EN

Zelenski Tramp ilə görüşdə qəbul edilə bilən kompromis ə hazırdır FT

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Donald Tramp ilə Oval kabinetdə keçirəcəyi görüşdə əsas məqsədi – Donetsk və Luqanskdan qoşunların çıxarılması tələbindən yayınaraq sülh prosesini yoluna qoymaqdır. Bunun üçün Zelenski mövcud cəbhə xətti üzrə "qəbul edilə bilən kompromis”ə getməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” Ukrayna rəsmilərinə istinadən yazır.

Nəşr qeyd edir ki, bazar ertəsi Zelenskini prezidentliyi dövründə ən mühüm görüşlərdən biri gözləyir. Bu, Tramp ilə münasibətləri yenidən qurmaq, Rusiya tərəfindən başladılan müharibənin ədalətli sonluğunu təmin etmək və Ukraynanın gələcək təhlükəsizliyi üçün ABŞ zəmanəti qazanmaq imkanı olacaq. Eyni zamanda Zelenskinin Ağ Evdəki sonuncu görüşündəki kimi fiaskodan yayınması vacibdir.

"Prezidentə yaxın yüksək vəzifəli ukraynalı rəsmi bildirib ki, Zelenskinin məqsədi "Ukraynaya təzyiq göstərmədən, qoşunların çıxarılması kimi mümkün olmayan addımlara məcbur etmədən məhsuldar sülh prosesinə nail olmaqdır”. Bunun üçün o, mövcud cəbhə xətti üzrə "qəbul edilə bilən kompromisə” getməyə hazırdır”, – FT yazır.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor bildirib ki, Zelenski Trampa sakit, amma açıq şəkildə deməlidir ki, Ukrayna "Rusiya təcavüzünə qarşı özünü müdafiə etməyə davam edəcək”.

"Prezident Trampa Ukrayna üçün möhkəm təhlükəsizlik zəmanətlərinə dəstəyə görə təşəkkür etmək, ABŞ-ın sabit dəstəyinə ümidini ifadə etmək, amma eyni zamanda aydın göstərmək lazımdır ki, Ukraynanın başqa yolu yoxdur – o, özünü müdafiə edəcək”, – deyə Teylor bildirib.

Lakin ABŞ və Ukraynanın hazırkı və keçmiş rəsmilərinin bir qismi daha pessimistdir. Onların fikrincə, Zelenski üçün bazar ertəsi görüşündə vəziyyəti Kiyevin xeyrinə dəyişmək asan olmayacaq.

Onların hesablamasına görə, Zelenski Trampın sülhpərvər ambisiyalarına müraciət etməlidir ki, ABŞ prezidenti Ukraynanı yarı yolda qoymasın.

"Əks halda ABŞ təhlükəsizlik zəmanətləri və Ukraynanın Donetsk və Luqanskda mövcud mövqelərini qoruyub saxlamadan, Putin yenidən hücuma keçə bilər. Bu isə apreldə imzalanmış ABŞ–Ukrayna faydalı qazıntılar müqaviləsini də təhlükəyə salar”, – deyə rəsmilər qeyd ediblər.

Ukrayna üçün ən əsas məsələlərdən biri də Putinin Alyaskada Trampa təklif etdiyi – Donetsk və Luqanskın qalan hissəsinin işğalı planının qarşısını almaqdır. Bu, Zelenskinin "qırmızı xətti”dir.

"Putin nə deyir-desin, Ukrayna ordusu bir qarış ərazini belə döyüşsüz tərk etməyəcək”, – deyə 57-ci briqadanın kəşfiyyat bölməsinin rəhbəri Denis Yaroslavski bildirib.

Ukraynalı rəsmilər vurğulayırlar ki, Rusiyanın təcavüzünə görə verilən istənilən mükafat onu yeni işğallara daha da həvəsləndirəcək və yeni hücum üçün zəmin yaradacaq.

Təhlükəsizlik xidmətlərinin yüksək rütbəli nümayəndəsi isə bildirib: "Hər hansı saziş yalnız kağız üzərində qaldıqda heç nəyə yaramır. Müqavilələr yalnız real güclə təsdiqlənəndə işləyir. Rusiya ilə münasibətlər isə güc üzərində qurulub”.

Qeyd edək ki, Oval kabinetdə görüş ərəfəsində Tramp paylaşım edərək bildirib ki, Zelenski Rusiyayla müharibəni "demək olar dərhal” dayandıra bilər, amma şərtlər var – Krımdan imtina və NATO-ya üzv olmaqdan çəkilmək.

Bloomberg yazır ki, Tramp Vaşinqtondakı görüşdən Vladimir Putinlə Alyaskadakı danışıqlarda müzakirə etdiyi potensial sülh sazişinin şərtlərini müəyyənləşdirmək üçün istifadə etməyi planlaşdırır.

ABŞ tərəfinin əsas diqqəti Rusiyanın tələb etdiyi ərazi güzəştlərinə yönələcək, Kiyev isə mümkün təhlükəsizlik zəmanətlərini aydın müəyyənləşdirməyə çalışacaq.

Alpər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
50
qaynarinfo.az

10Sources