EN

Tarif Şurası qazın sabit qiyməti ilə bağlı QƏRAR VERƏCƏK

Prezident İlham Əliyev Milli Məclisin iyulun 8-də qəbul etdiyi “Qaz təchizatı haqqında” qanunu təsdiqləyib. Yeni qanuna əsasən, Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin (tarifin) müəyyən edilməsi nəzərdə tutulur.

Həmin qiymətlərə (tariflər) qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri və sabit tarif daxildir.

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev qanunun tətbiqi ilə əlaqədar Fərman da imzalayıb.

Fərmana əsasən, Tarif Şurasına bir sıra səlahiyyətlər verilib. Belə ki, sabit tarifin nə qədər olacağı barədə qərarı Tarif (qiymət) Şurası verəcək. 

Qeyd edək ki, sabit tarif dedikdə sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq qurum tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi nəzərdə tutulur. Xatırladaq ki, rəsmi qurumlar sabit tarifin 1 manatdan artıq olmayacağını bildirib.

Tarif Şurası, həmçinin qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri barədə də qərar vermə səlahiyyətinə malik olub. Qurumun bu səlahiyyəti 2028-ci il iyulun 1-dək qüvvədə olacaq. Həmin tarixdən sonra isə bu səlahiyyətlər Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyinə veriləcək.

Qeyd olunan məsələlər 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Chosen
20
4
modern.az

10Sources