EN

“Teatr və konsert zallarını doldurmaq əvvəlkindən qat-qat çətindir” - MÜĞƏNNİ DANIŞDI

“Bizim xalq həmişə istirahət etməyi, əylənməyi sevən bir toplum olub. Amma zaman keçdikcə insanların əyləncə formaları və seçimləri dəyişib. Bu gün artıq xalqın yalnız az bir hissəsi teatr və konsert zallarına üz tutur. İnsanların böyük qismi isə maddi çətinliklər səbəbindən belə tədbirlərə qatılmaq imkanından məhrum olur. Halbuki, köhnə zamanlarda vəziyyət tamamilə fərqli idi. İnsanlar sevimli müğənnilərinin konsertinə və ya teatr tamaşasına getmək üçün saatlarla növbədə dayanırdılar. Bu, həm onların mədəniyyətə olan marağından, həm də həmin dövrdə ictimai həyatın daha çox canlı görüşlər üzərində qurulmasından irəli gəlirdi”. Bu sözləri SİA-ya açıqlamasında müğənni Ofelya Şabanova deyib.

Ofelya Şabanova sözlərinə belə davam edib: “Teatr tamaşaları insanların intellektual səviyyəsinin artmasında mühüm rol oynayırdı. Hər bir tamaşa təkcə əyləncə vasitəsi yox, həm də maarifləndirici məktəb idi. Tamaşalarda verilən ibrətamiz səhnələr, dərin mənalı dialoqlar insanları düşündürür, cəmiyyətə və həyata fərqli baxış bucağı qazandırırdı. Konsertlər də eyni ilə insanların musiqi zövqünü formalaşdırır, onları yeni yaradıcılıqlarla tanış edirdi. Müğənniləri canlı səhnədə görmək, onların səsinin, ifasının təsirini orada hiss etmək, həmin dövrdə xüsusi bir hadisə sayılırdı.

Bu gün isə texnologiyanın inkişafı ilə vəziyyət dəyişib. Artıq yeni mahnıları sosial şəbəkələrdən dinləmək, sevimli ifaçıları müxtəlif restoran və kafelərdə görmək mümkündür. Bu, əlbəttə ki, əlçatanlığı asanlaşdırır, amma eyni zamanda konsert və teatr zallarının cazibəsini azaldır. İnsanlar canlı tamaşa və ya konsertin verdiyi emosiyanı ekrandan izləməklə əldə edə bilmirlər, lakin çoxları bu fərqi görməzlikdən gəlir.

Nəticədə, bu gün teatr və konsert zallarını doldurmaq əvvəlkindən qat-qat çətindir. Cəmiyyətin mədəni həyatında mühüm yer tutan bu məkanlar getdikcə boşalır. Bu isə həm incəsənətin inkişafına, həm də insanların mənəvi zənginləşməsinə təsirsiz ötüşmür. Əslində, teatr və konsertlər sadəcə əyləncə yox, bir mədəniyyətin, bir xalqın dünyagörüşünün güzgüsüdür”.

Ayşən Vəli

Chosen
5
12
sia.az

10Sources