EN

Putinin “dinc” şərtləri BAXIŞ BUCAĞI

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton görüşü Alyaska sammitinin davamını gətirəcək, yoxsa?

Rusiya lideri Vladimir Putinin Alyaskada Donald Trampla görüşü zamanı Ukraynaya qarşı genişmiqyaslı müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü tələblərin tam siyahısı ortaya çıxıb. Şərtlərin siyahısını Reuters yayıb.

Kreml əvvəlki tələblərindən əl çəkməyib. Şərtlərin siyahısı:

*Rusiya böyük saziş imzalanmayana qədər atəşkəs barədə düşünmür;

*Kiyev qoşunlarını Donetsk və Luqansk vilayətlərindən tamamilə çıxarmalıdır;

*Rusiya Xerson və Zaporojye vilayətlərində cəbhə xəttini donduracaq;

*Sumi və Xarkov vilayətlərindəki ərazilərin Ukraynanın nəzarətinə qaytarılması;

*Rusiyanın Krım üzərində suverenliyinin rəsmi tanınması;

*Rusiyaya qarşı sanksiyaların ən azı bir hissəsinin ləğvi;

*Ukraynanın NATO-ya daxil olmasına qadağa;

*Kiyev üçün beynəlxalq təhlükəsizlik təminatının mümkünlüyü müzakirə edilir;

*Ukraynada rus dili və Rus Pravoslav Kilsəsi rəsmi hüquqlar almalıdır.

Xatırladaq ki, prezident Vladimir Zelenski Ukrayna, Amerika və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyib. Danışıqların təfərrüatları bazar ertəsi, avqustun 18-də Vaşinqtonda ABŞ lideri Donald Trampla müzakirə olunacaq.

Bu arada...

Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin Alyaskada keçirilən sammitdəki görüşünün nəticələrini təhlil ediblər. Tədbirə diqqətin artmasına baxmayaraq, Putinin Ukrayna müharibəsi ilə bağlı mövqeyi dəyişməz qalıb ki, bu da onun jurnalistlər qarşısındakı çıxışında aydın görünürdü.

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti ilə Rusiya lideri arasında keçirilən zirvə görüşündən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan və Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə telefon danışığı aparıb. Bu barədə avqustun 16-da axşam Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd edildiyi kimi, Lavrovla Türkiyə XİN rəhbəri arasında söhbət Ankaranın təşəbbüsü ilə baş tutub. İştirakçılar “Rusiya və ABŞ arasında yüksək səviyyəli danışıqların” nəticələri barədə fikir mübadiləsi aparıblar.

Həmçinin bildirilir ki, Peter Szijarto ilə söhbət zamanı Ukraynadakı müharibə ilə bağlı mövzular ABŞ-Rusiya sammitinin yekunları kontekstində nəzərdən keçirilərək müzakirə edilib. Bir gün əvvəl Peter Szijjarto X sosial şəbəkəsində bəyan edib ki, iki ən böyük nüvə dövlətinin liderləri arasında keçirilən görüş Ukraynadakı müharibənin hərbi yolla deyil, yalnız danışıqlar yolu ilə həllinin mümkün olduğunu təsdiqlədi. Eyni zamanda Szijarto vurğulayıb ki, sülh yalnız dialoq və açıq diplomatik kanallara dəstək vasitəsilə əldə edilə bilər. Onun sözlərinə görə, Macarıstan üç ildən artıqdır ki, Brüsselin və hərbi ritorikanı dəstəkləyən avropalı siyasətçilərin mövqeyinin əksinə olaraq, bu yanaşmanın tərəfdarıdır.

Öz növbəsində Macarıstanın baş naziri Viktor Orban X sosial şəbəkəsində Rusiya Federasiyası və ABŞ prezidentlərinin görüşündən sonra dünyanın daha təhlükəsiz olduğunu yazıb. Onun fikrincə, bu, onlar arasında əməkdaşlığın dağılmasına son qoyulmasından və qeyri-dost bəyanatların mübadiləsinin azalmasından xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da sosial şəbəkələrdə sammitin nəticələrinə münasibət bildirib və qeyd edib ki, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün qlobal səylərə “yeni təkan verib”. Ərdoğan ümid etdiyini bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski sabit sülhün əsasını qoymaq üçün bu prosesə inteqrasiya olunacaq. O, Türkiyənin də bu nəticənin əldə olunmasına töhfə verməyə hazır olduğunu bildirib. Bundan əvvəl, avqustun 12-də Ərdoğan Zelenski ilə telefon danışığı aparıb və o, Ankaranın Rusiya və Ukrayna prezidentləri arasında “liderlər səviyyəsində” görüş təşkil etməyə hazır olduğunu qeyd edib.

Xatırladaq ki, Tramp Ukraynada müharibəyə son qoymaq məqsədi ilə onun, eləcə də Zelenski və Putinin iştirakı ilə üçtərəfli görüşün təşkili mümkünlüyünü açıqlamışdı. Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Alyaskada keçirilən sammit zamanı Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ prezidenti Donald Tramp və Rusiya hökmdarı Vladimir Putin arasında üçtərəfli sammitin keçirilməsi müzakirə olunmayıb.

Aİ liderləri ABŞ-a gedir

Bu addım Ukrayna ilə Tramp administrasiyası arasında effektiv ünsiyyəti təmin etmək məqsədi daşıyır. Ukrayna prezidentini ABŞ-a səfəri zamanı Donald Trampla danışıqlarda öz mövqeyini möhkəmləndirməyə və Ağ Evdə yarana biləcək təhlükəli münaqişələrdən yayınmağa çalışan avropalı müttəfiqlər tərəfindən dəstək veriləcək. Bu barədə bazar günü, avqustun 17-də Avropa diplomatlarına istinadən Politico nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, Avropa bu çətin dövrdə Zelenski üçün “tələyə” çevrilə biləcək və liderlər arasında münasibətlərə təhlükə yarada biləcək vəziyyətin qarşısını almağa çalışır. Ona görə də effektiv ünsiyyət üçün Trampdan müvafiq səviyyədə etimad və diplomatik proseslərə təsir göstərən Finlandiya prezidenti Aleksandr Stubbın Vaşinqtona göndərilməsi planlaşdırılır. Onun Zelenskini danışıqlarda müşayiət edəcəyi, münaqişələrin qarşısının alınmasına və Avropa ölkələrinin ABŞ-la strateji dialoqun formalaşmasına cəlb olunmasına kömək edəcəyi gözlənilir.

Trampla möhkəm işgüzar əlaqələr quran NATO-nun baş katibi Mark Ruttenin də iştirak imkanları nəzərdən keçirilir. Avropalı müttəfiqlər və Ukrayna danışıqları Amerika prezidentini Kiyev üçün qəbuledilməz olan, xüsusən də Ukrayna ərazilərinin Rusiyanın nəzarətinə keçməsi ilə bağlı şərtlərlə razılaşmamağa inandırmaq üçün vacib hesab edir. Trampın Putinə qarşı dost münasibəti Aİ nümayəndələrinin narahatlığına səbəb olur. Ağ Ev sahibinin mövqeyinə görə Zelenskinin görüşünün daha az məhsuldar ola biləcəyi ilə bağlı qorxular var.

Alyaskada keçirilən son sammit də Avropa rəsmilərinin diqqətini çəkib. Tramp Kremlin arqumentlərinin əhəmiyyətli hissəsini nəzərə aldığı üçün onun bəzi nəticələri tənqidi qiymətləndirilib. Xarici Əlaqələr üzrə Avropa Şurasının analitiki Kamil Qranın fikrincə, bu sammit fəlakət olmasa da, danışıqların istiqaməti haqlı narahatlıq doğurur. Müttəfiqlər Zelenskinin ABŞ-a növbəti səfəri zamanı gözlənilməz vəziyyətlərin qarşısını almağa can atırlar. Avropa rəsmiləri Trampın Putinlə sövdələşməyə getməməsindən bir qədər məmnun olsalar da, Rusiya neftini alan ölkələrə ciddi sanksiyaların tətbiqi məsələsinin gündəmdən çıxarılmasından məyus olublar. “Politico” çətin diplomatik məqamlarda belə tərəfdaşlığın vacibliyini vurğulayır.

Xatırladaq ki, prezident Vladimir Zelenski Ukrayna, Amerika və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyib. Danışıqların təfərrüatları bazar ertəsi, avqustun 18-də Vaşinqtonda ABŞ lideri Donald Trampla müzakirə olunacaq.

V.VƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
30
sia.az

10Sources