EN

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb

Pakistanın şimal-qərbində yağan güclü yağışlar xilasetmə və humanitar əməliyyatları bir neçə saatlıq dayandırıb. Avqustun 15-dən bəri 300-dən çox adamın daşqınlarda öldüyü şimal-qərb bölgəsində xilasetmə əməliyyatları daha sonra bərpa edilib.

Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin məlumatına görə, “güclü yağış şimal bölgəsində bir çox yerdə insan tələfatına və dağıntılara səbəb olub. Çoxlu insan sel sularında həyatını itirib. Açıqlamada, “Təpəlik ərazilərdə yağan yağışlar torpaq və qaya sürüşmələri ilə birlikdə daşqınlara səbəb olub, evləri, binaları, nəqliyyat vasitələrini və əşyaları aparıb” deyilib.

“Reuters TV”-yə danışan 24 yaşlı universitet tələbəsi Sahil Xan daşqınları “fəlakət səhnəsi kimi” təsvir edib. “Hamı qorxur. Uşaqlar qorxur. Yata bilmirlər” deyib.

Daşqınlardan ən çox zərər çəkən Buner rayonu olub, 200-dən çox adam həlak olub.

Hayber Paxtunxva Əyalətinin Fəlakətlərin İdarə Edilməsi İdarəsi (PDMA) elan edib ki, əyalət hökumətinin göstərişi ilə zərər çəkmiş rayonlara 800 milyon Pakistan rupisi (təxminən 2,82 milyon dollar) yardım fondu ayrılıb. “Dawn” qəzetinin məlumatına görə, ayrıca olaraq Buner rayonu üçün 500 milyon rupi (təxminən 1,76 milyon dollar) yardım fondu ayrılıb.

Buner də daxil olmaqla, daşqından zərər çəkmiş bölgələrə yağan güclü yağışlar xilasetmə qruplarını bu gün bir neçə saatlıq yardım işlərini dayandırmağa məcbur edib. Regional hökumət rəsmisi Abid Vəzir “Reuters” agentliyinə deyib: “İndi bizim prioritetimiz yolları təmizləmək, körpülər tikmək və zərərçəkmiş insanlara yardım çatdırmaqdır”.

“Reuters” şahidlərinin bildirdiyinə görə, Bunerin Bayşonai Kalay kəndinin sakinləri əvvəllər daşmış və geniş dağıntılara səbəb olan su kanalının yağışla yenidən qabarmasından sonra təşvişə düşüb və yüksək yerə qaçıblar.

Yerli hökumətin, Fəlakətlərin İdarə Olunması Rəyasət Heyətinin və hərbçilərin xilasetmə qrupları yolları və küçələri palçıqdan, aşan ağaclardan və elektrik dirəklərindən təmizləmək üçün ekskavatorlardan istifadə edib.

Bu gün qeydə alınan video açıqlamada informasiya naziri Attaullah Tarar zərər çəkmiş bölgələrə yardım ləvazimatlarının göndərildiyini bildirib. Tarar “Dawn” qəzetinə deyib ki, daşqından zərər çəkmiş ərazilərdə sakinlərin xilas edilməsi, yardımların göstərilməsi və bərpa işlərinin aparılması “milli borcdur”.

Rəsmilər bildiriblər ki, yardıma ərzaq, dərman, ədyal, çadır, elektrik generatoru və su nasosları daxildir.

Rəsmilərin bildirdiyinə görə, paytaxt İslamabaddan avtomobillə üç saat yarımlıq məsafədə yerləşən Buner şəhəri nadir leysan yağışına məruz qalıb və bir saat ərzində kiçik bir əraziyə 100 mm-dən (dörd düym) çox yağış yağıb.

Bunerdə avqustun 15-də səhər bir saat ərzində 150 mm-dən çox yağış qeydə aldı. Rəsmilər bildiriblər ki, sentyabrın əvvəlinə qədər Pakistanda daha güclü yağış gözlənilir.

Fəlakətlərin İdarə Olunması Rəyasət Heyətinin avqustun 17-də verdiyi açıqlamada “Mövcud hava sistemi Pakistan bölgəsi üzərində aktivdir və bu da yaxın 24 saat ərzində güclü və çox güclü yağışlara səbəb ola bilər” deyilib.

Cari ilin musson mövsümündə yağan güclü yağışlar və daşqınlar iyunun sonundan bəri Pakistanda 657 nəfərin həyatına son qoyub.

Chosen
8
veteninfo.az

1Sources