EN

4 günlük iş həftəsi: Dünyada rifah artır, Azərbaycanda isə istirahət belə lüks sayılır

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünyanın müxtəlif ölkələrində aparılan ən genişmiqyaslı tədqiqatlardan biri iş rejimi ilə bağlı köklü bir həqiqəti üzə çıxardı: 4 günlük iş həftəsi insanların sağlamlığına və ümumi rifahına ciddi müsbət təsir göstərir.

Boston Kollecinin alimləri ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, İrlandiya və Yeni Zelandiyada fəaliyyət göstərən 141 şirkətdə işçilərin peşə yanması, işdən məmnunluq, fiziki və psixoloji sağlamlığını araşdırıblar. Nəticə göz qabağındadır: həm işçilər özlərini daha xoşbəxt və sağlam hiss edib, həm də şirkətlər məhsuldarlığın artdığını qeydə alıblar.

Tədqiqatın müəllifi Ven Fanın sözləri ilə desək:

“Biz işçilərin rifahında ciddi yaxşılaşma qeydə aldıq. Şirkətlər həmçinin məhsuldarlıq və gəlirlərin artdığını bildirdi.”

Dünyada dəyişən yanaşma

Bir çox ölkədə uzun iş saatları hələ də nüfuz və fədakarlıq göstəricisi kimi qəbul edilsə də, münasibətlərin dəyişməyə başladığı müşahidə olunur. Məsələn, Yaponiyada həddən artıq iş yükündən ölüm hallarına görə hətta “karosi” termini yaranıb. Tokioda dövlət qulluqçuları üçün artıq 4 günlük iş həftəsi üzrə pilot layihə həyata keçirilir. Dubayda yay aylarında qısaldılmış iş həftəsi tətbiq olunur. Cənubi Koreyada isə bu ildən 67 şirkət 4,5 günlük iş qrafiki ilə təcrübəyə başlayıb.

Maraqlısı budur ki, qısaldılmış iş saatları məhsuldarlığın azalmasına deyil, əksinə artmasına səbəb olur. Uzun və yorucu iclasların yerini sürətli telefon zəngləri və yazışmalar tutur, işçilər isə əlavə vaxtlarını yuxuya, idmana və şəxsi inkişaflarına sərf edirlər.

Bu fonun üzərinə gəlin, Azərbaycana baxaq. Bizdə, xüsusilə özəl sektorda, nəyinki iş günlərinin azaldılması, hətta işçinin istirahətsiz işlədilməsi “adi” bir haldır. Çox vaxt “kim daha çox işləyirsə, o daha dəyərlidir” prinsipi ilə yanaşılır. Halbuki tədqiqatlar göstərir ki, bu düşüncə nə işçinin sağlamlığına, nə də şirkətin nəticələrinə xeyir gətirir.

Əmək qanunvericiliyi nəzəri baxımdan işçilərin hüquqlarını qorusa da, praktiki müstəvidə vəziyyət tam fərqlidir: İş saatları normadan artıq olur, amma ödənişi edilmir. Həftəsonu çağırışları “normal” qəbul edilir.İstirahət almaq istəyən işçi bəzən “tənbəl” damğası ilə qarşılaşır.

Tədqiqatlar göstərir ki, gənc nəsil artıq iş-həyat balansını maaşdan üstün tutur. Onlar daha az maaş almağa razıdır, amma daha az işləyib özlərinə, ailələrinə və hobbilərinə vaxt ayırmaq istəyirlər. Bu isə qlobal əmək bazarında ciddi dəyişikliklərin xəbərçisidir.

Azərbaycanda sahibkarlar və şirkət rəhbərləri anlamalıdırlar ki, işçini həddən artıq yükləmək məhsuldarlığı artırmır. Əksinə, yorğun, stressli və psixoloji gərgin işçi nə özünə, nə də şirkətə fayda verir. Dünyanın ən qabaqcıl şirkətləri işçilərinin xoşbəxtliyinə sərmayə qoyduğu halda, bizdə bu yanaşma hələ də “fantastik” görünür.

Bəlkə də sualı belə qoymaq lazımdır. Nə vaxta qədər biz işçini tükəndirəcək, amma şirkəti inkişaf etdirməyəcək köhnə düşüncəyə sarılacağıq?

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
21
bizimyol.info

10Sources