ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Aysel ƏLİZADƏ
Yaşamaq
Ağrılarıma gülümsədim,
özümdən yüksəldim.
yaxşı adam ola bildim.
Özümə pay olaraq
güzgüdə öpüş göndərdim.
Yaşantılarımı elə sevdim
unuduldu bütün tiranlar.
Həyatımı basdım bağrıma,
saçını sığalladım illərimin.
Yorğun deyiləm artıq!
Həyatla barışdıq,
yarışdıq arada.
Yan-yana qaçışdıq,
Bir gün önə çıxdım,
səsləndi arxadan: Nə gözəl qaçırsan!
Geri çevrilib göz vurdum ona:
Gözəl günün olsun, Həyat! - dedim.
Qızın həyatı
Bir qız vardı...
Üzünü dünyanın boşluğuna tutub,
Atalı-analı yetimliyə yaslanıb,
ən yaxın dostlara qısılıb ağlardı.
Bir qız vardı...
"Məni niyə doğdun" soruşardı anasından.
Anasının qatili olacağından qorxardım.
Nəyin dərdini çəkdiyini bilməzdim.
yerbəyer etməyə uşağı yox idi,
Qulluq etməyə əri.
Ocaq başında ömrü çürümürdü,
Ancaq nə sirr idisə
Azadlığının qədrini bilmirdi.
Tanrıya hücum çəkirdi:
Məni niyə yaratdın?
Bir qız vardı,
dualarını anlamazdın.
Bilməzdin istəyini.
Siyasətdən danışsan susar,
xoşbəxtlikdən danışsan qorxar,
dindən danışsan coşar,
insandan danışsan deyinərdi.
Dadını çıxar özgürlüyün deyərdim.
Razılaşar, etməzdi.
Bir qız vardı.
Yaşamağı bilməzdi.
Tez-tez "necə yaşayırlar" soruşardı.
Eyni cavabı verərdim:
Olmayançün üzülüncə, olanı yaşa öncə.
Uzaqlara yol gedincə çatır insan.
Ön cığırı keçməyincə yenisinə çıxa bilərsənmi?
Susar, bəlkə eşitməzdi.
Bir qız vardı.
Xəyallarda uçdu, uçdu.
Yerə enib yerimədi.
lll
Nələr gördük!
İnsan qəlbi təpikləyən adamlar,
Uşaq qəlbi təpikləyən adamlar.
Ürəyinin lap başına kürsü təpənlər.
Dünyayla aramıza hasar hörənlər.
Yaxşıları ruhumuzla öpdük,
Ayağımız yerə dəymədən
ayaq döydük ölüməcən.
Eşqsənsə, gəl
Eqsənsə, üzümdəki yuxusuzluqsan,
Gözümdəki qorxusuzluq.
Eşqsənsə, bilərsən, yatmıram.
Gözləyirəm hər saat
Eşqsənsə, gəl çat...
Eşqsənsə,
hər yerimdə döyüntüsən.
Həyatımı ələk-vələk etsən,
yenə təkimsən.
Eşqsənsə, bir ətək yoxluqsan,
Bir qutu məktub,
Hər tütün özləmsən,
Eşqsənsə,
büsbütün gözləmsən
Eşqsənsə, gecə-gündüz bir adam
səni doğur ürəyində.
eşqsənsə, söhbətin bu yerində
hönkürtüsən.
Eşqsənsə, ayağım sənə sürünür,
Eşqsənsə, ürəyim sənə döyünür.
Eşqsənsə, əmin ol, nə etsən, üzürlüsən.
Hər xəyanətdə bağışlanırsan.
Eşqsənsə, yastığıma yağışlanırsan.
Yaşamağa başladım
Darıxmıram, yaxşıyam
Bu təkliyi xoşladım
Sən üzülmə, yaxşımı?
Yaşamağa başladım.
Təzə güllər əkirəm
Gözləyirəm cücərsin
Tutdan şərab çəkirəm
Yolun düşsə, içərsən.
Düzdü, hərdən, gün bitər
Həsrətin yaxalayar,
Qolumdan tutub sıxar
Ruhumu çalxalayar.
Dartınaram yerimdə
Elə güclüdü əli
Olmaz deyərəm yenə
Anlamaz ki o dəli.
Əlbəyaxa dalaşıb
Hərdən də yenilirəm
Həsrətinlə boğuşub
Yuxuya da gedirəm.
Belə yaxşıyam amma,
Təklik xoşuma gəlir.
Bircə məndən soruşma
Gecələrin necədir.
Darıxmıram, yaxşıyam
Bu təkliyi xoşladım
Sən üzülmə, yaxşımı?
Yaşamağa başladım.
Qızıma yazılıb
Həyat necə ağrıdır, bir bilsən...
Kaş bilməyəsən.
Bilməyəsən deyə hər şeyimdən keçərəm.
Təki gözəl üzün, ağıllı ürəyin ağrımasın.
Mən zorla gülməyə də razıyam.
yaşamaq üçün mənə necə lazımsan.
Əllərinin gülüşünə,
qucduğum o balaca bədənə
necə ehtiyacım var.
Mən sənə baxanda dünya unudulur,
bütün dünya susur mən sənə baxanda.
yalanlar, acgözlüklər itir,
mən sənə baxanda dünyam sevinir.
Gözlərimin sevinci, gerçəyi,
arzularımın gələcəyi,
bir gülüşlə hamıya qalib gələnim.
Sevgiylə yoğrulanım, sevgidə bişənim.
Sənə tapınıram qızım,
sən mənim dinim, sən Tanrım.
Tapılmayan O
Təkliyi qucaqlamaqla keçdi ömrüm,
heç bilmədim bu dünyanın harasında
itdi getdi o adam...
İnanırdım səni duyan kimsə var bu dünyada.
Bəlkə ölüm cavanlaşdı
ona görə gəlmədi?
Bəlkə gəlmək istəyirdi,
amma gələ bilmədi...
Arzuları gözləyərək bitirdim.
Hər gün kiminçünsə bəzənib çıxdın evdən.
Yemək bişirdin hərdən.
Gözlədin.
sən bilirdin hardasa "O" adam vardı.
Yalnız O tapılmadı.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.