EN

Nazirlik: Elektron xidmətlərə yanvar-iyul aylarında 15 milyona yaxın müraciət edilib

Bakı, 19 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar-iyul aylarında 14 milyon 600 min müraciət edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 9 milyon 300 min dəfə istifadə olunub, 156 min 300 təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə icra edilən geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin 159 xidmətindən 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 60 proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, cari ilin 7 ayı ərzində nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 299 milyon olub.

Chosen
42
7
azertag.az

8Sources