Olaylar.az xəbər verir ki, bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Rubionun bu açıqlamasından gəlinən qənaət odur ki, Vaşinqton Rusiya neftini aldıqlarına görə Çin və Hindistana qarşı sanksiya tətbiq etməyəcək:
"Vaşinqtonla Pekin arasında ticarət sazişinin mətni üzərində çalışmalar davam edir. Ağ Ev bunun xaricində Çini Rusiya neftini aldığına görə bu ölkəyə qarşı sanksiya tətbiqini planlaşdırırdı. Ancaq ABŞ və Rusiya Prezidentlərinin Alyaskadakı görüşündən sonra Ağ Ev sanksiya mövzusunun arxa plana keçdiyini bildirib. Misal üçün ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinə görə Rusiyaya qarşı da sanksiya tətbiq edəcəyini açıqlamışdı. Ancaq Ağ Ev sahibi rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra Rusiyaya qarşı sanksiya tətbiqini sonraya saxladığını bildirib. Tramp ümid edir ki, Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək. Bundan sonra isə Rusiyaya qarşı sanksiyaya ehtiyac yoxdur, əksinə ABŞ Rusiya ilə iqtisadi və ticarət əməkdaşlığını bərpa etmək istəyir. Belə olan halda Rusiyadan neft alan ölkələrə qarşı sanskiya tətbiqinin də mənası qalmır".
Elxan Şahinoğlu həmçinin qeyd edib ki, Tramp Rusiya neftini aldığına görə Hindistana qarşı da sanksiya tətbiq edəcəyini bildirsə də, Alyaska görüşündən sonra bu məsələ də arxa plana keçib:
"Buna baxmayaraq, Hindistanın neftayırma zavodları Rusiyadan neft alışını azaldıblar. Hindistan neftin əsas hissəsini Körfəz ölkələrindən alır. Buna baxmayaraq, Rusiya-Ukrayna müharibəsi bitərsə Hindistan Rusiyadan neft alışını davam etdirəcək".