güzəştlərə məcbur edir və beləliklə, çətin seçimə vadar edir. Tramp da ABŞ-nin qlobal siyasətindəki maraqlarına görə Rusiyanın daha da zəiflədilməsini istəmir. İdarə olunan Rusiya onun üçün kifayət edir. Hazırda o, Rusiyanı belə görür" , - deyə o əlavə edib.

Mehmet Seyfettin Erol atəşkəsin tezliklə əldə edilə biləcəyini vurğulayıb: "ABŞ və Rusiya arasında proses bu sürətlə davam edərsə, Ukraynanın birtəhər razı salınacağı, Avropanın isə səssiz qalacağı atəşkəs ilin sonuna doğru əldə edilə bilər. Atəşkəs əldə olunarsa, bu, onu ifadə edəcək ki, ABŞ və Rusiya arasında normallaşma prosesi artıq başlayıb. Bu kontekstdə ikitərəfli münasibətlər daha da inkişaf edəcək və dərinləşəcək. Sanksiyalar mərhələli şəkildə ləğv olunduqca, enerji əsaslı əlaqələr vasitəsilə proses daha da güclənəcək. Rusiya bundan sonra yaxın ətrafına qarşı asanlıqla aqressiv siyasət apara bilməyəcək, Ukrayna Rusiya ilə Avropa arasında bufer zonaya çevriləcək. ABŞ prosesin gələcəyinin qarantı kimi çıxış edəcək. Bütün bu proseslər isə Çinin sıxışdırılıb tək qalması siyasətində mühüm addım kimi qiymətləndiriləcək, Hindistan da qərar vermək məcburiyyətində qalacaq", - alim fikrini yekunlaşdırıb.

Söhrab İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
77
50
oxu.az

10Sources