EN

Bujival razılaşması rədd edilsə də, Fransa müstəmləkəçilik siyasətini davam etdirir -BƏYANAT

İyulun 12-də Kanakinin (Yeni Kaledoniya) müstəqillik hərəkatlarının nümayəndələri ilə Fransa hökuməti arasında imzalanmış Bujival razılaşması Yeni Kaledoniyanı müstəmləkə əsarətində saxlamaq xarakteri daşıyır və kanak xalqının müstəqillik mübarizəsinin prinsiplərinə ziddir. Bu fikir bu günlərdə keçirilən, ölkənin əsas müstəqillik hərəkatlarını özündə birləşdirən Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) 45-ci qurultayında səslənib və həmin razılaşma qətiyyətlə rədd edilib. Qurultay iştirakçıları tərəfindən vurğulanıb ki, 1998-ci ildə imzalanmış Numea Sazişi Yeni Kaledoniyanın dekolonizasiyasının əsas hüquqi dayağı kimi təsdiqlənib və Bujival razılaşması Numea sazişinin müddəalarına tamamilə ziddir.

Operativ Media xəbər verir ki, Bakı Təşəbbüs Qrupu (BTQ) bu barədə bəyanat verərək kanak xalqının seçiminə hörmət edəcəyini və dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, FLNKS “Kanaky Sazişi” çərçivəsində ölkənin müstəqilliyini elan etməyi nəzərdə tutur. “Kanaky Sazişi” yol xəritəsi rolunu oynayan və 2025–2030-cu illər arasında Yeni Kaledoniyanın tam suverenliyə hazırlanması üzrə keçid dövrünü ehtiva edən hüquqi bir sənəd olacaq. Bu saziş, həmçinin Fransa ilə müvəqqəti münasibətlərin necə qurulacağını müəyyənləşdirməyi hədəfləyir.

FLNKS-in rəsmi sosial şəbəkə səhifəsində yayılan açıqlamada Bujival razılaşmasının dinc yolla rədd edildiyi və hərəkatın rəmzlərinin qürurla hər yerdə nümayiş etdirilməsinin vacibliyi xüsusi vurğulanıb. Əlavə olaraq, kanaki xalqının birliyinin və qətiyyətinin dəyişməz olaraq qalacağı, onların ortaq gələcəyinin müdafiəsi uğrunda mübarizəni davam etdirəcəkləri bildirilib.

Fransanın dənizaşırı ərazilər üzrə naziri Manuel Valls avqustun 19-23-də Kanakiyə səfər edəcəyini bildirib və Bujival sazişinin redaktə edilməsi üzrə müzakirələrə başlayacağını bəyan edib. Valls qeyd edib ki, bu saziş həyata keçirilməsə, Yeni Kaledoniya siyasi, iqtisadi və sosial böhran təhlükəsi ilə üzləşəcək. Vallsın Bujival sazişinə dair “alternativ mövcud deyil” bəyanatı isə Yeni Kaledoniyada açıq şəkildə şantaj və təzyiq siyasəti kimi qiymətləndirilib.

Avqustun 21-də Bujival razılaşmasının redaksiya komitəsinin iclası keçiriləcək. İclasda Manuel Vallsın razılaşmanı şərh edəcəyi və əlavə dəyişikliklər təqdim edəcəyi gözlənilir. Bu cəhd kanaki xalqının açıq mövqeyinə baxmayaraq, Fransa tərəfindən sənədin zorla qəbul etdirilməsi siyasətinin davamı kimi qiymətləndirilir. Fransanın atdığı bu son addımlar beynəlxalq hüququn prinsiplərinə tam zidd olub, qəbuledilməz müstəmləkəçilik siyasətinin davamı kimi qiymətləndirilməlidir. Beynəlxalq hüququn fundamental prinsipləri və BMT-nin qətnamələri açıq şəkildə tələb edir ki, kanaki xalqının gələcəyi heç bir güzəşt və ya saxta razılaşma ilə deyil, yalnız tam müstəqilliklə təmin olunsun.

Chosen
22
11
operativmedia.az

9Sources