EN

“Artıq sülhün real və yaxın bir perspektiv olduğunu söyləyə bilərik” — ŞƏRH

“Vaşinqtonda keçirilən görüş kifayət qədər uğurlu və əhəmiyyətli bir diplomatik təşəbbüs idi. Görüş zamanı müxtəlif istiqamətlər üzrə işçi qruplarının yaradılması və bu istiqamətdə dialoqun davam etdirilməsi üçün konkret tapşırıqlar verildi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

O bildirib ki, bu, prosesin sistemli şəkildə irəliləməsinə və əlaqələrin dərinləşməsinə xidmət edir:

“Hazırda həm kommunikasiyaların açılması, həm də sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində işçi qruplar fəaliyyət göstərir. Bu qrupların işi qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlib. Etimadın səviyyəsi nə qədər yüksək olarsa, sülh prosesinin irəliləməsi də bir o qədər sürətli və dayanıqlı olacaq. Vaşinqton razılaşmaları bu baxımdan sülhə doğru ciddi bir addım oldu. Artıq sülhün real və yaxın bir perspektiv olduğunu söyləyə bilərik. Lakin sülhün tam təmin olunması üçün hələ bir sıra zəruri addımlar atılmalıdır”. 

Politoloq əlavə edib ki, bu addımlardan ən önəmlisi isə Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsidir:

“Əgər Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxararsa, bu, sülh müqaviləsinin imzalanması qarşısında duran əsas maneələrin aradan qalxması demək olacaq. Lakin bu dəyişikliklər üçün Ermənistana müəyyən vaxt və daxili hazırlıq prosesi lazımdır. Böyük ehtimalla bu proses ölkədə keçiriləcək seçkilərdən sonra aktiv fazaya keçəcək. Bu müddət ərzində Ermənistan hökuməti, siyasi elita və cəmiyyət bu dəyişikliklərə psixoloji və hüquqi baxımdan hazırlaşdırılmalıdır. Əgər dəyişikliklər üzrə keçiriləcək referendumdan müsbət nəticə çıxarsa Ermənistanın sülhə həqiqətən hazır olduğunu göstərəcək. Azərbaycan bu məsələni təsadüfən gündəmə gətirməyib. Əksinə, bu, bir testdir. Əgər bu testdən uğurla keçilərsə, o zaman sülh müqaviləsinin imzalanması qaçılmaz olacaq. Əks halda isə, sülh perspektivləri sual altına düşə bilər”.

Leyla Turan
Demokrat.az
Chosen
26
50
demokrat.az

10Sources