EN

Tərtərdəki əməliyyatda həbs edilən məmur azadlığa buraxıldı

Tərtər Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinin rüşvət ittihamı ilə həbs edilən sabiq müdiri, baş memar Tofiq Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Editor.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Məhkəmə təqsirləndirilən şəxsə külli miqdarda rüşvətalma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamlarını əsaslı hesab etməyib.

T.Kərimov dələduzluqda təqsirli bilinib. Ona bu cinayətlə 2 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin onun 2023-cü ildən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəzası çəkilmiş hesab edilib və məhkəmə zalında azadlığa buraxılıb.

Qeyd edək ki, Tofiq Kərimov 2023-cü ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı həbs olunub. İstintaqla onun rayon ərazisində tikinti işlərinə icazə verilməsi müqabilində 33 min manat tələb etməsinə və bu məbləğin 25 min manatını almasına dair əsaslı şübhələr müəyyən edilib. Prokurorluq onun rüşvət alarkən saxlanıldığını bildirib.

T.Kərimov məhkəmədə özünü təqsirli bilməyib. O, tikintiyə icazə vermək səlahiyyətinin olmadığını, yalnız müraciətlərin çoxluğu səbəbindən dolayı köməklik göstərməyə razılıq verdiyini deyib və əməlindən peşman olduğunu bildirib.

Chosen
12
24
editor.az

10Sources