EN

İki güləşçimiz DÇ-də bürünc medal üçün güləşəcək

Bu gün Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatına start verilib.

Bu barədə Day.Az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İlk yarış günündə sərbəst güləş üzrə 70, 74, 97 və 125 kq-da finalçılar müəyyənləşib.

Nurlan Ağazadə (70 kq) debütdə kanadalı Keyd Braunu mübarizədən kənarlaşdırıb - 9:2. Milli üzvü 1/8 finalda gücünü qırğızıstanlı Zalkarbek Tabaldiyevə göstərib - 5:2. Güləşçimiz çinli Tao Veini isə vaxtından əvvəl (12:2) üstələyərək yarımfinala yüksəlib. Nurlan finalın bir addımlığında moldovalı Aleksandr Qaydarliyə məğlub olub - 4:7. Ağazadə sabah bürünc medal uğrunda güləşəcək.

Ağanəzər Novruzov (74 kq) bolqarıstanlı Stiliyan Corova heç bir şans tanımayıb - 10:0. Ancaq 1/8 finalda almaniyalı U20 Avropa çempionu Manuel Vaqinə 2:7 hesabıyla uduzub.

Rəvan Musayev (97 kq) macarıstanlı Peter Jivnovskiyə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda fransalı Aşab Dadayevlə bacarmayıb - 2:12.

Yusif Dursunov (125 kq) startda çinli Ruljie Lini "tuş"la yolundan kənarlaşdırıb. Həmyerlimiz gürcüstanlı Aleksandre Abramişvilidən də güclü olub - 5:0. Yusif yarımfinalda iranlı Abolfazl Nejadla güləşib. Görüşdə güləşçilər fənd işlətməyib. Rəqib sonuncu xal prinsipinə əsasən (1:1) finala yüksəlib. Dursunov sabah üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.

Chosen
42
50
day.az

10Sources