EN

"50 minə yaxın abituriyent kənarda QALA BİLƏR" - TİHA sədri

Bu il ali təhsil müəssisələrinə qəbul planı ötən illə müqayisədə artırılıb. Belə ki, 63 min yer müəyyən edilib ki, bunun da 33 minini dövlət sifarişli yerlər təşkil edir. Bu, dövlətin təhsilə dəstəyinin artdığını göstərir. Amma buna rəğmən, müraciət edənlərin sayı ilə müqayisədə hələ də kifayət qədər ciddi rəqabət mövcuddur. Çünki qeydiyyatdan keçənlərin sayı 130 mindən çoxdur və bu rəqəm plan yerlərindən iki dəfəyə çatacaq qədər çoxdur. Deməli, nəticə etibarilə ən azı 50 min nəfərin kənarda qalacağı ehtimalı böyükdür".

Bu fikirləri News24.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli  bildirib. 

Onun sözlərinə görə, qruplar üzrə vəziyyətə baxdıqda fərqli mənzərə ortaya çıxır: "Ən çox şansı olan qrup birincilərdir, çünki burada plan yerlərinin sayı 20 mindən çoxdur və düzgün seçim edən abituriyentlərin qəbul olmaq imkanları yüksəkdir. İkinci qrupda da balans nisbətən qorunub, burada 15 minə yaxın yer var və real seçim edən abituriyentlər üçün nəticə ümidvericidir. Lakin ənənəvi olaraq üçüncü qrupda vəziyyət gərgin olaraq qalır. Burada müraciət edənlərin sayı ayrılan yerləri üstələdiyi üçün faktiki olaraq hər iki abituriyentdən biri kənarda qalacaq. Dördüncü qrupda isə daha fərqli bir çətinlik yaşanır: burada əsasən yüksək ballı abituriyentlər arasında rəqabət çox kəskin keçir və hətta yüksək nəticə göstərənlər belə seçimlərində dəqiqlik etməsələr, qəbul şansını itirə bilərlər".

“Ümumilikdə desək, bu il rəqəmlər göstərir ki, qəbul prosesi planlaşdırılmış çərçivədə artsa da, müraciət edənlərin çoxluğu səbəbindən rəqabət daha da sərtləşib”, - deyə ekspert əlavə edib. 

O təxminən 50 minə yaxın abituriyentin qəbul ola bilməməsinin gözlənilən olduğunu xüsusilə vurğulayıb: "Bununla belə, nəzərə almaq lazımdır ki, bu hələlik yalnız qeydiyyatdan keçənlərin ümumi sayına əsaslanan ehtimaldır. Sabah gecə seçim prosesi yekunlaşdıqdan sonra ixtisas seçimi edənlərin dəqiq sayı ortaya çıxacaq və məhz o zaman neçə nəfərin müsabiqədən kənarda qalacağı barədə daha dəqiq proqnoz vermək mümkün olacaq".

Xeyrənsə Piriyeva

Chosen
69
8
news24.az

9Sources