EN

Meşə mühafizəsi sahəsində problemlərin həlli texnologiyadadır EKOLOQ DANIŞDI

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Meşələrin mühafizəsi üçün yeni texnologiyalar, o cümlədən pilotsuz uçuş aparatları (PUA), süni intellekt (AI) və monitorinq üçün peyk görüntüləri, ağac inventar sistemləri və qanunsuz ağac kəsilməsinə nəzarət vacibdir. Meşə yanğınları ilə mübarizə sahəsində yanğının erkən aşkarlanması və onun söndürülməsi üçün müasir sistemlərin, o cümlədən robotlardan istifadənin böyük fayda verəcəyi aydındır". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, insansız hava aparatları – İHA-lar və ya dronlar – həm uzaqdan idarə olunan, həm də müəyyən uçuş planı əsasında avtomatik hərəkət edən modellərə malikdir: "Onlar real vaxt rejimində meşə ehtiyatlarının vəziyyəti haqqında müasir məlumat təqdim edir, zədələnmiş və ölü ağacları, xəstəlik və zərərvericilərdən təsirlənən əraziləri tez bir zamanda aşkar etməyə imkan yaradır ki, bu da vaxtında tədbirlər görülməsinə şərait yaradır.

PUA və peyklərin tətbiqi meşə sahələrinin monitorinqində xüsusilə önəmlidir. Bu texnologiyalar qeyri-qanuni ağac kəsilməsini, yanğınları və digər təhlükələri müəyyənləşdirməyə imkan verir. Dünyanın müxtəlif ölkələrində kosmik fotoşəkillərdən istifadə edərək meşə sahələrində baş verən qanunsuz fəaliyyətlər aşkar edilir və pozuntulara dərhal reaksiya verilir. Yerin məsafədən zondlanması texnologiyaları meşələrdə baş verən dəyişikliklərin dinamikasını izləmək, təbii fəlakətlərdən sonra bərpa prosesini, zərərvericilərin yayılmasını və ağacların yaş-növ tərkibini qiymətləndirmək üçün mühüm vasitəyə çevrilib. Eyni zamanda peyk məlumatlarından yanğınların inkişafını proqnozlaşdırmaq məqsədilə istifadə olunur. Böyük həcmli məlumatların işlənməsi üçün süni intellekt və maşın öyrənmə texnologiyalarının tətbiqi meşə fondunun monitorinqinin dəqiqliyini və səmərəliliyini xeyli artırır.

Meşə yanğınları, qanunsuz ağac kəsimi, həşərat və zərərvericilərin yayılması ölkələrin yaşıllıq ehtiyatları üçün ciddi təhlükələr yaradır və büdcələrə hər il yüz milyardlarla zərər vurur. Mövcud reallıqda müasir texnologiyaların tətbiqi meşələrin qorunması və mühafizəsi sahəsində problemlərin effektiv həlli üçün yeganə çıxış yoludur. Hazırda beynəlxalq səviyyədə meşələrin zərərli orqanizmlərdən qorunması, təhlükəli həşərat növlərinin kütləvi çoxalmasının qarşısının alınması, effektiv bioloji agentlərin hazırlanması, meşə zərərvericilərinə qarşı yeni preparatların sınaqdan keçirilməsi və istifadəsinə icazə verilən mühafizə vasitələrinin çeşidinin genişləndirilməsi məsələləri elmi əsaslarla öyrənilir.

Bütün bunlar göstərir ki, bizim ölkəmizdə də meşə təsərrüfatı mütəxəssisləri bu texnologiyalardan fəal şəkildə istifadə etməli, müasir monitorinq və müdafiə üsullarını tətbiq etməlidirlər".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
50
sia.az

10Sources