Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi mərhələsi yekunlaşmaq üzrədir. Seçim hüququ əldə edən namizədlər gün ərzində ərizələrini sistem üzərindən təsdiqləyə bilərlər.
Qeyd edək ki, ixtisas seçimi bugün saat 23:59-da başa çatacaq. Artıq 81 mindən çox abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.
Ali təhsil müəssisələrinə qəbul üçün ümumilikdə 60 mindən plan yeri ayrılıb. Onlardan 28 mindən dövlət sifarişi əsasında təhsil almaq istəyənlər üçün nəzərdə tutulub.
İxtisas qrupları üzrə plan yerləri:
I qrup – 20 min 385 plan yeri, bunun 15 min 199-u dövlət sifarişi əsasında.
II qrup – 14 min 935 plan yeri, 4145-i dövlət sifarişi əsasında.
III qrup – 15 min 583 plan yeri, 4163-ü dövlət sifarişi əsasında.
IV qrup – 4732 plan yeri, bunun 3578-i dövlət sifarişi əsasında.
V qrup – 4704 plan yeri, 1602-si dövlət sifarişi əsasında.
Ucnoqta.az xəbər verir ki, Modern.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli qeyd edib ki, bu il ixtisas seçimi prosesi əvvəlki illərlə müqayisədə daha gərgin şəraitdə keçir:
“Ötən illə müqayisədə plan yerləri artırılsa da, qeydiyyatdan keçənlərin sayı 80 mindən çoxdur. Bu isə o deməkdir ki, ilkin ehtimallara görə 20 minə yaxın abituriyent qəbul ola bilməyəcək. Lakin qeyd etmək lazımdır ki, bu rəqəm hələlik yalnız ərizələrini təsdiq edənlərin ümumi sayına əsaslanır. Bu gecə seçim prosesi başa çatdıqdan sonra ixtisas seçimi edənlərin dəqiq sayı məlum olacaq və yalnız ondan sonra real mənzərəni görmək mümkün olacaq”.
Təhsil eksperti bildirib ki, qruplar üzrə vəziyyətə gəldikdə, birinci qrup ən çox plan yeri ayrılan qrupdur – 20 mindən çox yer nəzərdə tutulub.
“Bu səbəbdən düzgün seçim edən abituriyentlərin qəbul şansı yüksəkdir. İkinci qrupda da balans nisbətən qorunub, təxminən 15 min yer mövcuddur. Üçüncü qrupda isə hər zaman olduğu kimi vəziyyət gərgindir – müraciət edənlərin sayı plan yerlərini xeyli üstələyir və faktiki olaraq hər iki abituriyentdən biri kənarda qalacaq. Dördüncü qrup isə fərqli mənzərə yaradır: əsasən yüksək bal toplayan abituriyentlər arasında rəqabət daha kəskin keçir və bu səbəbdən hətta yüksək nəticə göstərənlər belə seçimlərində dəqiqlik etməsələr, qəbul şansını itirə bilərlər”.
Ə.Həsənli əlavə edib ki, ballar üzrə proqnoza gəlincə, üçüncü qrupda vəziyyətin gərgin olması səbəbindən bir sıra ixtisaslarda, xüsusilə pedaqoji istiqamətlərdə və hüquqşünaslıq ixtisasında keçid ballarının yüksəlməsi gözlənilir:
“Dördüncü qrupda da oxşar vəziyyət müşahidə olunacaq, xüsusilə tibb ixtisaslarında balların artacağı ehtimal edilir. Birinci və ikinci qruplarda isə ümumən sabitlik qorunacaq və keçid ballarında ciddi dəyişiklik gözlənilmir”.
Ekspert, həmçinin vurğulayıb ki, bu il qəbul prosesi həm rəqabətin kəskinliyi, həm də ixtisasların seçilməsində yaranacaq fərqliliklərlə yadda qalacaq:
“Tələbə adını qazanmaq üçün yalnız yüksək bal toplamaq kifayət deyil, ixtisas seçiminin düzgün edilməsi də həlledici rol oynayır. Yaxın iki gün ərzində nəticələrin açıqlanması ilə bu mənzərə tam aydınlaşacaq”.