İstanbulun Beykoz rayonunda yaşayan 66 yaşlı Ahmet T. ailə problemlərinin həll olunacağı vədi ilə internetdə tanış olduğu saxta ekstrasens tərəfindən aldadılıb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə, Ahmet internetdə “medyumakim” adlı hesabla qarşılaşıb.
Özünü “Akim” kimi təqdim edən şəxs yaşlı kişinin ailəsinin tilsim altında olduğunu deyib və pul qarşılığında sehri pozacağını bildirib. Çarəsiz qalan Ahmet T. müxtəlif tarixlərdə ümumilikdə 877 min lirəni (təxminən 36 500 manat) şübhəlilərin yönləndirdiyi hesablara köçürüb.
Lakin bir müddət sonra əlaqə kəsilib və Ahmet T. dələduzluğun qurbanı olduğunu anlayaraq prokurorluğa müraciət edib.
İstintaq zamanı məlum olub ki, şübhəlilər pulları zəncirvari şəkildə müxtəlif hesablara yönləndiriblər. İfadə verən Berat Ç. hesabını həftədə 4 min lirə müqabilində Eylül K. adlı qadına verdiyini etiraf edib. Pulları bankomatdan çıxaran şəxsin isə 20 yaşlı Uğur Can Y. olduğu, vəsaitin bir hissəsini götürüb qalanını başqa hesablara köçürdüyü müəyyənləşdirilib.